NUHÇIXAN xəbər verir ki, bu il noyabrın 28-də dünyanın aparıcı media qurumlarından olan “CNN arabic” telekanalının rəsmi internet saytında “Azərbaycanda zirvəsi iki hissəyə parçalanmış İlanlı dağ və onun Haçadağ adlandırılmasının səbəbi” sərlövhəli məqalə yerləşdirilib.
Yaxın Şərqdəki ərəbdilli ölkələrdə milyonlarla insan tərəfindən izlənilən bu kanalın saytında son zamanlar ölkəmizin zəngin tarixi, mədəniyyəti, adət-ənənələri, mətbəxi və turizm potensialı haqqında silsilə məqalələr dərc edilir. Naxçıvanın simvolu sayılan Haçadağla bağlı məqalə də media qurumunun “Twitter” sosial şəbəkəsindəki səhifəsində milyonlarla izləyicinin marağına səbəb olmuşdur.
Fotoşəkillərlə müşayiət olunan məqalədə Haçadağ Naxçıvan Muxtar Respublikasının əsas simvollarından biri və sirli-sehrli məkan kimi təqdim olunmuş, bu dağ barədə yaranmış əfsanələr diqqətə çatdırılmışdır. Dağın əsas gücü yaxşı insanları pis insanlardan və şər qüvvələrdən qoruması kimi dəyərləndirilmişdir. Vurğulanmışdır ki, Dünya Tufanı zamanı Nuhun gəmisi dağa toxunmuş və onun zirvəsini iki hissəyə ayırmışdır. Bundan sonra bu təbiət abidəsi Haçadağ adlandırılmışdır. Nuhun gəmisi Haçadağdan 100 kilometr aralıda yerləşən daha yüksək dağın ətəyində lövbər salmışdır. Bütün bunlar isə Haçadağın müqəddəsliyini və tarixi əhəmiyyətini artırır.
Müəllif məqalənin sonunda Haçadağın gözəlliyini və mənzərəsini seyr etmək üçün yaxınlıqdakı qədim tarixə malik, iki min pillə ilə zirvəsinə qalxılan Əlincə qalasını da ziyarət etməyi oxuculara tövsiyə edir.