Nemətullah Naxçıvani və Anadolu elləri - FOTOLAR
Doğma diyarımız ilkin yaşayış məskəni, qədim sivilizasiya mərkəzidir. 5000 illik şəhər mədəniyyətinə malik olan qədim Naxçıvan torpağı tarixə tanınmış, görkəmli şəxsiyyətlər bəxş edib.
Başda ümummilli liderimiz, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev olmaqla Nəsrəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani, Nemətullah Naxçıvani, Kəlbəli xan, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd ağa Şahtaxtlı, Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, İbrahim Səfiyev və başqaları Naxçıvan torpağının övladı kimi tarixə öz adlarını qızıl hərflərlə yazdırıblar.
Müstəqillik illərində milli mədəniyyətimiz və elmimizin inkişafına töhfə verən bu şəxsiyyətlərin irsinin öyrənilməsi üçün geniş və münbit şərait yaradılıb, diqqət və qayğı artırılıb.
Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin XV-XVI əsrdə yaşamış görkəmli islam alimi mövlana Nemətullah ibn- Mahmud ən-Naxçıvaninin irsinin toplanması və tədqiqi haqqında 29 oktyabr 2018-ci il tarixdə imzaladığı möhtəşəm sərəncam milli mədəniyyətimizin tədqiqinə göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olub. Ona “Baba” titulu burada yaşadığı illərdə mötəbər dini rütbə kimi verilib. Şərqin böyük filosofu Nemətullah Naxçıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə islam dini dünyagörüşü vəhdət təşkil edir.
Bu böyük mütəfəkkir Naxçıvandan sonra fəaliyyətini o dövrün daha böyük mədəniyyət mərkəzi kimi tanınmış Təbriz şəhərində davam etdirib. Burada dini elmlərin inkişafında böyük əməyi olub. Bu baxımdan Nemətullah Naxçıvaninin qələmə aldığı “Əl-fəvatihül-ilahiyyə vəl-məfatihül qeybiyyə” (“Quran”ın kəlmə və hikmətlərini açıqlayan qeybin açarı və ilahi fəthi) adlı dini-fəlsəfi əsəri ona böyük şöhrət qazandırıb. Bu dəyərli tədqiqat əsəri müqəddəs kitabımız “Qurani-kərim”in bütün ayələrinin sufizm baxımından təfsiri, şərhindən ibarətdir. Təbrizdə bu islam mütəfəkkirinin xidmətləri nəzərə alınaraq ona nəqşibəndi təriqətinin şeyxi titulu verilir.
Məlumdur ki, Anadolunun fəthindən sonra yavaş-yavaş bölgədə islamın yayılması işi həyata keçirilirdi. Bunun üçün türk dünyasının müxtəlif bölgələrindən sufilər, övliyalar Anadoluya gəlir,t əkkə qurur, dinin yayılmasına xidmət göstərirdilər. Onlardan biri də görkəmli sufi şeyxi, filosof Baba Nemətullah ibn-Mahmud ən-Naxçıvanidir.
Bu böyük mütəfəkkir 1498-ci ildə Cənubi Azərbaycanda siyasi vəziyyətin qarışması ilə əlaqədar Təbriz şəhərini tərk edib, İstanbula gələrək üzvü olduğu nəqşibəndiyyə təriqətinin şeyxlərinin dərgahına üz tutub. O dövrdə İstanbul artıq 45 il idi ki, fəth edilmişdi. Burada üləmalar, din alimləri toplanırdı. Amma Anadolunun elm və irfan xadimlərinə çox ehtiyacı var idi. Ona görə də, tanınmış sufi şeyxi və filosof Nemətullah Naxçıvani elm və irfan yaymaq üçün indiki Konya vilayətinin Ağşəhər rayonuna göndərilir. 1499-cu ildə Ağşəhərə yerləşən Nemətullah Naxçıvani burada zaviyə qurub sufizmin təbliği ilə məşğul olur. Böyük mütəfəkkir az sonra bu mərkəzi zaviyədən daha böyük olan təkkəyə çevirir. Onun təşkil etdiyi bu mərkəz sənədlərdə “Əvkafi-zaviyeyi-Nemətullah Naxçıvani” şəklində qeyd edilib. Qısa müddətdə xalqın rəğbətini qazanan bu islam alimi həmin təkkənin şeyxi sifəti ilə ətrafına müridlər toplayır, gənclərə dini təhsil verir, övliya vəsfini qazanır, nüfuzlu və müdrik din xadimi kimi tanınmağa başlayır. Anadolu ellərində onun kitabları, yazdığı təfsirlər, müsəlman əhalinin maariflənməsində böyük rol oynayıb. Sufi filosofu Nemətullah Naxçıvani Ağşəhərdə yaşayarkən hələ XIII Konyada dərgahı və mövləvixanəsi olan məşhur türk filosof şairi Mövlana Cəlalələddin Rumi yaradıcılığına da böyük maraq göstərib. Ehtimal ki, onun “Şərhi-rubai-Şeyx Cəlaləddin” risaləsi mövlana Rumi rubailərinin şərhinə həsr edilib.
İslam mütəfəkkiri Baba Nemətullah Naxçıvani sultan II Bayazid (1481-1512) zamanında Ağşəhərdə yaşayıb. 1514-cü ildə haqqın rəhmətinə qovuşduqdan sonra oğlu mövlana Hacı Əli Çələbi həmin təkkənin sahibi olub və bu təkkəyə vəqf yaradılıb. Yeri gəlmişkən qeyd edim ki, mən 2004-cü ildə Ağşəhərin digər bir övliyası Nəsrəddin xocaya həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün bu diyarda oldum və Nemətullah Naxçıvaninin qəbrini ziyarət etdim. Çox təəssüf ki, bu gün bu təkkədən heç bir iz qalmayıb. Onu da qeyd etmək lazımdır ki, Nemətullah Naxçıvani nəqşibəndiyə təriqətinin xəlvətiyə qoluna mənsub olub. Bu qrupa mənsub olan din xadimləri isə xalq arasına çox çıxmır, daha çox ibadətlə məşğul olurdu. Bu cür həyat tərzinə alışmış Nemətullah Naxçıvani sağlığında belə regionun üləma zümrəsi arasında ən tanınmış din xadimi olub. Belə ki, hələ XVI əsrdə yaşamış Osmanlı dövlətinin salnaməçisi Əhməd əfəndi Taşköprüzadə “Şəqayiqün-Numaniyyətü fi Üləmad Devlətil-Osmaniyyə” adlı irihəcmli əsərində bu cəhəti vurğulayaraq böyük islam mütəfəkkiri haqqında yazıb: “Allah yolunda xidmət edən ariflərdən biri, dərvişlik və sufiliyin fəxri olan Baba Nemətullah özünü xalqdan gizlədirdi. O, rəbbani elmlərdə dərin bilik sahibi idi”. XVII əsrdə yaşamış məşhur Osmanlı müəllifi Katib Çələbi də öz əsərində bu məlumatı təkrar qeyd etməyi lazım bilib. Nemətullah Naxçıvaninin, yuxarıda da qeyd etdiyimiz kimi, müqəddəs kitabımız “Qurani-kərim”in bütün ayələrini süfizm baxımından şərh edən “Əl-Fəvatihül- İlahiyyə vəl-məfatihül-qeybiyyə” adlı təfsirinin şəxsən öz əlyazmasıyla olan nüsxəsi, hazırda İstanbul şəhərindəki Topqapı Sarayı Üçüncü Əhməd xan kitabxanasında saxlanılır. Onu da qeyd etmək lazımdır ki, bu əsər Sultan Əbdülhəmidin göstərişi ilə 1907 və 1908-ci illərdə iki cild şəklində İstanbulda dövlət mətbəəsində nəşr olunub. Maraqlıdır ki, bu əsərin ikinci cildinin sonunda Nemətullah Naxçıvaninin tərcümeyi-halı haqqında “Tərcümeyi-hale-müfəssir” şəklində kitabın naşiri tərəfindən bəzi qeydlər verilib. Bu qiymətli təfsir kitabının nəşrinə XXI əsrdə yenidən müraciət edilib. İslamşünas alim Ali İhsan Türcan bu əsəri üç cild halında 2013-2016-cı illərdə Türkiyənin Kayseri şəhərində “Naxçıvani təfsiri” adı ilə nəşr etdirib. Maraqlıdır ki, Türkiyənin bir çox kitabxana və muzeylərində bu böyük mütəfəkkirin qiymətli əsərlərinin əlyazma nüsxələri bu gün də saxlanılır və tədqiqatçılar tərəfindən elmi cəhətdən araşdırılır.
Tarixdə və günümüzdə, xüsusilə ağşəhərlilər arasında Şeyx Əlvan, Nemətullah Naxçıvani, Baba Nemətullah və Nemətullah Sultan kimi adlarla keçən bu böyük türk-islam alim və övliyası zamanındakı alim və övliyaların ən üstünlərindən idi.
Baba Nemətullah Naxçıvaninin türbəsi Ağşəhərdə Təkkə kəndinə gedən yolun üstündədir. Türbə Təkkəyə gedən yolun sağında və Ağşəhər çayının solundadır. O bir neçə dəfə təmir edilib. Türbənin önündə bir hovuzda olub. Onu da qeyd etmək lazımdır ki, sonralar türbə inşaatı ləğv olunub, sərdabə normal məzar şəklinə salınıb. Ağşəhərin bu ərazisi vaxtilə Köycəyiz məhəlləsi adını daşıyıb, müasir dövrdə isə Çimənli məhəlləsi adlanır. O böyük şəxsi sevənlər, qəbrini ziyarət edərək mübarək ruhaniyətindən istifadə etməklə onu xatırladıqca etdikləri dualar qəbul olmaqdadır. Baba Nemətullah Naxçıvaninin məzar sənduqəsində böyüklü-kiçikli beş ayrı daş kitabə mövcuddur, ikinci daşın kitabəsində belə yazılır: “Ey dost! Kibari-əhlullahdan və müfəssirini-izamdan xacə Nimətullah kuddisə həzrətlərinin mübarək, nurlu qəbirləridir”. Üçüncü daşın kitabəsində isə 5 beytdən ibarət şeir verilib. Bu şeirin birinci misrası “Həqiqət(ən) sərəfraz övliyadır Həzrət Nemət baba” şəklindədir. Mütəvazi bir həyat sürən, elmə və irfana böyük xidmətlər göstərən, çox tələbə yetişdirən və dövrünün ən böyük şəxslərindən olduğu qaynaqlarda qeyd edilən Naxçıvaninin qəbri bu gün ağşəhərlilərin ən çox ziyarət etdikləri yerlərdəndir. Xüsusilə xalq Xıdırelləz bayramı günləri (may ayının 4-5 tarixləri) bu məzarın ətrafında toplanır və orada dualar edir. Təsadüfi deyildir ki, Ağ şəhər camaatı bu islam mütəfəkkirini hələ sağlığında Əlvanül-Ağşəhəri (Ağşəhərin qüruru) adı ilə çağırıb, ona böyük ehtiram göstəriblər. Onu da qeyd edək ki, eyni zamanda hazırda Ağşəhərin rayon mərkəzində Nemətullah Naxçıvani adını daşıyan məscid və orta məktəb fəaliyyət göstərir. Ağ şəhərdə adına küçə verilib.
Naxçıvan Ali Məclis Sədrinin imzaladığı sərəncamda çox doğru olaraq qeyd olunub ki, ”Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyə elm tarixində mühüm yer tutur”. Həmin möhtəşəm dövlət sənədində də vurğulandığı kimi, orta əsrlərdə yaşamış naxçıvanlı mütəfəkkirlər içərisində özünəməxsus yüksək yeri və mövqeyi olan Nemətullah Naxçıvaninin fəlsəfi irsinin geniş və hərtərəfli tədqiqinə böyük ehtiyac vardır.
Əbülfəz Quliyev
AMEA Naxçıvan Bölməsinin əməkdaşı