Xalqımıza başucalığı gətirən oğul... - FOTOLAR

A- A A+

Xalqımız Vətənin azadlığı, müqəddəs torpağın şərəfi yolunda canını qurban verən şəhidlərini həmişə qəlbində yaşadır. Onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Çünki onlar bizim təkcə nisgilimiz, kədərimiz, ürək ağrımız deyil, həm də qürurumuz, vüqarımız, fəxrimizdirlər. Bir eldən çıxıb bütün xalqın qəhrəmanı olmaq böyük xoşbəxtlikdir. Və bu xoşbəxtlik ancaq qeyrətli, cəsarətli oğullara qismət olur. Belə oğullarımızdan biri də Şəhid Kənan Quliyevdir.

Culfa Rayon mədəniyyət və təhsil şöbələri, Culfa Şəhər Körpələr evi - uşaq bağçasının birgə təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında şəhid Quliyev Kənan Vaqif oğlunun anadan olmasının 31-ci ildönümü qeyd edilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, Sosial Xidmətlər Agentliyinin Culfa Rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər və Culfa şəhər sakinləri iştirak ediblər.

Tədbirdə iştirak edənlər şəhid haqqında çıxışlar ediblər.

Tədbirin bədii hissəsində şəhidimizin həyatına həsr olunan videoçarxa və Culfa Şəhər Körpələr evi - uşaq bağçası, Culfa şəhər 3 nömrəli tam orta məktəbi və Culfa Rayon Mədəniyyət Sarayının işçilərinin birgə təşkil etdiyi səhnəciyə baxış olub.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqətə görə dövlətimizə minnətdarlıq ediblər.

Döyüş bölgəsi... Bu iki kəlmə özündə müharibə alovunu, od saçan mərmilərin nişangah olduğu yerləri ehtiva edir. İnsana şəhid qanı ilə suvarılan bu torpağa tuşlanan hər bir mərminin bir ürəkdən keçəcəyini, bir nəfəsi susduracağını xatırladır. Qəlbi vətən eşqi ilə döyünən Kənan da bunları yaxşı bilirdi. Amma el-oba sevgisi, döyüşçü ruhu onu döyüş bölgəsinə aparmışdı.

Quliyev Kənan Vaqif oğlu 1992-ci il 11 sentyabrda Culfa şəhərində anadan olub. 1998-ci ildə Culfa şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub. 2009-cu ildə orta məktəbi bitirən Kənan müddətli həqiqi hərbi xidmətə gedərək, xüsusi seçilən əsgər kimi xidmətini başa vuraraq geri qayıdır.  Bir müddət Culfa -Naxçıvan marşrutu üzrə sürücülük etməyə başlasa da, sonralar yenidən hərbçi olmaq üçün müraciət edir. Vətənin igid oğlu 2019-cu ildə hərbçi olaraq işə başlayır.

İkinci Qarabağ döyüşlərində könüllü olaraq ön cəbhəyə yollanan Kənan öz qanı ilə adını Azərbaycanın şanlı tarixinə yazmaqla, Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Kənan Quliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Kənan qısa ömür yaşasa da, milyonlarla insanın qəlbində özünə əbədi məskən saldı. Qeyrət, şücaət, qəhrəmanlıq simvoluna çevrilən Kənan xalqımıza başucalığı gətirən oğul oldu. İndi təkcə ata-anası, bacısı, yaxın qohumları deyil, bütün Azərbaycan onunla fəxr edir. Qısa ömrü ilə gələcək nəsillərə nümunə olacaq həyat yaşayan Kənan bu gün aramızda olmaya bilər. Amma onun ruhu, xatirəsi daima bizlərlə olacaq!

 

Səriyyə Salahova

Culfa Rayon Mədəniyyət Sarayının direktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: