İsrail kütləvi raket hücumlarını necə dəf edir?

A- A A+

Fələstinin HƏMAS radikal qruplaşması tərəfindən insanlığa qarşı aparılan terror aktları nəticəsində uşaqlar da daxil olmaqla 800-dən çox insanın həlak olmasına cavab olaraq İsrail ordusu "müharibə hazırlığı vəziyyəti"nə gətirilib və "Dəmir Qılınclar" əməliyyatına başlanılıb. Artıq müharibə miqyasını alan bu silahlı qarşıdurmada ən çox diqqətçəkən məqamlardan biri qabaqcıl silah sistemlərinin istehsalçısı “RAFAEL” şirkətinin məhsulu olan və keçilməz bir qalxan olduğunu sübut edən “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin raketləri zərərsizləşdirməsi prosesidir. Belə ki, İsrailin hava hücumundan müdafiə sistemi Dəmir Qübbə” bir gecədə 90 faizdən artıq tutma dərəcəsi ilə 5 mindən çox raketi havada zərərsizləşdirib.

Amma HƏMAS terrorçularının havadan, qurudan və dənizdən sızması ilə yanaşı, “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin vura bilmədiyi bir neçə raketin İsrail ərazisinə düşməsi itkilərə səbəb olub. Fələstindəki qruplaşmaların eyni anda yüzlərlə raket atması onu göstərir ki, terrorçular yeni hücum taktikasından istifadə edib. Təbii ki, bütün bunlar İsrailin hava hücumundan və raketdən müdafiə sisteminin, xüsusilə də naməlum hədəfləri müəyyən edərək yüksək sıxlıqlı hava məkanlarında işləməyi bacaran “Dəmir Qübbə”nin zəif olduğu mənasına gəlmir.

İsrailin “RAFAEL” şirkəti öz növbəsində “Dəmir Qübbə”ni geridə qoyacaq yeni bir hava hücumundan müdafiə sistemi-“Dəmir Şüa”nı  istehsal edib. Yüksək enerjili lazer silah sistemi olan “Dəmir Şüa” geniş spektrli təhdidləri dəqiqliklə neytrallaşdıra, hərbi qüvvələri və mülki əhalini qoruya, müxtəlif platformalar və sistemlərə inteqrasiya oluna bilər. 100 faiz tutma dərəcəsi ilə “Dəmir Qübbə”dən daha həlledici olacağı gözlənilən “Dəmir Şüa” dünyada nadir hallarda rast gəlinən yüksək effektli müdafiə sistemlərindən biridir.   

Sistem qısa mənzilli raketləri, artilleriya və minaatan mərmilərini, eləcə də pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulub. “Dəmir Şüa” 20 km məsafədə atışdan sonra 4-5 saniyə ərzində hava hədəfini məhv etmək üçün fiber-optik lazerdən istifadə edir. 7 kilometrlik təsirli məsafəyə malik olan “Dəmir Şüa”  müstəqil sistem kimi də fəaliyyət göstərə bilir, hava hücumundan müdafiə sisteminin bir hissəsi olaraq da kənar müdaxilə ilə hərəkət edir. Bu silahın  raket qurğuları ilə müqayisədə əsas üstünlükləri atış başına daha az xərc, qeyri-məhdud sayda atəş, aşağı əməliyyat xərcləri və daha az işçi qüvvəsinin olmasıdır.  

Bəs nəyə görə İsrail Müdafiə Ordusu bu sistemin imkanlarından yararlanmayıb? Hərbi ekspert və mütəxəssislərin gəldiyi qənaət ondan ibarətdir ki, lazerin effektivliyi məsafə və vaxtla bağlıdır. Çünki lazer raketlərin temperaturunu partlayana qədər artırır və bu proses də 4-5 saniyə vaxt tələb edir. Lazer işıq sürəti ilə hədəfə çatsa da, raketin əriməsi və ya partlaması üçün hədəf izlənilməlidir. Bu da kütləvi hücumlarda bir neçə hədəfi vurma ehtimalını azaldır.

Sonuncu əməliyyat onu göstərdi ki, həm “Dəmir Qübbə” öz işinin öhdəsindən layiqincə gəlməyi bacarıb və həm də ondan daha təkmil olan “Dəmir Şüa”nın tətbiq imkanlarının genişləndirilməsi ön plana çıxıb. Bir sözlə, dünyanın ən qüdrətli ordularından olan İsrail Müdafiə Ordusu öz düşmənlərini məhv etməyə qadir silah sitemlərinə və peşəkar şəxsi heyətə malikdir.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: