Son dildarım gözəllikdir, sevgidir

A- A A+

Gözəllik aşiqi olan  Cavidin yaradıcılığını sadəcə oxuyub  keçmək olmur. Çünki onun sevinci bir anlıq, kədərisə  əbədidir. Düşünməyə vadar edir insanı. Yaşanmış  tariximiz bu ömürdən silinməyən, pozulmayan gözəl anları, qəlb göynədən xatirələri, söz xəzinəmizin incilərini, bir də  adına yaraşmayan bir böhtanın ağırlığını, bir ailənin-Cavidlərin faciəsini özündə yaşadır. Tarixin XX əsrinin «vicdanında» əbədilik qalan bu ləkə yada düşəndə ürək yanır, göz yaşarır. Xalq üçün yanasan, qovrulasan, sonra da xalq düşməni kimi ittiham olunasan. Bundan böyük fəlakət olarmı? Bu, bir həqiqətdir ki, Cavid o faciəni yaşadı. Üstünə atılan böhtanın   acısı onun gur yanan çırağını söndürsə də uğrunda canını verdiyi xalqı isə onu zamanına görə gah gizli, gah da aşkar sevdi.  Cavidi elə Cavid olduğuna görə sevdi və yaşatdı. Bu gün də onun poeziyası, yaradıcılığı sevilə-sevilə öyrənilir, təbliğ edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci ildə imzaladığı  Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir. Cavid irsinə nə qədər qayğı göstərilsə də Cavid şöhrəti, Cavid ədəbiyyatı, Cavid ideyaları kimi, Cavid faciəsi  də iyirminci əsrin saxlancıdır. Bir ömrün xoşbəxt başlanğıcı qısa zaman kəsiyində öz yerini qəfil tufanlara, qasırğalara verdi. Yəqin ki, bu da alın yazısı, tale, qismət dediyimizdir ki, Cavidin alnına yazılmışdı.

Ədibin tərcümeyi-halı adi həyat yolu deyildir: böyük sənətkarın həyatının Naxçıvan və Təbriz dövrləri, İstanbulda keçirdiyi təhsil illəri, ədəbiyyata gəlməsi, dramaturq kimi tanınması, ideya və sənət axtarışları, sovet dövrünün məşəqqətli illəri, əsərlərinin tənqid və mübahisə obyektinə çevrilməsi, pyeslərinin teatr səhnələrindən yığışdırılması, 1937-ci ilin dəhşətli repressiyası, xəstəlikdən əzab çəkməsi, 711 gün gecə-gündüz sorğu-suala tutulması, bir sıra əsərlərinin itib-batması, sürgün illəri,  şəxsiyyətinə və yaradıcılığına şübhə və ehtiyatla yanaşılması  böyük ədibin ömrü boyu çəkdiyi  məşəqqətlərdən xəbər verirdi.

Cavid gündəliyindən bir yarpaq xatirə;

Aylı-ulduzlu yay gecəsində Abbas Mirzə Şərifzadə həyat yoldaşı Mərziyyə xanımla Cavid əfəndigilə qonaq gəlirlər. Yay gecəsində  qır damlı evlərinə palaz salıb, samovar qaynadırlar. Göy çadırın altında, parlaq ulduzların işığında oturub söhbət edir, çay içirlər. Hələ ömrün asudə, fərəhli günlərini yaşayan Cavidin Müşkinazı, Ərtoğrolu, Turanı da xoşbəxt ailənin gülərüz sakinləri idi o gecə. Lakin o gecənin şirinliyində olsa belə, Cavid çox narahat olur. (Müşkinaz xanım xatirələrini söyləyərkən, onu da etiraf edir ki, Cavid çox duyğusal insan idi. Olacaqları əvvəlcədən duymaq qabiliyyəti vardı onda. Bəlkə elə buna görə olacaqları əvvəlcədən hiss etdiyindən narahat idi).

...Lakin ertəsi gün bir ailənin üzünə  qara sabah açıldı. Günəşin al şəfəqləri o gün sanki “qara gün” çilədi Cavidlərin ocağına. Cavidi xatırlarkən onun cəfakeş ömrünün həmdəmi, dayağı Müşkinaz xanım 1962-ci ildə ümidləri puça çevrilmiş halda deyirdi:

Mən ümid edirdim ki, Cavidim gələcək. Yaralı ürəyimə təsəlli verəcək. Göz yaşlarımı siləcək. Əfsus ki, o yola gedən gəlməzmiş.  ...Gələnlər üç nəfər idilər. Gecə birin yarısından səhər yeddinin yarısınadək evi ələk-vələk etdilər. Cavid o gecə bir qutu yarım papiros çəkdi. Kibritini yandıranda çöpü söndürüb udqundu. Nələr dedi o udqunmaqla. Qəmli-qəmli üzümə baxdı, qaşlarını çatıb bir ah çəkdi… Sanki

        Ömrümün baharı matəmlə doldu,     

      Diləklərim sərab içində soldu,

         Halımdan ürkərək tanımaz oldu,

         Uğrumda göz yaşı tökənlər məni,

demək istədi yəqin ki.

Axı  günahı nə idi? “Knyaz”, “İblis”, “Şəhla”, “Səyavuş”, “Şeyda” və onlarla başqa əsərlərin müəllifi olan böyük dramaturq  ağlı kəsən gündən xalqının fədaisinə çevrilmişdi. Halal çörək yeyib, vicdanının qarşısında alnı açıq, üzüağ yaşamaqla o, həm də qayğıkeş ata, səmimi həyat yoldaşı, saf əqidələr yolçusu oldu.

Hüseyn Cavidin yaratdığı obrazlar bənzərsiz və təkrarolunmaz insan xarakterlərinin canlı qalereyasıdır. Şair-dramaturqun “Qız məktəbində”, “Şərq qadını”, “Novruz bayramı”, “Vərəmli qız”, “Dəniz pərisi”, “Get”, “Qonşu çiçəyi”, “Mən istərim ki”, “Görmədim”, “Hərb allahı qarşısında”, “Bir xatirə”, “Qürubə qarşı” kimi şeirləri, “Azər” poeması və “Uçurum”, “Ana”, “Maral”, “Şeyx Sənan”, “Afət”, “Topal Teymur”,   “Peyğəmbər” və başqa monumental əsərləri Azərbaycan romantik ədəbiyyatının qızıl fonduna daxil olub. Bu əsərlərdə insan həyatda apardığı mübarizə, dünya haqqında mükəmməl, insanlıq haqqında kamil təsəvvür yaradılıb. Hüseyn Cavid  yaradıcılığı  duyğular, obraz və xarakterlər baxımından zaman, məkan məhdudiyyətinə sığmayan  sonsuzluq, müxtəliflik mücəssəməsidir. Bəs, onun bağışlanmaz günahı nə idi ki, ömrü fırtınalarla başa çatdı?

Onun bir qapı arxasından atılan addımı ilə, o qapı önündə atdığı addımı arasında qısaca bir xətt cızıldı. Sanki Cavidin bu dünyaya gəlişi ilə, bu dünyadan gedişi arasındakı məsafəni göstərirdi bu xətt. Çalışıb, çarpışıb yaşasa da, arzularına çatmayan Cavid ömrü bax, beləcə, bir addımla tamamlandı.

Bəxtin, taleyin bəzən insanın özündən asılı olmayan enişləri, dönüşləri onu bu yönü bilinməz yolla getməyə məhkum edir. Qara yazılan qisməti Cavidi dolanbac yolların dolaylarında itib-batmağa məhkum etsə də, qədirbilən xalqı, böyük amallar yolçusu olan ulu öndər Heydər Əliyev onu yaşatmağı bacardı.

1982-ci il oktyabrın 21-i gündüz saat 1430 idi. 41 il qərib məzarıstanda uyuyan, ruhu Vətən göylərində qalan Cavid yenidən vətənə «döndü». Böyük şair vətən oğullarının çiynində vətən torpağına tapşırıldı. O vətən torpağına ki, Cavid hələ Cavid olmamışdan çox-çox qabaq onun köksündə yalın ayaqları ilə gəzmişdi. O torpaqdan canına hopmuş hərarət ölən gününəcən ürəyindən getməmişdi. İndi həmin müqəddəs torpağın isti qucağında əbədi rahatlığa qovuşan şair, qərib Cavid idi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il oktyabrın 29-da  Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılış mərasimi oldu.

Ulu öndərin ideya davamçısı olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Cavid yaradıcılığına ən yüksək səviyyədə qiymət verərək demişdir:  “Hüseyn Cavid nə yazmışsa, Azərbaycan üçün, Azərbaycan oxucusu üçün, Azərbaycan xalqı üçün yazmışdır. Millilik, Azərbaycançılıq onun yaradıcılığının ruhunda və qanındadır. Cavidin şeir dili təmiz Azərbaycan-türk dilidir. Hüseyn Cavid əsərlərinin mövzusunun və qəhrəmanının hansı dövrü və ya hansı mühiti təmsil etməsindən asılı olmayaraq, bu əsərlərdə irəli sürülən ideyalar, birinci növbədə, azərbaycanlı oxucunun özünü dərk etməsinə, vətən tarixini, onun milli dəyərlərini öyrənməsinə, mədəni irsə sahib çıxmasına yönəlmişdir”.

Həqiqətən də Hüseyn Cavid yaradıcılığı boyu nə yazmışdısa, öz vicdanının səsi ilə yazmışdı. “Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir”, – deyən dahi sənətkar bütün yaradıcılığı boyu öz doğma xalqını azad və xoşbəxt görmək, ana Vətənə xidmət etmək kimi ali məqsəd, ülvi hisslər tərənnüm edib.

                                  Şəhla Nəbiyeva

                             Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: