Naxçıvanda Azərbaycan Qadınlarının VI Qurultayı ilə bağlı konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçiriləcək “Azərbaycan Qadınlarının VI Qurultayı” münasibətilə Naxçıvanda konfrans keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova oktyabr ayında təşkili nəzərdə tutulan “Azərbaycan Qadınlarının VI Qurultayı”nda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gündəliyi ilə iştirakçıları tanış edib, konfransın işinə uğurlar arzulayıb.
Bildirib ki, Naxçıvanda qadınların aktiv fəaliyyəti və sosial qayğıları diqqətdə saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər görülür. Muxtar respublika əhalisinin 50,1 faizi, işləyən təbəqənin 33 faizi qadınların payına düşür. Görülən ardıcıl tədbirlərin davamı kimi ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 29 sentyabrdan başlayaraq qadınların əl işlərindən ibarət 10 günlük sərgi-satış həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova və digər çıxış edənlər ailə dəyərlərinin aparıcısı olan qadınların cəmiyyətimizin müxtəlif sahələrdə əvəzsiz rolundan bəhs edib, qadınlarla bağlı mövcud problemlər və təkliflərdən söz açıblar.
Sonra Azərbaycan Qadınlarının VI Qurultayına nümayəndələr seçilib, konfransın qərarı qəbul edilib.
Sevgili Mustafazadə