Yolumuz Turan yoludur

A- A A+

Heç yadımdan çıxmaz, qonşumuz Sara xala bir gün bizə gəldi. Paltarının altında gizlətdiyi kağızı çıxarıb anama verdi; Xavər, eşitdim ki, latın dilində oxuya bilirsən. Türkiyədən qohumlar bunu anama göndəriblər, oxuya bilmirik. Qorxudan heç kimə göstərməyə cəsarət etmirik. Qurban olum, bu məktubu oxuya bilərsən? Amma heç kim bilməsin.

 

Həmsöhbətim filologiya elmləri doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi (2020), Azərbaycan Jurnalistlər (2002) və Yazıçılar Birliklərinin üzvü (2005), “Turkay” aylıq Ədəbiyyat dərgisinin redaktoru Lütviyyə Əsgərzadədir. İçindəki xəlqiliyi, türkçülüyü gördüyü işlərlə ortaya qoyan ziyalı xanım, dəyərli alim.

Salam, Lütviyyə xanım. Necəsiniz?

Salam, Təranə xanım. Yaxşıyam, çox sağ olun.

Nuh yurdunun övladı olaraq sizi daha yaxından tanıyaq.

Sizin də vurğuladığınız kimi Naxçıvan şəhərində anadan olmuşam. Eynəli bəy Sultanov adına 7№ li orta məktəbini bitirmişəm. 1980-ci ildə  Naxçıvan Dövlət Pedoqoji İnstitutuna, indiki Naxçıvan Dövlət Universitetinin Dil-Ədəbiyyat fakültəsinə daxil olmuşam. Universiteti bitirdikdən sonra (1985) Naxçıvan şəhər 5 №-li kitabxanada zal müdiri, böyük kitabxanaçı vəzifəsində çalışmışam. Naxçıvan şəhərində fəaliyyət göstərən xüsusi tipli məktəblərdə; Naxçıvan şəhər “Xanım qızlar” pansionunda və Cəmşid Naxçıvanski adına hərbi məktəbdə, indiki Heydər Əliyev liseyində dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişəm. 1999-cu ildən Naxçıvanda yenicə yaradılmış “Heydər Əliyev muzeyi”ndə əvvəlcə ekskursovood,  2000-ci ildən direktor vəzifəsində çalışmışam. 2006-cı ilədən AMEA Naxçıvan Bölməsində, 2013-cü ildən AMEA-nın Ədəbiyyat institutunda çalışıram. 

Bir azərbaycanlı olaraq içinizdəki Turan sevdasını kimə borclusunuz?

İçimdəki Turan sevdasını ilk öncə anama, sonra mütəfəkkir şairimiz Hüseyn Cavid əfəndiyə borcluyam.

Bizim nəslin uşaqlıq və yeniyetməlik dövrü sovet hakimiyyəti dönəminə düşdüyü üçün Sovet ideologiyası ilə böyüyən uşaqlardanam.  Məktəbə qədəm qoyan gündən ənənəvi olaraq öncə yaxamıza üzərində Leninin şəkli olan nişan vururdular, olurduq oktyabryat (oktyabr uşaqları). Sonra pioner, daha sonra komsomol. Keçmiş SSRİ-ni böyük vətənimiz, Lenini babamız bilirdik. Dönəm şairlərinin Leninə, partiyaya  yazdığı şeirləri əzbərləyirdik. Yəni nə türk, nə də türkçülük haqqında heç bir təsəvvürümüz yox idi. Mən ilk dəfə türk sözünü anamdan bir təsadüf nəticəsində eşitmişdim. Bir haşiyə çıxmaq istəyirəm. Bilirsiniz də, bolşeviklər Azərbaycanı yalnız ərazi olaraq işğal etməmişdi. Onlar dərindən təmizləmə aparmış, milli ənənələrimizə, musiqimizə, dilimizə, dinimizə, ən əsası əlifbamıza müdaxilələr etmişdilər. Bir əsrdə dəfələrlə əlifbamız dəyişilmişdi. 1938-ci ildə Azərbaycan türkləri Krilə keçmişdi.

Heç yadımdan çıxmaz, qonşumuz Sara xala bir gün bizə gəldi. Paltarının altında gizlətdiyi kağızı çıxarıb anama verdi; Xavər, eşitdim ki, latın dilində oxuya bilirsən. Türkiyədən qohumlar bunu anama göndəriblər, oxuya bilmirik. Qorxudan heç kimə göstərməyə cəsarət etmirik. Qurban olum, bu məktubu oxuya bilərsən? Amma heç kim bilməsin. Anam məktubu o qədər alçaq bir səslə oxudu ki, sanki divarın o biri tərəfində kimsə onu eşidirdi. Mən 6-7 yaşlı uşaq idim. Anamın məktubu oxuyanda necə qorxduğunu heç vaxt unutmadım. Anamdan soruşdum; Ana, Türkiyə haradadır? Türklər kimlərdir? Anam alçaq səslə dedi; Qızım, diqqətli ol. Heç kimə bir söz demə. Biz türkük. Türklər bizim dil və din qardaşlarımızdır.”

Bir dəfə də anam bizə “Əsli və Kərəm” dastanını nağıl edirdi. Hərdən də arada mahnı üstündə oxuyurdu: “Ərzurumun gədiyinə varanda, onda gördüm lopa-lopa qar gəlir.” Onda da anamda soruşmuşdum, - Ərzurum haradır? 

Anam da ehtiyatla nağıla, dastana qatıb bizə türkdən danışmışıdı. Böyüyəndə anamı qorxduğu üçün qınamadım. Anam qorxmaqda haqlı idi. Bizə “Böyük Vətən” kimi aşılanan SSRİ-də heç kim özünə türk deyə bilmirdi. İlk dəfə Türkiyə və türk sözünü anamdan duyduğum üçün anama borcluyam. 

Bilirsiniz, bizim vaxtımızda dərsliklərə türkçülərin, türançıların əsərləri tədris olunmurdu. Nə Əli bəy Hüseynzadədən, Hüseyn Caviddən, nə Məhəmməd Hadidən xəbərimiz vardı. 80-ci illərdə ilk dəfə Hüseyn Cavidin adını akademik Rafael Hüseynovdan televiziya proqramında duydum. Səhvetmirəmsə “Səhər görüşləri” idi. Sonra onun “Vaxtdan uca” əsərini kitab mağazasında axtarmağa başladım. O zaman Naxçıvanda böyük bir kitab mağazası vardı, oradan tapıb aldım. O kitabla Hüseyn Cavid işığına, Hüseyn Cavid ruhuna büründüm, desəm yalan olmaz. Krım yazıçısı Cengiz Dağcı müsahibələrindən birində deyir: “Vətən əslində dildən ibarətdir.” Cavidin özü türk, dili türkcə idi, yəni Cavid geniş anlamda vətəndi-Turandır. Hüseyn Cavidi oxuyub türkcəni öyrənməmək, sevməmək mümkün deyil. Türk ruhunun, türkçülük fəlsəfəsinin, türk kimliyinin, türk dilinin sovet cəmiyyətində yaşatılmasında Cavidin rolu misilsizdir. Mən də içimdəki Turan sevdasına görə mütəfəkkir Cavidə borcluyam.

İstərdim, bu günkü söhbətimizi Turan yolçuluğunda yol alan insanlardan, gördüyünüz və görmək istədiyiniz işlərdən danışaraq davam etdirək.

Hələ  1930-cu illərdə Mustafa Kamal Atatürk böyük uzaqgörənliklə demişdir; “Bu gün Sovet Rusiyası bizim dostumuz, qonşumuz, müttəfiqimizdir. Dövlət olaraq bu dostluğa ehtiyacımız var! Amma sabah nə olacağını heç kim proqnozlaşdıra bilməz. O, Osmanlı İmperiyası kimi, Avstriya-Macarıstan İmperiyası kimi parçalana bilər! Bu gün əlində möhkəm tutduğu Millətlər onun əlindən sürüşüb çıxa bilər. Dünya yeni dəngəyə çata bilər!... Onda Türkiyə nə edəcəyini bilməlidir! Bu dostumuzun rəhbərliyi altında yüzlərlə dili bir, dini bir qardaşımız var. Biz onları dəstəkləməyə hazır olmalıyıq! “Hazır olmaq” sadəcə səssizcə o günü gözləmək deyil, “hazırlaşmaq lazımdır”.

Millətlər buna necə hazırlaşır? Mənəvii körpülərinizi möhkəm saxlamaqla! Dil bir körpüdür, inanc bir körpüdür, tarix bir körpüdür! Bu gün dil, adət-ənənə, tarix baxımından bu cəmiyyətlərdən ayrı düşmüşük, çox uzaqlara düşmüşük! Doğrudur bizim yerimiz, yoxsa onların olduğu yer? Bunu hesablamağın bir faydası yoxdur!... Onların bizə yaxınlaşmasını gözləyə bilmərik; Onlara yaxınlaşmaq lazımdır... Tarixi bağı qurmaq lazımdır... Folklor bağı qurmaq lazımdır... Dil bağı qurmaq lazımdır..." Türk birliği düşüncəsini millətinin şüuraltına yerləşdirən Hüseyn Cavid, ortak türk gələcəyindən ortak türk keçmişinə bağlı düşüncələrində Atatürklə eyni düşüncəni paylaşır.

Atatürkün dediyi kimi, aramızda çoxlu mənəvi körpülər var və bu körpülərdən ən önəmlisi dil, inanc, tarix və mədəniyyət körpüsüdür. Bundan əlavə, millətləri yaşadan ən mühüm ünsürün mədəniyyət və dil olduğu məlum həqiqətdir. Hüseyn Cavidin bütün yaradıcılığı bu körpülərin qurulmasına xidmət edir. Bu gün bu siyasət dövlət səviyyəsində aparılır. Türk dövlətləri bu sahədə müştərək işlər görür.  Kültür, dil, folklor, tarix bağı qurulur.

2023- cü ildə Turan yolunda daha bir gözəl, müsbət addım atıldı.  Sizin baş redaktoru olduğunuz, dəyərli türk yazarı Tayyib Atmacanın fikir birliyi ilə türk qadınlarının yaradıcılığını təblig edən “Türkay“ ədəbiyyat dərgisi işıq üzü gördü. Dərginin amacı, məqsədi nədir, Lütviyyə xanım?

Yenə fikrimə, mütəfəkkir Cavidin misralarına söykənərək başlamaq istəyirəm. Cavid yazır:

Qadın Günəş, cocuq...Ay! Nuru Ay Günəşdən alır,

Qadınsız ölkə çabuk məhv olur, zavallı qalır.

Qadın əlilə fəqət bəxtiyar olur bu cahan…

O bir mələk... onu təqdis edər böyük yaradan.

O çox sevimli, gözəl, incə, nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət,

Qadın gülərsə, bu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Qadın böyük qüvvədir. Qadın anadır. Bəşəriyyətin gələcəyidir. Bir alman məsəlində deyilir: “Siz mənə ağıllı və ismətli qadınlar verin, mən sizə gələcəyi bəxş edim.”

Türkay aylıq ədəbiyyat dərgisi qadınların dərgisidir. “Heca daşları” dərgisinin redaktoru Tayib Atmacanın dəstəyi ilə artıq 9-cu sayı yayınlandı. Türk dünyasının qadınları Türkaydərgisində birləşir. Balkanlardan Qafqazlara bütün türk ölkələrinin qadın şairlərinin şeirləri, hekayə ve esseləri, resenziyaları orijinal şəkildə yayınlanır. Doğrudur, nəşr olunan materiallar türk dilində olsa da, müəyyən ləhcə fərqlərinin olduğu danılmazdır. Dərgidə tatar, qaqauz, özbək, türkmən və s. türkdilli xalqların şeirləri yazıldığı şəkildə oxuculara çatdırılır. Düşünürəm ki, bu birbaşa Ortaq Türk dilinə, Ortaq Türk mədəniyyətinə, Ortaq Türk ədəbiyyatına xidmətdir. Türkçülük ideologiyasının təşəkkül tapmasında Ziya Göyalp, Rusiyada İsmayıl bəy Kaspiralı, Azərbaycanda, bütövlükdə Türk dünyasında Azərbaycan mütəfəkkirləri Əlibəy Hüseynzadə,  Əhməd bəy Ağaoğlu və Hüseyn Cavidin böyük rolu olmuş,  çalışmalarını Kaspiralı “Dildə, işdə, fikirdə birlik” şüarını istiqamətdə aparmışlar. “Böyük müəllim, fəzilətli mürşid” adlandırdığı İsmayıl Kaspıralı, Əli bəy Hüseynzadə və Ziya Gökalpla eyni ideologiyaya xidmət edən Cavid hətta qızının adında bu fikri yaşatdı: Turan!

“Türkay” aylıq ədəbiyyat dərgisi bu ideyaya, “İşdə, fikirdə, dildə birlik” ideоlоgiyasına  xidmət edir, deyə bilərik.

Dərgidə hansı yeniliklər gözlənilir?

Bugünə qədər dərgimizdə qadın yazarların hekayə, şeir, resenziya, esseleri yayınlanırdı. Türkay aylıq Ədəbiyyat Dərgisinin bir qrupu var. Watsapp üzərində toplantılarımız оlur. Qrupda yer gəldiyində fikir bölüşürük. Məsələn, ən sоn dərginin üz qabığnda verilən rəsm əsərləri  haqqında müxtəlif fikirlər ifadə edildi. Qadınlarımızla belə bir fikrə gəldik ki, dərgidə qadınların yalnız şeir və hekayələrini verməklə kifayətlənməyək. Оnları daha geniş ampulada təqdim edək. Qadınların yeni çap olunan əsərləri haqqında resenziyalara da yer verək, müsahibələr alaq. Düşünürəm ki, bu yaxşı ideyadır. Məsələn, dərgi yarandığı gündən burada yazıları yayınlanan xanımları tanımaq və Türk Dünyasına tanıtmaq məsuliyyətli və şərəfli bir işdir.

Bu dərgini qadın yazarlara yaşıl işıq kimi dəyərləndirə bilərikmi?

Məncə, yaşıl işıq kimi dəyərləndirmək olar. Türkay Ədəbiyyat dərgisi qadınlara verilmiş bir tribunadır. Hər kəs özünü burada ifadə və təqdim edə bilər.

Siz  Turan şairi ustad Hüseyn Cavidin araşdırmaçısı kimi tanınırsınız. Hüseyn Cavid sevgisi bizə nələri öyrədir?

Cavid sevgisi mənə Vətən, Millət sevgisini öyrətdi. Türkcəni öyrətdi. Hüseyn Cavidi sevmək, Turanı sevməkdir. Hüseyn Cavidi sevmək Türkü sevməkdir.

Bildiyimiz kimi, Cavidin mifologiyaya, folklor və tarixə böyük marağı olub. Xüsusən də Şərq tarixini, İslam və Osmanlı tarixini dərindən bilib. Qələmini daha çox bu sahədə işlədib, tez-tez Şərq tarixinə müraciət edib. Əsərlərində türkün ən xarakterik qəhrəmanlarını yaradıb. Allahın, Peyğəmbərin yerini Leninin, Stalinin tutduğu bir zamanda, Cavid ədəbiyyatda “Peyğəmbər”də Peyğəmbər, “Seyx Sənan”da Şeyx Sənan, “Topal Teymur”da Əmir Teymur yaradıb. Yazdıqlarını o dövrdə türk yaddaşının təzələnməsi, milli yaddaşın oyandırılması naminə yazıb. “Topal Teymur”da türk birliyinə qarşı dövlət siyasəti səviyyəsində olunan rus müdaxiləsinə etiraz edib. Onun yaratdığı silsilə xarakterlər və ideyalar sistemi Türkçülük və Milli ideologiya nəzəriyyəsinin bütün tərəflərini yansıdır. Cavid Turan adlı məmləkətin sakinidir. Bu məmləkətin qəhrəmanları Turan sakinləridir. Bu məmləkətin sakinlərinin dini islam, kimliyi Türk, dili Türkcədir. 

Hüseyn Cavidi Türkiyədə hansı əsəri ilə tanıyırlar? Ümumiyyətlə, qardaş ölkədə Azərbaycanın söz-sənət adamlarına hansi prizmadan yanaşırlar?

Hüseyn Cavid Türkiyədə tanınır, oxunur və sevilir. Hələ keçən əsrin əvvəllərindən Hüseyn Cavidin Sırat-ı Müstakim, Kardeş köməyi, İctihad, Yeni məcmuada şeirləri nəşr olunub.  Yavuz Akpınar, Erdoğan Uyğur, Ahmet Bican Ercilasun, Yusuf Gedikli, Fahrettin Kırzıoğlu, Mustafa HakkıTürkekul, Ənvər Uzun, Banuçiçek Kırzıoğlu kitab və məqalələr yazıb, ensiklopediyalarda haqqında oçerklər yazılıb.

Qaldı kı, qardaş ölkədə Azərbaycanın söz-sənət adamlarına hansi prizmadan yanaşma məsələsinə bu barədə də fikrim müsbətdir. Bu gün Türkiyə bizim üçün əlçatmaz deyil. Şair və yazarlarımız orada dərc olunur və oxunurlar.  Düşünürəm ki, bu əlaqələr daha da güclənməlidir.

Türkdillin ölkələrdə keçirilən elmi konfranslar, ədəbi görüşlər ümumi türk dünyasına hansı töhfələri verir?

Təbii ki, keçirilən elmi konfransların həm elm adamlarının bir-birini tanıması baxımından, həm də fikir mübadiləsi baxımında əhəmiyyətlidir. Mənim də elmi yaradıcılığımda digər ölkələrin alimləri ilə əməkdaşlıq da mühüm yer tutur. Mən öz ixtisasım üzrə Bolqarıstan, Türkiyə, İraq, Rusiya, Makedoniya, Kosova, Arnavutluq, İtaliya kimi ölkələrin alimləri ilə əlaqə saxlayır,  beynəlxaq konfrans və qurultaylarda elmi məruzələrlə çıxış edirəm. Məqalələrim Rusiya, İtaliya, Türkiyə, İran, Kosova, İraq, Makedoniya, Arnavutluq, Braziliya, Ukrayna və Koliforniyada elmi jurnallarda nəşr olunub. Qatıldığım konfranslar əsasən Türk dili və ədəbiyyatı, bəzən də tarix ağırlıqlı olur. Hansı olkədən qatılmağımıza baxmayaraq, araşdırmalarımız Türk dünyasını əhatə edir. Türk dili və ədəbiyyatının dünəni, bu  günü və gələcəyindən danışılır. Mən çox sayda beynəlxaq elmi konfrans və simpoziumların iştirakçısı olmuş, elmi məruzələr etmişəm. Həmçinin Türkiyədə, Balkanlarda  təşkil olunan konfransların təşkilində və rəhbərliyində Azərbaycanı  təmsil etmişəm. Bu konfranslar bütün Türk dövlətlərindən gələn alimlərin bir-biri ilə tanışmasına və əlaqələr yaranmasına xidmət edir.

Türk dünyasından tanıdığınız elm, ədəbiyyat adamları haqqında nə deyə bilərsiniz?

Türk Dünyasında tanıdığım elm adamları çoxdur. Məsələn, Vizyon universitetinin professoru Atilla Jorma və xanımı Sevil İrəvanlı, Priştina universitetinin professoru İrfan Morina, Tiran universitetinin professoru Lindita Xhanari Latifi, professor Danuta Chmielowska,  professor Elfina Sibgatulina, Dokuz Eylül Üniversitetinin professoru Mustafa Daş, doçent Dilşen İnce Erdoğan, Atatürk Universitetinin professoru Kərəm Karabulut, Erzincan Binali Yildiim Universitetinin professorları Abdulkadir Gül və Bilgə Kağan  və s. Bu siyahını istənilən qədər genişləndirmək də olar.

Heydər Əliyevlə Atatürkün adı həmişə qoşa çəkilir. Hər iki lider xalqı qarşısında əlindən gələni əsirgəməyib. Bu il Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə və Türk dünyasında yüksək səviyyədə qeyd olunur. Heydər Əliyevin 100 illik yubileyinə sizin töhfəniz nədir?

Hər iki şəxsiyyət: Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyev tarix yazan və tarixdə yaşayan dünyaşöhrətli siyasi liderlərdir. Azərbaycan tarixşünaslıq elminin yaradıcısı Abasqulu Ağa Bakıxanov yazır: “Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini… xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır… Tarix elmi dünyanın təcrübəsini bizə kəşf edir.” Bilirsiniz ki, “Danışmayan natiq”in toplanmasında və qorunub saxlanılmasında muzeylər müstəsna əhəmiyyət kəsb edir.

Əbu Turxan yazır ki, “Bəzən sən yolu seçirsən, bəzən də yol səni.” Taleyimə yazılan yol 1999-cu ildə məni Naxçıvanda yenicə yaradılmış “Heydər Əliyev muzeyi”nə gətirdi. Muzey 10 may 1999-cu ildə, ümummilli liderin anadan olduğu tarixdə fəaliyyətə başlamışdır. Əvvəlcə ekskursovod,  2000-ci ildən direktor vəzifəsində çalışdım. Muzey ümummilli liderin şərəfinə Azərbaycan Respublikasında yaradılmış ilk muzey kimi, həmçinin ümummilli liderin həyat və fəaliyyətinin, ictimai-siyasi, elmi-nəzəri, dövlətçilik irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, araşdırılması,  təbliği və gələcək nəsillərə çatdırılmasında  xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev muzeyinin ekspozisiyasında sərgilənən  eksponatlar ulu öndərimizin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirməklə yanaşı, Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyətini, Ali Məclisin sədri kimi gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlardan, sərəncamlar, sənədlər, fotolar, filmlər, albomlar və s. Naxçıvanın ən ağır blokada vəziyyətində yaşadığı günlərdən “danışan natiq”lərdir.  Muzeyə gələn qonaqlara burada nümayiş etdirilən fotolar, stendlərdə qorunan qərarlar haqqında məlumat vermək mənim üçün həm məsuliyyət, həm də  şərəf idi. Muzeyə gələn qonaqların sayı-hesabı yox idi. Respublikaya gələn qonaqlar; səfirlər, Millət vəkilləri, nazirlər, xarici qonaqlar, jurnalistlər və s. böyük bir maraqla muzeyi ziyarət edir, yüksək fikir bildirirdilər. Muzeyin ən yaddaqalan, unudulmaz günü Naxçıvan MR 75-illik yubileyi münasibəti ilə keçirilən bayram şənliklərində iştirak etmək üçün Naxçıvana gələn ümummilli lider Heydər Əliyevin 1999-cu il oktyabrın 13-də muzeyə gəlməsi, ekspozisiya ilə tanış olması oldu. Heydər Əliyev böyük şəxsiyyət olmaqla yanaşı, həm də çox səmimi insan idi. Həmin gün sevincimizin həddi-hüdudu yoxdu. O gün həyatımızın ən yaddaqalan günü oldu.  Doğrudur, sonralar da qatıldığım qurultaylarda (20-22 noyabr 2001-ci il YAP II qurultayı  və 2003-cü ildə keçirilən Azərbaycan qadınlarının II qurultayı), müşavirələrdə, sesiyalarda bu böyük şəxsiyyəti görmək, çıxışlarını, tövsiyələrini dinləmək şərəfinə nail oldum. Lakin muzeydə ulu öndərlə keçirdiyimiz görüş ömürlük hafizəmə yazıldı. Ümummilli liderin müzeyi ziyarət etdiyi günün təəssüratı uzun zaman yaddaşımdan silinmədi və mən o gün ümummilli lider Heydər Əliyevə 3 şeir həsr etdim. Məgər ümummilli lideri yaxından görmək, o böyük şəxsiyyətin tövsiyələrini dinləmək, ondakı səmimiyyətə heyran olmaqdan keçirmiş şeirin yaranma prosesi. Şeirlərdən birinə Naxçıvan MR Əməkdar İncəsənət xadimi Şəmsəddin Qasımov musiqi bəstələdi. Mahnı ümummilli liderin 80 illik yubileyində xor tərəfindən ifa olundu. Elə həmin ildə keçirilən “Heydər Əliyev siyasəti, Heydər Əliyev müdrikliyi” müsabiqəsinin qaliblərindən biri oldum. Ümummilli lider Heydər Əliyevin 80 illik yubileyinə həsr  olunan müsabiqədə “Ən yaxşı analitik yazılar üçün” ayrılan mükafata layiq görüldüm.

Bu il mən də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi  ilə əlaqədar olaraq Azərbaycanda muzeylərin yaradilmasının memari: Naxçıvanda Heydər Əliyev muzeyi” adli məruzə ilə H.Cavidin ev muzeyində muzeylər gününə həsr edilən konfransda iştirak etmişəm. Mənim ümummilli liderlə bağlı xatirələrim Elnarə Akimovanın təqdimatında “Ədəbiyyat” qəzetində  yayınlanıb. “Ulu öndər öz müəllimlərinin xatirəsini həmişə uca tuturdu” adlı yazım “Mədəniyyət” qəzetində, “Heydər Əliyev:ümumtəhsil məktəblərində qazanılan biliklər, məktəb və müəllim” Carçı TV-də, “Naxçıvanda Heydər Əliyev muzeyi: ulu öndərə sonsuz ehtiramdan yaranıb” adlı yazım  “ 525-ci qəzetdə çap olunub. 22-23 noyabr 2023-cü ildə Ağsuda keçiriləcək “Heydər Əliyev ili”nə həsr olunan Bələdiyyələr tarixi I Beynəlxalq Gəgəli simpozyumunda "Heydər Əliyev  və  Naxçıvan (1990-1993)” adlı məruzə ilə iştirak edəcəyəm. Yubiley tədbirləri ilin sonuna qədər davam edəcək. Biz də yeni-yeni yazılarla öz töhfələrimizi verəcəyik.

Şeir yazmaq, içinizi misralara tökmək mənən rahatlanmaq deməkdir. Sevdiyiniz söz sahibləri kimlərdi? Və sevdiyiniz bir bənd şeirlə söhbətimizi tamamlaya bilərikmi?

Həqiqətən şeir yazmaq mənəvi ehtiyacdır. Mən özümü şair saymasam da bir zamanlar çox şeir yazmışam. İçimi tökmək, yüngülləşmək üçün.  Şeir yazmaq xüsusi bir istedad tələb edir. Hər kəs şeir yaza bilər, amma hər kəs şair  ola bilməz. Şeir oxumağı çox sevirəm. Ən çox oxuduğum Məmməd Araz, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Rəşad Məcid, Salam Sarvan, Mahirə Nağıqızı, Qulu Ağsəs, Hüseyn Bağıroğlu, mərhum Zərdüşt Səfi və başqalarıdır. Son zamanlar tədbirlərdə Ramiz Rövşənlə iki dəfə görüşmək qismət olub. Onun “Analar aldatdı bizi” və “Üz tutduğum adamlar” şeirləri şüuraltıma həkk olunub. Hər gün maqnitafon valı kimi beynimdə səslənirlər:

Üz tutduğum adamlar da

Üzümə durdular mənim.

Bir quyuya salladılar,

İpimi qırdılar mənim.

 

Yalandan yaş axıtdılar,

Kəfənimi toxutdular,

Yasinimi oxutdular,

Duamı qıldılar mənim.

 

O quyu necə dardı, dar!

Mən çıxanda mat qaldılar,

Yenə könlümü aldılar,

Dostlarım oldular mənim...” 

Amma bu müsahibə bir qadın dərgisi üçün alınır və gözəl xanım , gözəl şairəmiz tərəfindən alınır. İstəyirəm söhbəti sizin misralarınızla bitirim, çünki Sizin şeirləriniz mənimlə danışır.

Mən yolu tutub getdim,

Sənsə mənim izimi.

Mən səni qırıb getdim,

Sənsə mənim dizimi...

 

Günəşi saldıq tora,

Aya kələk gəldik biz.

Gah iblisin özüydük,

Gah da mələk gəldik biz.

 

Yolumuzu su kəsdi,

Bizsə əhdi, ilqarı.

Havalar soyuq keçir,

Günəş əritmir qarı...

 

Daş olub, başa dəydik,

Ovcumuzda sıxıldıq.

Nərdivanı adladıq,

Biz ürəkdən yıxıldıq.

 

Yollarmı yubatmışdı,

Yoxsa Tanrı, bilmirəm.

İrəli yox... geri isə

Addım ata bimirəm...

Maraqlı müsahibə üçün təşəkkür edirəm, Lütfiyyə xanım.

Siz sağ olun ki, ürəymi boşaltmağa fürsət yaratdınız.

                                                               Müsahibəni apardı: Təranə Arifqızı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: