NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə "I Beynəlxalq Elm və Texnologiya" mövzusunda konfransı keçirilib. Konfransda Azərbaycan və dünyanın bir sıra dövlətlərinin ali təhsil müəssisələrindən elm adamları və mütəxəssislər iştirak edib. Tədbirdə "Naxçıvan" Universitetini "Riyaziyyat və İnformatika" kafedrasının müəllimləri Nigar Nağıyeva və Şamil Hümbətov çıxışlar ediblər.
Konfransın açılış mərasimində BMU-nun rektoru, professor Havar Məmmədov bildirilib ki, bu kimi tədbirlərin keçirilməsi ali təhsil müəssisələrində elmi mühitin formalaşmasında və yüksək ixtisaslı kadr hazırlığında mühüm rol oynayır.
Konfransın plenar iclasında isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Vaqif Abbasov, ABŞ Florida Atlantik Universitetinin professorları İsaak Elishakof, Natalya Vaysfeld və Natiq Əhmədov məruzə ilə çıxış ediblər. Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis və rus dillərində davam edib.
Qeyd edək ki, konfrans ali məktəblərin elmi işçiləri və müəllimlərin, mühəndis və texniki elmlər sahəsində çalışan mütəxəssislərin, doktorantların, aspirantların öz elmi-praktik işlərinin nəticələrini bölüşmək və müzakirə etmək məqsədilə təşkil edilib.
Məlumat üçün bildirək ki, konfransda 10 ölkədən tərtibat qaydalarına uyğun 100-dən çox məqalə qəbul edilib.
Nuray Əsgərova