Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI (payız) sessiyasının ilk iclası keçirilib - YENİLƏNİB - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, oktyabrın 2-də Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI (payız) sessiyasının ilk iclası keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunvericilik işləri planının təsdiq edilməsi

2. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının tərkibində dəyişiklik edilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, Ali Məclisin Daxili Nizamnaməsinin 8-ci maddəsinə əsasən növbəti sessiyanın ilk iclasında qanunvericilik işləri planı təsdiq olunmalı və iclaslar bu plana uyğun keçirilməlidir. Buna müvafiq olaraq Ali Məclisin 2023-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında qərar layihəsi hazırlanıb. 

Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran ikinci məsələ - “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə bildirilib ki, 14 iyun 2023-cü il tarixdə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilib. Naxçıvan Muxtar Respublikasının müvafiq qanununu həmin dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə qanun layihəsi hazırlanıb.

Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli məlumat verib, layihə səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 46.2-ci maddəsinə əsasən Ali Məclisin sədri və onun müavinləri İntizam Komissiyasında təmsil oluna bilməzlər. Mövcud İntizam Komissiyasının sədri Ali Məclis sədrinin birinci müavini olduğundan komissiyanın tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb.

Müzakirə olunan məsələ ilə əlaqədar hazırlanmış qərar layihəsi səsə qoyularaq qəbul olunub. Qəbul olunmuş qərarla deputatlardan Möhbəliyev Telman Əli oğlu, Niftəliyev Hüseyn Əsrafil oğlu və Babayev Tofiq Süleyman oğlu İntizam komissiyasının üzvləri seçiliblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Ali Məclisin sessiya iclaslarında deputatların iştirakının və fəaliyyətinin Daxili Nizamnaməyə əsasən qurulmalı olduğunu diqqətə çatdırıb.

Azər Zeynalov Zəngəzur dəhlizinin açılması, bölgədə sülhün bərqərar olunması istiqamətində Azərbaycan Respublikası Prezidentinin gərgin mübarizə apardığını bildirib. Qeyd edib ki, Zəngəzur dəhlizinin açılması, ümumilikdə ölkəmizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nəticədə muxtar respublika üçün də çox böyük əhəmiyyət daşımaqla, 30 ildən artıq müddətdə blokada şəraitində yaşayan Naxçıvanın blokadadan çıxmasına şərait yaradacaq. Görülən işlərdə ölkə başçısına dəstək ifadə olunub. 

Bununla da Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI (payız) sessiyasının ilk iclası öz işini başa çatdırıb.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

 XI (payız) sessiyasının ilk iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun

Müraciəti

Əsası 1969-cu ildə qoyulmuş inkişafın Heydər Əliyev yolunun bəhrələri bugünkü ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş qüdrətli Azərbaycandır. Bu gün Ulu Öndərimizin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılmaqdadır. Dahi Öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən dövlət başçısının rəhbərliyi ilə ölkəmizin inkişafı daha da sürətlənib, yeni-yeni uğurlara imza atılıb.

Azərbaycan dövlətinin arzusu, məqsədi daim bir olub: regionda sülh və sabitliyin təmin olunması. Ulu Öndərdən miras qalan və ölkə başçısı tərəfindən uğurla davam etdirilən siyasətin əsas qayəsi budur. Azərbaycan xalqı hər zaman humanizm prinsiplərinə sadiqliyini, ən çətin məqamlarda belə insani dəyərlərə hörmətlə yanaşdığını bütün dünyaya nümayiş etdirir. Bunu Qarabağda baş verən son hadisələr bir daha təsdiqlədi. Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi, “Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər”. Sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri Ermənistanın üçtərəfli Bəyanatın şərtlərini pozması, həmçinin Azərbaycan ərazisində yaratmış olduğu qondarma rejimin ölkəmizə qarşı terror aktları törətməkdə davam etməsi səbəbindən başladı. Ali Baş Komandanın rəhbərliyi, şanlı ordumuzun rəşadəti və peşəkarlığı sayəsində qanunsuz kriminal xunta rejimi tarixin tozlu səhifəsinə atıldı. Azərbaycan suverenliyini tam bərpa etdi. Bununla da “Hər bir müharibənin sonu olmalıdır. Müharibənin sonu isə sülhdür. Amma sülh ədalətli olmalıdır. Bizim üçün sülh o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı, respublikamızın suverenliyi, sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır”,- deyən Ümummilli Liderimiz Heydər Əliyevin arzusu yerinə yetirildi. Uğurla başa çatan, separatçıları ağ bayraq qaldıraraq təslim olmağa məcbur edən hərbi əməliyyatlar Qarabağda, ümumilikdə bölgədə sülhə, əmin-amanlığa doğru atılmış addımlardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi və muxtar respublika ictimaiyyəti adından Azərbaycan Respublikasının suverenliyinin bərpa olunması münasibətilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevi təbrik edirik.

Ümummilli Liderin yoluna sədaqətin nəticəsi olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikası da inkişafının yeni mərhələsini yaşayır. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı müvafiq Sərəncamı bu qayğının daha bir ifadəsidir. Ölkə başçısının tapşırığı və birbaşa nəzarəti ilə hazırlanan Dövlət Proqramı əldə edilmiş uğurların davamlılığını təmin etmək, abadlıq-quruculuq işlərinin daha da genişləndirilməsinə nail olmaq, infrastruktur obyektlərinin müasir tələblər səviyyəsində qurulmasına köməklik məqsədi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı da bu istiqamətdə görülən işlərin davamıdır. Müvafiq Dövlət Proqramının icrası ölkə Prezidentinin daim  nəzarətindədir.

2023-cü ilin sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Naxçıvan Muxtar Respublikasına növbəti səfəri və bu səfərin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf etməsi, həmçinin Azərbaycan Respublikasının suverenliyini bərpa etməsinin ölkə başçısı tərəfindən buradan bütün dünyaya bəyan edilməsi bu ilin ən əlamətdar hadisəsinə çevrildi. Səfər çərçivəsində imzalanan sənədlər, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin atılması, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı hər iki ölkənin qardaşlığı, həmrəyliyi ilə yanaşı, bölgənin sülh, əmin-amanlıq şəraitində inkişafı ilə əlaqədar birgə fikir sərgilədiklərini bütün dünyaya nümayiş etdirdi. İğdır-Naxçıvan qaz kəmərinin təməlinin atılması muxtar respublikanın qaz təchizatının şaxələndirilməsinə şərait yaradacaq, bir mənbədən asılılığı aradan qaldıracaq, enerji təhlükəsizliyinin etibarlı təminatına imkan verəcək. Bu layihə cari ildə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb və 11 əsas sahədən biridir.     

Bütün qeyd olunanlar bir daha göstərir ki, “Heydər Əliyev İli” ölkəmizdə əldə olunmuş iqtisadi göstəricilərinə, sosial-mədəni sahədə qazanılan nailiyyətlərinə görə ən uğurlu il kimi tarixə düşəcək. Muxtar respublikanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığımızı bildirir, Azərbaycan Respublikasının inkişafı və möhkəmlənməsində həyata keçirdiyi çətin, şərəfli dövlət idarəçiliyində uğurlar arzulayırıq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: