Muxtar respublikada ipoteka kreditləşməsi əhalinin mənzillə təminatında mühüm əhəmiyyətə malikdir

A- A A+

Muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri çərçivəsində əhalinin mənzil­-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Gənc və aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir, yeni yaşayış binaları tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilir, sosial məsələlərin həlli ilə bağlı əhəmiyyətli addımlar atılır. Aparılan sosial siyasətin mühüm bir istiqaməti isə vətəndaşlara mənzillərin ipoteka yolu ilə əldə edilməsi imkanlarının yaradılmasıdır.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin ötən dövrü ərzində daşınmaz əmlakın dövlət reyestrində 292 ipoteka qeydiyyatı aparılıb. İpoteka krediti hesabına əldə edilmiş 64 mənzil, 16 fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb ki, bunun da 82,5 faizi Naxçıvan şəhərinin, 17,5 faizi isə muxtar respublikanın digər yaşayış məntəqələrinin payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ipoteka ilə əldə edilən əmlakların qeydiyyatının sayı 25 faiz artıb.

Cari ildə ipoteka kreditləşməsi vasitəsi ilə əldə edilən mənzillərin hər kvadratmetrinin orta qiyməti 750 manat təşkil edib. İpoteka krediti hesabına, əsasən, iki və üçotaqlı mənzillərin alınmasına üstünlük ­verilib.

Onu da deyək ki, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. İpotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. İpotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, icra müddəti və ipotekasaxlayan barədə məlumatlar müvafiq reyestrə daxil edildiyi andan ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmış hesab olunur.

İpoteka predmeti ipoteka krediti üzrə öhdəliklər tamamilə yerinə yetirildikdə yenidən aktiv əmlaka çevrilir. İpotekanın dövlət qeydiyyatı ipoteka­saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur.

Hazırda Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı və dövlət qeydiyyatının ləğvi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması və bildirişin ləğvi, eləcə də daşınmaz əmlakın ipotekasının əlavə dövlət qeydiyyatı, sonrakı ipotekanın dövlət qeydiyyatı və dövlət qeydiyyatının ləğvi ilə bağlı altı elektron xidmət göstərilir. Vətəndaşlar, eləcə də hüquqi şəxslər komitənin internet saytına (www.emlak.nakhchivan.az) və Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalına (www.e-hokumet.nmr.az) daxil olaraq təqdim edilən xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, cari ilin ötən dövründə aparılan ipoteka qeydiyyatının üçdə iki hissəsi elektron xidmətlərdən daxil olmuş müraciətlər əsasında aparılıb. Bu isə vətəndaşlara operativ və keyfiyyətli xidmətlərin göstərilməsini təmin edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: