Musiqi insan beynində çox güclü psixoemosional təsirə malikdir. Onun təsirindən əhvalımız dəyişə bilir. Pozitiv musiqilər bizi xoş hisslərə, qəmgin musiqilər isə neqativ hisslərə bürüyə bilir.
NUHÇIXAN tibbi saytlara istinadən bildirir ki, beyində psixikaya təsir edən xüsusi maddələr var: dopamin, serotonin, endorfinlər və s. Onlar emosional sistemi idarə edən biokimyəvi maddələrdir. Musiqi həmin maddələrin dəyişməsinə gətirib çıxara bilir. Hətta o dərəcədə emosional təsirə malikdir ki, hansısa filmə baxanda real hərəkət fonda musiqisi olmasa heç də o qədər güclü təsir etmir. Fonda musiqinin müşayiət etməsi isə hadisənin təsir gücünü artırır.
Bütün gününü musiqi dinləyərək keçirənlər çoxdur. Elələri də var ki, musiqisiz yuxuya gedə bilmir.
Zövq oxşayan musiqilər dinləmək insanı daim pozitiv saxlayır. Ona görə də hər hansı bir iş görərkən nəsə dinləmək faydalıdır. Ev işləri ilə məşğul olarkən və yaxud başqa vaxt zövq verən, əhvali-ruhiyyəyə yaxşı təsir edən musiqinin fonda səslənməsi əsəbiliyin, aqressiyanın qarşısını alır, rəftara müsbət təsir edir. Coşqu yaradan, xoş olmayan musiqilər aqressiyanı daha da artırır.
Mütəxəssislərin dediyinə görə, musiqi zövqünü uşaqlıqdan formalaşdırmaq lazımdır, çünki bu məqam həyata təsirsiz ötüşmür.