Nyu-Yorkda iqlim hədəfləri sammiti keçiriləcək

A- A A+

Sentyabrın 20-də dünya liderləri, böyük biznes nümayəndələri və ekspertlər BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında iqlim hədəfləri sammitinə toplaşacaqlar.

Planetimizdə sağlam iqlim uğrunda mübarizədə bəşəriyyət demək olar ki, hər cəhətdən yolunu itirib və yanlış istiqamətdə irəliləyir. NUHÇIXAN BMT-nin Xəbərlərinə istinadla xəbər verir ki, ekstremal hava hadisələri milyonlarla insanı didərgin salır, atmosfer isinir, Kanadadan Egey dənizindəki adalara qədər baş verən nəzarətsiz meşə yanğınları ölüm və dağıntılara səbəb olmaqda davam edir.

Kömür, neft və qaz hələ də qlobal istixana qazı emissiyalarının 75 faizinə qədərini təşkil edir ki, bu da davamlı olaraq iqlim böhranına təkan verir. Artıq iqlim böhranının vurduğu ziyan geniş olsa da və qlobal istixana qazı emissiyaları rekord səviyyədə qalsa da, hələ də bütün bunların qarşısını almaq mümkündür.

BMT-nin mesajında deyilir: “İqlim dəyişikliyi mövzusuna həsr olunmuş bir çox beynəlxalq görüşlər olub, lakin bu sammit unikaldır, çünki o, böyük siyasi mərhələni təmsil edir: BMT-yə üzv olan 193 dövlətin hər biri hamıya daha yaşıl və təmiz iqlim şəraiti yaratmaq, dünyanı daha ədalətli etmək üçün qüvvələri birləşdirməyə və kollektiv qlobal iradə nümayiş etdirməyə hazırdır”.

Sammitdə emissiyaların ən böyük həcmlərinə görə məsuliyyət daşıyan ölkələrin liderlərinin öz hesabatlarını təqdim edəcəyi gözlənilir. Onlar iqlim dəyişikliyi üzrə Paris sazişi də daxil olmaqla, mühüm sənədlər üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı işlərin gedişi barədə məlumat verəcəklər. Bundan əlavə, emissiyaların azaldılması və dayanıqlığın artırılması üzrə fəaliyyət planlarının hazırlanmasında və həyata keçirilməsində inkişaf etməkdə olan ölkələrə dəstək verən Yaşıl İqlim Fonduna milli məqsədli töhfələr üçün xüsusi fəaliyyət planlarının elan ediləcəyi nəzərdə tutulur.

G20 hökumətləri öz üzərinə 2025-ci ilə qədər bütün qazlar üzrə emissiyaların mütləq azaldılması üçün daha iddialı milli töhfə hədəfləri üzrə öhdəlik də götürəcək.

Sammitdə enerji, gəmiçilik, aviasiya, polad və sement daxil olmaqla, yüksək emissiyalı sektorların karbonsuzlaşdırılması prosesinin sürətləndirilməsi ilə bağlı çətinliklər və imkanlar araşdırılacaq.

Xatırladaq ki, Paris sazişini imzalayan ölkələr orta qlobal temperatur artımını sənayedən əvvəlki səviyyədən 2 dərəcə Selsindən xeyli aşağı səviyyədə məhdudlaşdırmağı və artımı 1,5 dərəcə Selsiyədək azaltmağı hədəfləyir. BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinə (IPCC) görə, bu hədəflər arasındakı fərq olduqca böyükdür. Əgər bəşəriyyət 1,5 deyil, cəmi 2 dərəcə Selsi hədəfinə nail ola bilsə, onda, mərcan riflərinin 70 yox, 99 faizi öləcək, həyati əhəmiyyətli tozlandırıcı həşəratların yaşayış yerlərinin yarısını itirmə ehtimalı ikiqat artacaq, Şimal Buzlu okeanında buzların əridiyi yay mövsümləri hər əsrdə deyil, on ildə bir dəfə baş verəcək, dəniz səviyyəsi bir metr yüksələcək, XXI əsrin sonuna qədər sahilyanı ərazilərdə 6 milyon deyil, 16 milyon insan dəniz səviyyəsinin qalxmasından təsirlənəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: