Ələkbər Nuru oğlu Quliyev – 75

A- A A+

2023-cü il sentyabrın 21-də Azərbaycan Respublikasının Əməkdar müəllimi, Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sabiq sədri mərhum Ələkbər Nuru oğlu Quliyevin anadan olmasının 75-ci  ildönümüdür.

1948-ci ildə Babək rayonunun Qaraçuq kəndində (hal-hazırda Naxçıvan şəhərinin inzibati ərazisinə daxildir) dünyaya göz açan Ələkbər Quliyev orta təhsilini öz doğma kəndində yerləşən məktəbdə alıb. O, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsini bitirmiş, həmin ildən Babək rayon Cavidabad (Qaraçuq) kəndində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Qısa müddətdə özünü əsl pedaqoq və təhsil təşkilatçısı kimi təsdiq edərək, direktor vəzifəsinə yüksələn Ə.Quliyev 1981-ci ilədək bu vəzifədə çalışıb. Ələkbər müəllim 1983-cü ildən öz pedaqoji fəaliyyətini Naxçıvan şəhər 11 saylı orta məktəbdə müəllim kimi davam etdirməyə başlamış, fəallığı ilə seçilərək az müddət sonra təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkilmiş, 1989-1996-cı illərdə isə həmin məktəbin direktoru vəzifəsində çalışmışdır. Qazandığı zəngin pedaqoji təcrübə, təşkilati-rəhbərlik bacarığı onun bu sahədəki ən yüksək zirvəyədək ucalmasına gətirib çıxarmış, 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri vəzifəsinə təyin olunmuşdur. Keçid dövrünün səbəb olduğu çətin durğunluq illərindən sonra bu vəzifədə işlədiyi altı il ərzində Ələkbər müəllim Naxçıvanda orta təhsilin inkişafı üçün var qüvvəsi ilə çalışmış, təhsilin dərindən bildiyi problemlərinin həlli istiqamətində yorulmaz fəaliyyət göstərmişdir. 

Dövlətimiz əzmkar maarif xadimi və təhsil təşkilatçısının zəhmətini layiqincə qiymətləndirmiş, Ə.Quliyev 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 2001-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülmüşdür.

Ələkbər müəllimin həyatı kifayət qədər dinamik və zəngin çalarlı olmuşdur. Belə ki, muxtar respublika ictimaiyyəti onu yalnız bacarıqlı təhsil xadimi kimi yox, eyni zamanda mübariz və sarsılmaz əqidəyə malik ictimai-siyasi fəaliyyəti ilə də tanımışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda baş verən ictimai-siyasi proseslərdə Ə.Quliyev yaxından və fəal şəkildə iştirak etmişdir. Xüsusən Yeni Azərbaycan Partiyasının təşəkkül tapması prosesinə fəal şəkildə qoşulan Ələkbər müəllim 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının iştirakçısı olmuşdur. Onun YAP-ın təşəkkülü və formalaşması prosesində iştirakı bununla məhdudlaşmamış, Yeni Azərbaycan Partiyasının Sədri, Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə partiyanın Naxçıvan Şəhər Təşkilatının yaradılması prosesinə rəhbərliyi öz üzərinə götürmüş, bu işin öhdəsindən uğurla gəlmişdir.

Qeyd edək ki, bu proses heç də hamar getmədi. Həmin dövrdə hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsinin həm ölkə, həm də muxtar respublika miqyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə qarşı təxribatları özünün pik nöqtəsinə çatmış, 1992-ci il oktyabrın 24-də Naxçıvanda AXC Naxçıvan şəhər və Ordubad rayon təşkilatlarının rəhbərlərinin və  qanunsuz silahlı dəstələrinin iştirakı ilə dövlət çevrilişinə cəhd edilmişdi. Azərbaycan Respublikasının o zamanki daxili işlər naziri İ.Həmidovun başçılığı altında həyata keçirilən bu dövlət çevrilişi cəhdi Naxçıvan əhalisinin ciddi müqaviməti nəticəsində iflasa uğrasa da, həmin qüvvələr bir tərəfdən Yeni Azərbaycan Partiyasının yaradılması və fəaliyyətinə mane olmağa çalışmış, digər tərəfdən isə, muxtar respublikada ictimai-siyasi şəraitin gərginləşməsi istiqamətində fəaliyyət göstərmişlər.

Məhz belə bir şəraitdə Ə.Quliyev YAP Naxçıvan Şəhər Təşkilatının yaradılması işinə rəhbərliyi zamanı AXC-nin Naxçıvan muxtar respublika və şəhər orqanlarının rəhbərlərinin başçılığı altında dəfələrlə ciddi fiziki və psixoloji təzyiqlə üzləşmişdir. Hətta bir sıra hallarda həyatına təhlükə yaranması belə, Ələkbər müəllimi öz dəmir əqidəsindən döndərə bilməmiş, o, qətiyyətlə Ümummilli Lider Heydər Əliyevin ardıcılı kimi öz yoluna davam etmişdir. Beləliklə, 1993-cü il noyabrın 5-də YAP Naxçıvan Şəhər Təşkilatının təsis konfransında Ə.Quliyev yekdilliklə təşkilatın sədri seçilmişdir. O, ömrünün sonunadək – 18 il bu vəzifədə çalışaraq, tutduğu mövqedə YAP-ın inkişafına və fəaliyyətinə öz töhfələrini vermişdir. Ə.Quliyev ona etimad edilən siyasi işin öhdəsindən layiqincə gəlmiş, minlərlə insanın Ulu Öndər Heydər Əliyevin ideyaları işığına, Yeni Azərbaycan Partiyasının sıralarına cəlb olunmasında mühüm rol oynamışdır. Məhz bu fəallığın nəticəsi idi ki, o, eyni zamanda 1995-2000-ci illərdə YAP Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini vəzifəsində çalışmış, istər muxtar respublika miqyaslı, istərsə də, respublika miqyaslı partiya tədbirlərinin fəal iştirakçısı olmuşdur.

Ə.Quliyevin ictimai-siyasi fəaliyyəti yalnız partiya işi ilə məhdudlaşmamış, o, Naxçıvan MR Ali Məclisinin birinci (1995-1996), ikinci (2002-2005), üçüncü (2005-2010) çağırışlarının deputatı seçilmiş və Ali Məclisin komissiya (komitə) sədri olmuşdur.

Ələkbər Quliyev 2010-cu ilin yanvar ayında ömrünün 62-ci ilində həyatla qəfildən vidalaşsa da, o, bu ömrə zəngin bir həyat salnaməsi sığdıra bilmişdir. Məhz bunun nəticəsidir ki, bütün muxtar respublika sakinləri, təhsil mühiti, yeni azərbaycançılar Ələkbər müəllimi, onun ictimailəşmiş həyatını, pedaqoji-maarifçi və ictimai-siyasi fəaliyyətini böyük ehtiramla xatırlayır. O, hər şeydən əvvəl, prinsipial, ciddi, əqidəli, səmimi və ədalətli insan kimi bu gün də öz müasiri olan nəsillərin yaddaşında müsbət obrazı ilə qalmaqdadır. Həm siyasi əqidəsinə, ideoloji baxışlarına, həm də maarifçilik fəaliyyətinə görə özünün vətənpərvər azərbaycançı obrazı ilə xüsusi rəğbətlə anılan Ələkbər Nuru oğlu Quliyevin xatirəsi onun əqidə yoldaşlarının və Naxçıvan təhsil ictimaiyyətinin qəlbində daim yaşayacaqdır.



Elman CƏFƏRLİ,

YAP Naxçıvan Şəhər Təşkilatının sədri,

Naxçıvan MR Ali Məclisinin deputatı,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: