İnsanlar ta qədimdən torpağa ruzi-bərəkət yeri kimi baxıb, ona baş əyib, alın təri axıdıb. Bunun da müqabilində gün-güzəranını yaxşılaşdırıb, xüsusən də taxılın, çörəyin bolluğunu yaradıb. Bu gün isə bol məhsul götürmək üçün imkanlar daha da genişlənib. Dövlət kənd təsərrüfatına, aqrar bölməyə hərtərəfli qayğı göstərir. Yeni-yeni texnikalar alınıb gətirilir, kreditlər ayrılır, məhsuldar toxum növlərindən istifadə səmərə verir. Odur ki, mövcud torpaqlardan lazımınca istifadə olunur. Uğurla həyata keçirilən iqtisadi siyasət məhsul bolluğuna gətirib çıxarır. Necə deyərlər, əkinçi zəhməti bəhrə verir, torpaq ona baş əyənə səxavətini əsirgəmir, bərəkətini birə min edir.
Biz adətən sahibkar deyəndə iri istehsal müəssisəsinin rəhbərini və yaxud imkanlı bir şəxsi nəzərdə tuturuq. Fikirləşirik ki, həmin sahibkarların xeyli vəsaiti, obyektləri, işçi qüvvəsi olur. Amma bu gün sadə vətəndaş belə, sahibkara çevrilə bilər. Xüsusən də kənddə yaşayıb müxtəlif təsərrüfat sahələrində çalışan,istehsalla məşğul olan hər bir kənd adamı dövlətdən güzəştli şərtlərlə kredit götürüb özünün ailə təsərrüfatını genişləndirmək imkanına malikdir. Bu mənada kəndlərimizdə artıq ailə təsərrüfatlarını qurub hər il 15-20 min manat və hətta bundan çox gəlir götürənlər var. Təbii ki, onların hər birini də sahibkar adlandırmaq olar. İşgüzar adamlar torpağa, zəhmətə bağlanır, bir çoxları heyvandarlıq, arıçılıq, quşçuluq və digər sahələrlə məşğul olur, məhsul bolluğu yaradır, həm də dolanışıqlarını təmin edib, gün-güzəranlarını yaxşılaşdırırlar. Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir. Bu da kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır. Elə bu ilin noyabr ayında “Naxçıvanqala” Tarix Memarlıq Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı da bunu aydın göstərdi. Festivala muxtar respublikanın bütün rayonlarından olan 319 ailə təsərrüfatı tərəfindən 418 növdə 23 mindən çox qablaşdırılmış məhsul çıxarılmışdı.
Festivalda Babək rayonundan olan ailə təsərrüfatı sahibləri də uğurla iştirak etdilər. Ümumiyyətlə, bu gün Babək rayonunun hər bir yaşayış məntəqəsində aqrar bölmədə çalışan sahibkarlıq subyektləri, kiçik müəssisələr, fermer kollektivləri, eləcə də ailə təsərrüfatları fəaliyyət göstərir, muxtar respublika iqtisadiyyatına öz töhfələrini verirlər. Belə yaşayış məntəqələri sırasında Qahab və Naxışnərgiz kəndləri də vardır.
Bir-birinin qonşuluğunda yerləşən Qahab və Naxışnərgiz kəndləri Babək rayonunun qədim tarixə malik olan yaşayış məntəqələrindəndir. Dağların aşağı ətəklərində, Qahab gölünün yaxınlığında geniş bir ərazidə qərar tutan bu kəndlər özünün müasir görkəmi, abadlığı, yeniliyi ilə seçilirlər. Qahab kəndi rayon mərkəzindən 15 kilometr şimal-şərqdə düzənlikdədir. Əhalisi 3776 nəfər olan bu kənddə taxılçılıq, heyvandarlıq, meyvəçilik, tərəvəzçilik və digər sahələr inkişaf etdirilir. Son illər Qahab kəndində yeni meyvə bağlarının salınmasına da maraq göstərənlər artıb. Bu isə təsadüfi deyil. Bu yerin torpaq-iqlim şəraiti meyvəçilik və üzümçülük üçün çox sərfəlidir. Təkcə bir faktı qeyd edək ki, son illər ərzində 10 hektardan artıq sahədə yeni meyvə bağı salınıb.
Kənd sakinləri ayrı-ayrı ailə təsərrüfatlarında birləşərək əkinçilik və meyvəçiliklə məşğul olurlar.
Qahab kəndində aparıcı sahələrdən birini də heyvandarlıq təşkil edir. Bu gün fərdi təsərrüfatlarda 876 baş qaramal, 6794 baş davar, 5270 baş quş bəslənilir. Kənddə heyvandarlıq sahəsində də yaradılan ailə təsərrüfatlarının sayı artır.
Qahab kəndinin qonşuluğunda yerləşən Naxışnərgiz kəndinin insanları da torpağa, zəhmətə bağlıdırlar. 639 nəfər əhalisi olan Naxışnərgiz kəndinin sakinləri mövcud torpaqlardan səmərəli şəkildə istifadə edir. Onlar ailə-fermer təsərrüfatlarında birləşərək öz fəaliyyətlərini daha da genişləndirir, əkinçiliyin ayrı-ayrı sahələrini, xüsusən də heyvandarlığı və arıçılığı geniş şəkildə inkişaf etdirirlər. Məhz elə bunun nəticəsidir ki, kənddə 3 min başa yaxın mal-heyvan və 320 arı ailəsi bəslənilir.
Qeyd edək ki, Babək rayonunun digər kəndlərində də ailə təsərrüfatlarının səmərəli fəaliyyəti yerli məhsul bolluğuna gətirib çıxarır, iqtisadiyyat daha da gücləndirilir, yeni emal müəssisələri yaradılır, məşğulluq səviyyəsi yüksəldilir. Ailə birliyi, kollektiv fəaliyyət xoş güzəran, firəvan həyat bəxş edir.
Məhəmməd FƏRƏCOV,
Naxçıvan Dövlət Radiosunun baş redaktoru
“Şərqin səhəri” qəzeti