Dedim, Azər elinin bir yaralı nisgiliyəm mən.
Nisgil olsam da, gülüm, bir əbədi sevgiliyəm mən.
Azərbaycan dilində şeirin ən nadir incilərini yaradan ustadlarla adı birgə çəkilən və ədəbi düşüncənin zirvəsində dayanan əbədiyaşar ululardan biri də Məhəmmədhüseyn Şəhriyardır. Şəhriyar təkcə Azərbaycanın deyil, bütün Şərq aləminin böyük iftixarı və söz ustadıdır. O, kövrək, həssas qəlbə malik bir şair olmuşdur. Onun bədii irsi mövzu dairəsinə, aktuallığına görə zəngin və çoxşaxəlidir. O, daima Azərbaycan xalqının tarixi, zəngin mədəniyyəti ilə fərəh duymuş və əsərlərində də bunu tərənnüm etmişdir. Azərbaycan şairin əbədi qibləgahı, poetik manifestidir:
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getmir müdam, gözlərimdən Azərbaycan!
Bütövlükdə Azərbaycan mövzusu Şəhriyar yaradıcılığının əsas istiqamətidir. Ana dili məsələsi isə bu mövzunun tərkib hissəsidir. Şairin doğma ana dilinin vəsfi, təbliği və qorunmasına həsr edilmiş, ictimai-siyasi məzmunda yazdığı “Türkin dili” şeirini hələ 1969-cu ildə Pəhləvi rejimi zamanı İranda Azərbaycan dilinin qadağan olunduğu dövrdə yazmışdır. Akademik İsa Həbibbəyli bu şeirlə bağlı yazır: “Türkün dili” şeiri ilk növbədə böyük cəsarətin ifadəsidir. Bu şeir indiyədək ana dilimiz haqqında yazılmış şeirlərin ən kəsərlisi və qürurlusudur. Şəhriyar ana dilini sadəcə tərənnüm etməmiş, böyük vətəndaşlıq cəsarəti ilə doğma ana dilinin mübariz keşiyində dayandığını bəyan etmişdir”. Xalqın qədim tarixə malik lətafətli dilinin təhriflərə məruz qalması, türkcənin bir ləhcə deyil qüdrətli, ahəngdar bir dil olduğunu sübuta yetirmək cəhdi onun anadilli divanının yaranmasında həlledici rol oynadı:
Türkin dili tək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri oxuyanlar, eşidənlər kəsil olmaz.
“Fars şairi çox sözlərini bizdən aparmış” - deyən cəsarətli şairin anadilli ədəbi məktəbi, ümumiyyətlə, İranda birmənalı qarşılanmayıb. 30 il fars dilində yazıb yaradan şairin bu qədər uzun fasilədən sonra öz dilinə, el-obasına, xalqının daxili aləminə qayıdışı, mənəvi yaddaşa dönümü böyük əks-səda doğurmuşdur. Bu yalnız cənubi Azərbaycanda Azərbaycan dilinin yasaq edilməsi, yaxud xalqın ana dilində yazılmış ədəbiyyata, şeirə həsrəti ilə əlaqədar deyildi. Bu dönüş hər şeydən əvvəl nisgilli şairin doğma vətənə tükənməz məhəbbəti, xalq həyatına bağlılığı, vətəndaşlıq borcu ilə əlaqədar idi. O, hər hansı dildə düşünməsindən, danışmasından və yazmasından asılı olmayaraq milli mənafedən çıxış etmişdir:
Dedim, Azər elinin bir yaralı nisgiliyəm mən.
Nisgil olsam da, gülüm, bir əbədi sevgiliyəm mən,
El məni atsa da, öz güllərimin bülbülüyəm mən,
Elimin farsca da dərdini söylər diliyəm mən.
Həm ana dilində, həm də fars dilində yazdığı əsrləri ilə könülləri fəth edən Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığını təhlil edən akademik İsa Həbibbəyli şairin hər hansı dildə yazmağından asılı olmayaraq fitri istedadından “Azərbaycan dilində yazılmış əsərlərində Şəhriyar daha çox milli, farsdilli şeirlərində isə bəşəridir”– deyərək, hər iki dilin poetik zirvəsini fəth etdiyini xüsusi vurğulayır. Mənsub olduğu millətin dilində onun ruhuna xitab etməsi ona əbədiyaşarlıq hüququ bəxş etdi. Məhəmməd Əmin Rəsulzadə Şəhriyar haqqında “Təbiət ünsürlərini təbii dillə dilləndirən şair səmimi xalq sevgisini hər cür məcazilikdən uzaq, canlı bir tablo ilə təsvir edirdi”– deyərək, xəlqi mahiyyətini xarakterizə etmişdir.
Şəhriyarın anadilli şeirləri içərisində Azərbaycan türkcəsi ilə yazılmış “Heydərbabaya salam”, “Səhəndim”, “Türkün dili”, “Dərya elədim”, “El bülbülü”, “Behcətabad xatirəsi”, “Türkiyəyə xəyali səfər”, “Aman ayrılıq”, “Şatır oğlan” və s. əsərləri unikal ədəbi hadisə olaraq, həm dövrünün şairləri və tədqiqatçıları tərəfindən yüksək qiymətləndirilmiş, həm də xalqın dərin rəğbətini qazanaraq dillər əzbəri olmuşdur. Şəhriyar poeziyasının sərhədləri aşaraq milyonlarla insanın qəlbində əbədi yer tutması, saysız-hesabsız oxucu tərəfindən bu qədər sevilməsinin səbəbi məhz xalqın tarixi taleyi, acılı-şirinli həyatı, arzu və istəklərinin ustad şairin təcrübəli qələmi, coşğun təbi, yüksək yaradıcı zəkası ilə əlaqədar idi.
Ana dilində yazmaq arzusuna 30 yaşından sonra çatan şair uzun müddət Tehranda yaşadığından “Azərbaycan kəndinə xas olan şirin ləhcə, zarafat və təbirlərdən uzaq” düşmüşdür. O, özü də yazır ki, “bu dağ basılmış yanıqlı çağlarım mənə “Ey vay, anam” şeirini yaratmağa imkan verdi.
“Dərya elədim” şeirində də ana dilinə olan məhəbbət, iftixar və qürur hissi ifadə olunmuşdur. Doğma ana dilində yazmaqla, onun üzərənində qara buxovları götürdüyünü, bu dilə bir daha ümumxalq məhəbbəti yaratdığını qürurla tərənnüm edən şair aşağıdakı misraları yazır:
Türki bir ceşmə isə, mən onu dərya elədim,
Bir soyuq mərəkəni məhşəri kübra elədim.
***
Acı dillərdə şirin türki olurdu hənzəl,
Mən şirin dillərə onu qatdım həlva elədim.
***
Türki, vallah, analar oxşağı, lay-lay dilidir.
Dərdimi mən bu dəva ilə müdəva elədim.
“Qüdrətli söz sərrafı Şəhriyarın yaradıcılığı ona görə geniş üfüqlərə malikdir ki, o, öz doğma dilində də yazıb yaratmış, Azərbaycan poeziyası xəzinəsinə nadir incilər bəxş etmişdir. Mövzu və mündəricə baxımından Azərbaycan dilində yazılan əsərlər Şəhriyarın ümumi yaradıcılıq xüsusiyyətlərilə təbii olaraq üzvü şəkildə bağlıdır”. Şəhriyar öz yaradıcılığında mənsub olduğu xalqın atalar sözündən, xalq zərb-məsəllərindən geniş şəkildə faydalanır. Bəzən şair onlardan olduğu kimi istifadə edir, bəzən dəyişərək bədii ruh və forma verir. Məsələn: “İynə bəzər xalqı, özü lüt gəzər” Şəhriyar xalq yaradıcılığının geniş ümmanına tez-tez baş vuran, ordan bəhrələnən şairdir. Yeni söz tərkibləri, yeni cinaslar, orijinal fikirlər onun poetik duyğularının bəzəyidir. Xalqımızın adət və ənənələrinin bədii tərənnümünə, geniş yer verən şair bir çox atalar sözlərinə, zərbi-məsələlərə və deyimlərə müraciət edir və bunları da məqamında işlədərək milli kolorit verərək sənət nümunələri yaradır. “Türkün məsəli, folkloru dünyada təkdir” - deyən şair bəzən sözə elə hikmət qatır ki, aforistik kəlam kimi xalq yaddaşına hopur: “Xan yorğanı, - kənd içrə məsəldir, - mitil olmaz”, “Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz”, “Missən, a balam, hər sarı köynək qızıl olmaz”, “Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz” və s.
Uşaqlığı Heydərbaba dağının ətəklərində keçən şairin yaşadıqları və gördükləri onun uşaq yaddaşında silinməz izlər buraxmışdır. Daha sonralar bədii təxəyyülü bu ümmandan bəhrələnmişdir. Xalqın yaşayış tərzini, adət-ənənəsini, milli koloriti, təbiət mənzərəsini “Heydərbabaya salam” poemasında müşahidə etmək mümkündür. “Heydərbabaya salam” poeması başdan-başa xalq dilində, xalq şivəsində yazılıb və şair bu poemada xalqı ilə doğma ana dilində dərdləşir, onların dərd-sərinə ortaq olmağa, bu dərdlərə çarə arayıb axtarmağa çalışır. Şəhriyar bəhs açdığımız “Heydərbabaya salam” poemasını 1954-cü ildə qələmə alır. Ana dilində yazdığı və Azərbaycan ədəbiyyatının qiymətli incisi sayılan bu möhtəşəm əsəri ilə Pəhləvi rejiminin illərlə susdurduğu türk dilinin əzəmətini bir daha sübuta yetirdi. Əsərin Azərbaycan dilində yazılması Azərbaycanda milli oyanışın və millətin öz soy-kökünə qayıdışı hərəkatında sanki yeni bir mərhələnin başlanğıcı oldu, Cənubi Azərbaycanda anadilli poeziyaya geniş yol açdı. Şəhriyarın “Heydərbabaya salam” poeması Cənubi Azərbaycanda və İranda deyil, bütün Yaxın Şərqdə və dünyanın bir çox ölkələrində yayılaraq ona misilsiz şöhrət qazandırdı.
Bir çox ədəbiyyatşünaslar “Heydərbabaya Salam” poemasını şairin yaradıcılığının zirvəsi, şah əsəri kimi qiymətləndirirlər. Bu əsər səlis bir dil, atəşin bir qəlblə yazılmışdır. Şəhriyar İranda türk dilinin yasaqlandığı bir dövrdə bu dili “Heydərbabaya salam” əsəri ilə ayağa qaldırdı. Akademik İsa Həbibbəyli “Heydərbabaya salam” poemasını XX əsr Azərbaycan ədəbiyyatının mühüm yaradıcılıq nailiyyəti hesab edir və “Şəhriyar şeirinin zirvəsi olan bu qiymətli əsər çağdaş dünya bədii fikir xəzinəsinin mirvarisidir” – deyərək poemanın ədəbi-tarixi əhəmiyyətini, həmişəyaşarlığını vurğulamışdır. Şəhriyar adıyla həmahəng səslənən, müvazi işlənən “Heydərbabaya salam” poeması yazıldığı gündən bəri böyükdən-kiçiyə hər kəsin dillər əzbəri olmuşdur. Bu poema onun bütün külliyyatının şah əsəridir. Lirikanın bütün mərhələlərinə diqqət etdiyimiz zaman dağa xitabən yazılmış bədii yaradıcılıq nümunələrini görmək mümkündür. Çünki şair qəlbi ya əfkarlanınca dağlara xitab edir, ya da xitab edib əfkar dağıdır. Amma xalqın adət-ənənəsini, yaşam tərzini bədii yaddaşa köçürmək, mərhəm duyğuları dağla bölüşərək, etnoqrafik salnamə yaradaraq 50 milyonluq Azərbaycan xalqının ruhuna xitab etmək Şəhriyar qələminə nəsib olmuşdur. Bu əsərin sehri də xalqımızın ana dilində sadə, anlaşıqlı, musiqili bir dillə yazılmasındadır. Şair bundan əvvəl də milli şeirin klassik formalarında Azərbaycan dilində şeirlər yazsa da “Heydərbabaya salam” əsəri qədər məhşurlaşa bilməmişdir. Bu əsərin yazılma tarixcəsi də maraqlı, təsirli və kövrək məqamları ilə yadda qalır: anası Kövkəb xanım bir gün oğluna deyir ki, ay oğul, sənin haqqında hər kəs deyir ki, sən böyük şairsən, amma sən necə yazırsan ki, mən heç nə başa düşmürəm. Doğma ananın anlayacığı doğma ana dilində yazmaq onu Azərbaycan xalqına bəxş edən, öz dilinə, dininə imanına sadiq olan, adət-ənənəsinə canı-könüldən bağlı olan ananın oğluna verdiyi sətiraltı nəsihətin və tövsiyənin bariz ifadəsi olaraq meydana çıxır. Onun uşaq yaddaşında dərin izlər buraxan uşaqlıq illəri, gənclik duyğuları ilə xalq yaddaşına bağlılıq, keçmişə sədaqət və vəfa borcunun bədii əksi olaraq qələmə alır.
Ana dilində şeir yazmağın məramını “Heydərbabaya salam” əsrinin ön sözündə belə səciyyələndirir: “...yerli ləhcə ilə yerlilərin, xüsusilə uşaqlıq illərində onlarla bərabər oynayıb əyləndiyim insanların zövqünü oxşayan çox əsərlər yazmağa həsrət çəkirdim. Ancaq uzun müddət Tehranda yaşadığımdan Azərbaycan kəndlilərinin yerli şivəsini və xüsusilə də bu şivədəki ifadələrin lətafətini unutmuşdum”. “Ümumiyyətlə, Məhəmmədhüseyn Şəhriyar” Azərbaycan dilində 90 şeirin, iki hissədən ibarət olan “Heydərbabaya salam” və “Səhəndiyyə” poemaların müəllifi kimi məşhurdur”. Onun ana dilində yazılmış ikinci poeması olan “Səhəndiyyə” sanki “Heydərbabaya salam” poemasının poetik davamıdır. Mövzu, ideya, mətləb baxımından “Heydərbabaya salam” əsəri ilə həmahənglik təşkil edən bu əsər sənətkarlıq baxımından nadir nümunələrdəndir.
Məhəmmədhüseyn Şəhriyarın ana dilində olan ikinci poeması “Səhəndiyyə”ni dostu, silahdaşı Bulud Qaraçorluya cavabən yazmışdır. Bu poema da mövzu, ideya, süjet xətti baxımından “Heydərbabaya salam” poemasının məntiqi davamıdır. Şairirin ümumxalq danışıq dilindən seçdiyi söz və ifadələr, ələxüsus da bənzətmələr əsərin poetik gücünü artırmış və daha da oxunaqlı etmişdir. Məsələn: “Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim! Başı tufanlı Səhəndim!” Göründüyü kimi, ən mərhəm duyğu və düşüncələrin xitabla bədii şəklə çevrilmiş ən gözəl ifadələrini bir misrada yaratmağa nail olmuşdur. Poetik ifadə çalarlığının özünəməxsusluğu, bədii dilin əlvanlığı, rəvanlığı, canlılığı, şirinliyi əsərin bədii məziyyətini səciyyələndirən cəhətlərindəndir.
“Azərbaycan dili Şəhriyarın ana dilidir, doğma dilidir”. Onun ana dilindəki əsərlərinin poetik dili son dərəcə möcüzəlidir. Azad Tehraniyə görə, “Şəhriyar özünün ana dilli şeirlərində daha çox sadə, daha qüdrətlidir”. Rza Bərəhanini isə yazır: “Şəhriyar türk dilində şeir yazdıqda çox ciddi şəkildə milli dilə əsaslanır və yerli sözlərdən istifadə edir, əslində adi deyimləri xalqın kütləvi dilinin dərinliklərindən, onun adət-ənənələrindən tapıb üzə çıxardır və gözəl şeir səviyyəsinə qədər yüksəldir”. Şəhriyar ana dilində yazdığı vaxt doğma dilə son dərəcə qayğı ilə yanaşmışdır. Ustad Şəhriyar bu barədə yazırdı: “...mənim ana dilim Azəri (Azərbaycan dili – Z.İ.) türkü dilidir - çox zəngin, geniş mənalı, şirin, həssas bir dil. ... Azəri dili neçə qərinədir ki, yaşayır. Böyük şairlər bu dildə elə əsərlər yaratmışlar ki, ondan bircə beyt oxumaqla insan dəyişir, ləzzət alır”. Uzun illər fars dilində klassik ədəbiyyat inciləri yaradan şairin “Heydərbabaya salam” əsəri ilə yaradıcılığın zirvəsində özünə əbədi heykəl ucaltdı. Fars dilində divan bağlayan şair ana dilində milli şeirin ən uğurlu nümunələrini yaratmağa nail oldu. Şəhriyar adı ilə müvazi səslənən “Heydərbabaya salam”, “Türkün dili”, “Azərbaycan” və s. şeirləri onu 50 milyonluq Azərbaycan xalqının könlündə əbədi taxt qurmasına özül oldu. Hökümə Billuri Azərbaycan ədəbiyyatının sevilən ədəbi şəxsiyyəti və böyük söz ustadı Məhəmmədhüseyn Şəhriyar yaradıcılığı ilə bağlı yazır: “Şəhriyar nə qədər təvazökar və qədirşünas sənətkardır. Hafiz şeiri yalnız fars dilinin gülüstanı idisə, Şəhriyar şeiri həm fars, həm də Azərbaycan dilinin xəzansız gülüstanıdır. Onun sənət inciləri hər iki dilin ədəbiyyatını daha da əbədiləşdirən ölməz abidələrdir”.
Zülfiyyə İSMAYIL
AMEA Naxçıvan Bölməsi,
filologiya üzrə fəlsəfə doktoru, dosent