Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ ilə təmin edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş öhdəliklərdən irəli gəlir. Həmçinin ölkə Konstitusiyasında hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit olunmuşdur.
Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarını və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək və müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunması və başqa məsələlər üzrə hüquqi yardım göstərilməsi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” 1999-cu il 29 dekabr tarixli Qanunla tənzimlənir.
Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olmuş və cinayət prosesində öz hüquqlarını müstəqil həyata keçirən və pulsuz hüquqi yardım göstərilməsini tələb edən uşaqlara xidmət göstərən vəkilə ödənilməli olan haqq, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Tutulmuş şəxs tərəfindən müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarından və fərdi qaydada fəaliyyət göstərən vəkillər sırasından Vəkillər Kollegiyasının müəyyən olunmuş qaydada tərtib edilən növbətçilik siyahısına uyğun olaraq vəkil dəvət olunur və tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqavilə bağlanır.
Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan tutulmuş şəxsə dövlət hesabına hüquqi yardım göstərən növbətçi vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.
Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Çünki, şübhəli və təqsirləndirilən şəxs müdafiəçinin yardımından pulsuz istifadə etmək hüquqna malikdir. Cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər.
Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə şübhəli və ya təqsirləndirilən şəxs görmə, eşitmə və nitq qabiliyyəti tam məhdud olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntulara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə, cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə, şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə, şübhəli və ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda, şübhəli və ya təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə, cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs barəsində həyata keçirildikdə, şübhəli və ya təqsirləndirilən şəxsin fəaliyyət qabiliyyəti olmadıqda və məhkəmə baxışı Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır.
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliynə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.
Azərbaycan Respublikasının mülki - prosessaul qanunvericiliyinə isə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyun 2023-cü il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən vəkilin bütövlükdə məhkəmə prosesində dövlət hesabına iştirakının dairəsi daha da genişləndirilmişdir.
Mülki - prosessual qanunvericiliyə edilmiş qeyd olunan dəyişikliklərdən sonra Azərbaycan Respublikasının cinayət mühakimə və inzibati xətalar zamanı dövlət hesabına vəkillə təmin edilmə eyni zamanda mülki məhəkəmə icraatına da şamil edilmişdir. Bu isə ölkəmizdə həyata keçirilən mütərəqqi hüquq islahatlarının davamıdır.
Azərbaycan Respublikasının mülki - prosessual qanunvericiliyinə əsasən vəkilin prosesdə dövlət hesabına iştirakı Mülki Prosessual Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir.
Bəs, vəkilin prosesdə məcburi iştirakı tələb olundurğu hallar hansılardır?
Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır.
Şəxsin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir.
Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunmacağı hallarında məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslərin, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqların, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin, müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslərin və maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir.
Məhkəmə bu şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərarlardan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər.
Məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında qət edə bilər.
Qeyd olunanlar deməyə əsas verir ki, bu gün hər bir ölkə vətəndaşının yüksək hüquqi yardım almaq hüququ Azərbaycan dövləti tərəfindən təmin olunur. Azərbaycan dövləti həmçinin vətəndaşların müdafiə hüququnun dövlət vəsaiti hesabına təmin edilməsi üçün mütərəqqi qərarlar qəbul edir. Dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Faiq Səfərov
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
şöbə rəisi, baş ədliyyə müşaviri
Prokurorluğun fəxri işçisi