Qədim və orta əsrlərdə yaşayış məskənləri salınarkən insanların suya olan tələbatının ödənilməsi zərurətini nəzərə alaraq, əsasən, çay sahilləri seçilirdi. Ona görə də hər hansı bir yaşayış məskəninin sakinləri, yaxud da ətraf ərazilərdə məskunlaşan əhali bir yerdən digər yerə gedərkən həmin çaylar onların rahat hərəkətinə mane olurdu. Bu səbəbdən də insanların, həmçinin bu ərazilərdə hərəkət edən karvanların işini asanlaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilirdi. Maneələri aradan qaldırmaq üçün iri çayların üzərində körpülər salınmağa başlanmışdır. Orta əsrlər zamanı geniş miqyas almış bu iş, hətta dövlət siyasəti səviyyəsinə qədər yüksəlmişdir. Beləliklə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda, o cümlədən onun qədim mədəniyyət mərkəzlərindən olan qədim diyarımızda da tələbata uyğun olaraq kiçik və böyükölçülü körpülər inşa edilməyə başlandı.
Məlumdur ki, Naxçıvan Böyük İpək Yolunun və onun qollarının keçdiyi əsas ərazilərdən biri olmuşdur. Orta əsrlər zamanı bu yol, əsasən, Ordubad ərazisindən başlayaraq Araz boyu qərbə doğru uzanaraq Sədərəyə qədər getmiş, oradan Osmanlı imperiyası ərazisinə daxil olmuşdur. Həmin yoldan istifadə edən ticarət karvanları, həm də əks-istiqamətə – Şərqə doğru hərəkət etmişlər. Həmçinin çayboyu gedib-gələn karvanlar müəyyən yerlərdə Araz çayını keçərək cənuba, eyni zamanda şimala doğru da hərəkət etmişlər.
Azərbaycan xalqının adət-ənənələri sırasında xeyirxahlıq məqsədilə yol saldırmaq, kəhrizlər qazdırmaq, su xətləri çəkdirmək, körpülər tikdirmək və digər bu kimi işlərin görülməsi təqdir edildiyindən bir sıra hökmdarlar və imkanlı şəxslər bu cür işlərlə məşğul olmuş, o cümlədən körpülər inşa etdirmişlər. Həmin dövrdə, həmçinin bütöv bir yaşayış məskəninin əhalisinin gücü və vəsaiti ilə inşa etdirilən körpülər də olmuşdur. Bölgə əhalisinə və ərazidən keçən ticarət karvanlarına xidmət etmək məqsədilə orta əsrlər zamanı salınmış həmin körpülərdən zəmanəmizədək nisbətən salamat gəlib çatanlar və dağılmış vəziyyətdə olanlar da vardır. Belə körpülərdən biri də muxtar respublikanın böyük çaylarından olan Əlincəçay üzərində orta əsrlər zamanı Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində inşa edilmiş biraşırımlı körpüdür. Körpünün eni 3,55 metr, uzunluğu 10,85 metr, hündürlüyü 8,8 metrdir. Yerli əhali arasında “Qozbel körpü” adı ilə tanınan bu körpü zəmanəmizədək nisbətən salamat vəziyyətdə gəlib çatmışdır. Nəqliyyat üçün yararsız olsa da, müşahidələrimizə əsasən deyə bilərik ki, çayda suyun çox olduğu vaxtlarda həmin ərazidə hərəkət edən insanlar və heyvan sürüləri bir sahildən o biri sahilə keçmək üçün körpüdən yararlanırlar. Körpü az yonulmuş çapma daşlardan inşa olunmuş, tağların haşiyəsi və arxivoltu (körpünün tağını çərçivəyə alan çıxıntılı haşiyə) təmiz yonulmuş qumdaşı ilə işlənmişdir. Buna görə də tağın kənarı körpü divarının yonulmamış səthindən fərqlənərək onun konstruksiyasını nəzərə çatdırır. Körpü Azərbaycanın “qozbel” körpülər tipinə aiddir. Körpünün dayaqları çayın sahillərində təbii özüllər – iri qayalar üzərində oturdulmuşdur. Çay yataqlarındakı qayalar davamlı təbii özüllər olduğundan körpülər inşa edilərkən onların konstruktiv sistemi bu möhkəm dayaqlar arasında qurulan tağbənd aşırımlarından yaradılırdı. Qaya özüllər həm də körpünü olduğu yerə, təbii landşafta birbaşa bağlayırdı. Bu zaman körpünün orta üfüqi hissəsi, bir qayda olaraq, pandus (tikintilərdə pilləkən əvəzinə istifadə edilən maili müstəvi) şəklində sahilə enirdi. Bu forma azaşırımlı körpülərə “qozbel” biçimi verirdi. Belə biçim təbiətə bağlılıq, tikinti materiallarına qənaət baxımından əlverişli olmaqla körpünü aramsız sellərə qarşı da daha dayanıqlı edirdi. Xalqımızın keçmiş körpüsalma ənənələrini və təcrübəsini parlaq surətdə əks etdirən Qazançı körpüsü də bu tələblərə uyğun inşa edildiyindən elmi ədəbiyyatda və xalq arasında “Qozbel körpü” kimi dəyərləndirilir. Körpü Qazançı kəndindən keçən, qərbə və şərqə hərəkət edən, Ordubad ərazisində Böyük İpək Yolunun əsas marşrutlarına birləşən ticarət karvanlarına və əhaliyə xidmət etmişdir. Şərq memarlıq üslubunda inşa edilən və Azərbaycan ərazisində zəmanəmizədək müəyyən qədər salamat vəziyyətdə gəlib çatan biraşırımlı körpülərin möhtəşəm nümunələrindən olan bu abidənin üzərində epiqrafik sənəd – kitabə olmadığı üçün onun inşa tarixi haqqında dəqiq elmi fikir söyləmək mümkün deyil. Ancaq tikinti texnikasına və memarlıq-konstruktiv quruluşuna əsasən körpünü XVII əsrin əvvəllərinə, Səfəvi hökmdarı I Şah Abbasın dövrünə (1587-1629-cu illər) aid etmək olar. Körpü zaman keçdikcə təbii qüvvələrin təsirindən, xüsusilə keçən yüzillikdə baxımsızlıqdan aşınmalara məruz qalmış, bəzi yerləri uçub dağılmışdı. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığı ilə 2018-ci ilin iyul ayından körpüdə bərpa işlərinə başlanılmışdır. Keçən müddət ərzində burada bir sıra işlər görülmüş, ilk növbədə, Naxçıvan-Ərəfsə yolundan körpünün yerləşdiyi əraziyə asfalt yol çəkilmişdir. Yeni çəkilən yolun kənarlarında sürüşmənin qarşısını almaq, güclü sel sularının yaranması zamanı körpünün təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər həyata keçirilmişdir. Körpünün ətrafında 120 metr sahilbərkitmə işləri aparılmışdır. Dəmir-betondan 50 metr uzunluğunda istinad divarı salınmış və onun üzəri dağ daşları ilə üzlənilmişdir. Tikintisində müxtəlif həcmli çay və dağ daşları, bərkidici kimi isə əhəng məhlulundan istifadə edilən biraşırımlı körpünün bərpası zamanı yükdaşıyan hissəsinin aşınmış daşları dəyişdirilərək yenisi ilə əvəz olunmuş, daşların arası tamamilə təmizlənərək əhəng məhlulu ilə yenidən bərkidilmişdir. Körpünün şimal tərəfdən yol ilə birləşən hissəsi orijinallığı saxlanılmaqla bərpa edilmişdir. Nəticədə, körpünün uzunluğu ilkin şəklinə, yəni 50 metrə çatdırılmışdır. Bütün bu işlərin yerinə yetirilməsində yerli dağ daşlarından istifadə olunmuşdur. Ümumiyyətlə, Qazançı kəndinin cənub tərəfində yerləşən və kəndin adı ilə “Qazançı körpüsü” adlandırılan bu memarlıq abidəsi orijinallığı saxlanılmaqla yüksək səviyyədə bərpa olunmuş, onun əvvəlki görkəmi özünə qaytarılmışdır. Körpüdə aparılan bərpa işləri 2018-ci ilin noyabr ayında başa çatdırılmışdır. Noyabrın 30-da Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpadan sonra istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iştirak etmiş, körpünün bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Tanışlıq zamanı Ali Məclisin Sədri muxtar respublikada bərpa olunmayan tarixi abidələrin müəyyən edilməsi və onlarda bərpa işlərinin aparılması, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən Qazançı körpüsü haqqında tarixi mənbələrdən məlumatların toplanılması və monoqrafiya şəklində nəşr olunması, Qazançı körpüsü haqqında materialların və fotoşəkillərin internetdə yerləşdirilməsi və tanıdılması barədə tapşırıqlar vermişdir.
Beləliklə, muxtar respublika ərazisində zəmanəmizədək gəlib çatan daha bir tarixi abidəyə – Qazançı körpüsünə yeni həyat verilərək xalqa qaytarılmış, körpünün orta əsrlər zamanı və sonrakı dövrlərdə Qazançı kəndinin və ətraf yaşayış məskənlərinin əhalisinin həyatında oynadığı rol özünə qaytarılmışdır. Əminliklə deyə bilərik ki, muxtar respublikamızda tarixi-mədəni irsimizin qorunub yaşadılmasına göstərilən dövlət qayğısı nəticəsində digər tarixi abidələrimiz də elmi əsaslarla, keyfiyyətli şəkildə bərpa edilərək yenidən xalqımızın ixtiyarına veriləcəkdir.
Fəxrəddin SƏFƏRLİ AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü