Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərə davamlı dövlət qayğısı göstərilir - FOTOLAR
Birləşmiş Millətlər Təşkilatının 14 oktyabr 1992-ci il tarixli qərarı ilə 3 dekabr hər il Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.
Ölkəmizdə məhdud fiziki imkanlı şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əsası qoyulan bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahənin qanunvericilik bazası daha da təkmilləşdirilir. Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, eyni zamanda onların maddi təminatlarını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır. Naxçıvan Muxtar Respublikasında məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzinin, Uşaq Bərpa Mərkəzinin və Məhdud Fiziki İmkanlı Şəxslər üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyət göstərməsi bu kateqoriyadan olan şəxslərin müalicə və reabilitasiyasının təşkilində mühüm əhəmiyyətə malikdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil mərkəzinin yaradılması isə hərəkət qabiliyyəti məhdud olan şəxslərin təhsilə cəlbinə imkan verir.
Muxtar respublikada müvafiq kateqoriyadan olan 460 sağlamlıq imkanları məhdud şəxs minik avtomobili, 173 ailə isə yaşayış evləri ilə təmin edilib. Sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə hər ay muxtar respublikada 5473 əlilə sosial müavinət, 223 şəhid ailəsinə, 1673 müharibə əlilinə və birinci qrup ümumi səbəbdən əlillərə təqaüdlər ödənilir. Hazırda sağlamlıq imkanları məhdud 37 şəxsə evlərində sosial-məişət xidməti göstərilir, onların sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Bununla yanaşı, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası məqsədilə cari ilin 10 ayı ərzində Naxçıvan Əlillərin Bərpa Mərkəzində 270, Uşaq Bərpa Mərkəzində 316 sağlamlıq imkanları məhdud şəxsə tibbi xidmət göstərilmişdir. Həmçinin sağlamlıq imkanları məhdud 429 şəxsə sanatoriya və pansionatlara göndəriş verilmiş, 268 nəfər texniki reabilitasiya və digər köməkçi vasitələr ilə təmin edilmiş, 198 nəfərə isə protez-ortopedik xidmət göstərilmişdir. Məhdud fiziki imkanlı şəxslərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin güclənməsinə əsaslı zəmin yaradır. Bu ilin ötən dövründə əmək bazarının tələblərinə uyğun təşkil olunan müvafiq peşə kurslarına sağlamlıq imkanları məhdud 23 nəfər cəlb edilmiş, bu kateqoriyadan olan 63 şəxs münasib işlə təmin olunmuşdur. Sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə 40 nəfər sosial xarakterli haqqıödənilən ictimai işlərə cəlb olunmuş, 30 nəfərə isə fərdi ailə təsərrüfatlarını formalaşdırmaq üçün köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası isə bu kateqoriyadan olan uşaqların təhsil almalarına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradır. Hazırda bu qəbildən olan uşaqlardan 55-i məktəbəqədər təhsil müəssisələrinə, 919-u ümumtəhsil məktəblərinə, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən 22 uşaq isə distant tədrisə cəlb olunmuşdur. Tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud 278 şagird məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin edilmişdir. Yay tətili günlərində sağlamlıq imkanları məhdud məktəbli uşaqlar üçün ekskursiyalar təşkil olunmuş, təhsildə fərqlənən məktəbli uşaqlar Ağbulaq İstirahət Mərkəzinə göndərilmiş, Naxçıvan Dövlət Kukla Teatrında tamaşalar nümayiş etdirilmiş, onlar arasında yaradıcılıq müsabiqələri keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən nitq məhdudiyyəti olan, zehni inkişafın ləngiməsi, autizm və daun sindromlu uşaqlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmək məqsədilə Şərur və Ordubad rayonlarında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin filialları fəaliyyətini davam etdirir. Məhdud fiziki imkanlıların istedadlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin inkişafı məqsədilə tədbirlər təşkil olunur. Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu mütəmadi olaraq bayram tədbirlərində hərbçilər qarşısında konsert proqramları ilə çıxış edir. Əlamətdar günlərdə məhdud fiziki imkanlı şəxslərin iştirakı ilə tədbirlərin həyata keçirilməsi ənənə halını alıb. Həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə və eşitmə qabiliyyəti məhdud şəxslər üçün audio və elektron kitabxana istifadəyə verilmişdir. Bu il muхtаr rеspublikа üzrə sağlamlıq imkanları məhdud 1000 şəxslə görüşlər keçirilmiş, onlara sovqatlar təqdim olunmuşdur. Bununla yanaşı, məhdud fiziki imkanlı 19 şəxs tərəfindən toxunmuş 2500 cüt yun corab və 200 yun şərf hərbi hissələrə təhvil verilmişdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində və bölmələrində bu kateqoriyadan olan 375 nəfərlə reabilitasiya tədbirləri aparılıb. Müvafiq dövr ərzində mərkəzin Defektoloji bölməsinin təlim məşğələlərinə 121, kinect oyunlar otağına 39, məhdud fiziki imkanlıların kompüter kurslarına 44, əmək terapiyası otağına 52, musiqi terapiyası otağına 14, psixoloji dəstək xidmətinə 76, təlim-bərpa otağına 16, rəsm kursuna isə 13 sağlamlıq imkanları məhdud uşaq cəlb edilib. Mərkəzin kinozalında onlara müxtəlif mövzulu filmlər nümayiş etdirilib. Görmə məhdudiyyətli şəxslər üçün “Könül işığı”, eləcə də uşaqlar üçün “Şəfəq” brayl jurnalının nəşri davam etdirilib. Bu kateqoriyadan olan şəxslərin istifadəsi üçün yaradılmış audiokitabxana xidmətinə 59 audioəsər əlavə edilib. Mərkəzdə cari ildə, həmçinin musiqi terapiyası otağı da istifadəyə verilib. Ali Məclis Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınıb, mərkəzdə “Şorsu” palçığı və “Darıdağ” arsenli suyunun tətbiqi üçün yeni müalicə otaqları yaradılıb, ərazidə əyləncəli oyun sahəsi istifadəyə verilib. Məhdud fiziki imkanlı şəxslərin idman qruplarına cəlbi və onların cəmiyyətə inteqrasiyası məqsədilə də tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının yaradılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Cari ilin ötən dövründə muxtar respublikanın rayonlarında federasiyanın idman bölmələri yaradılmış, məşqçi-müəllimlər müəyyənləşdirilmişdir. Hazırda Paralimpiya Federasiyasının 14 bölməsi fəaliyyət göstərir və bu bölmələrə, ümumilikdə, 361 nəfər cəlb olunub. Muxtar respublikada sosial-iqtisadi sahədə dinamik inkişafın təmin olunması bundan sonra da məhdud fiziki imkanlı şəxslərin rifahının daha da yaxşılaşmasına imkan verəcəkdir.