Muxtar respublikamızda hər ilin yaz və payız aylarında təmizlik, abadlıq və yaşıllaşdırma aylıqları çərçivəsində iməciliklər keçirmək ənənə şəklini alıb. Bu iməciliklər yolu ilə son 20 ildə muxtar respublikamızın, eləcə də Kəngərli rayonunun yaşıl örtüyü xeyli zənginləşdirilmiş, yeni meyvə bağları, meşə zolaqları, gülkarlıqlar salınıb.
Növbəti aylığa həvəslə və kütləvi şəkildə qoşulan rayon sakinləri yaşıllıq sahələrinin artırılması, ekologiyanın daha da zənginləşdirilməsi üçün iməciliklərdə fəal iştirak edirlər.
Bu ilin payızında havalar ağac əkini üçün əlverişli keçib. Bundan istifadə edən iməcilik iştirakçıları indiyədək Naxçıvan-Sədərək avtomobil yolunun Xok və Yeni Kərki kəndləri ərazisində 6 hektar sahədə yeni tut bağı salıb, həmin ərazilərə 3 min ədəd tut tingi basdırıblar. Bundan başqa həmin ərazidəki 11 hektarlıq badam bağında bərpa işləri aparılıb, 3 min 100 ədəd badam tingi əkilib. Eyni zamanda, bu ilin yazında əkilən bağlarda, yaşıllıq zolaqlarında, yol kənarlarında qurumuş tinglər çıxarılıb və yeni tinglər əkilib. Bərpa işləri zamanı 3 min 750 ədəd meyvə və meşə tingi əkilib.
“Yeni həyat” qəzeti