Sahil Babayev: Şəhid ailələri və müharibə əlillərinə ötən dövrdə 14 100 mənzil və fərdi ev verilib, təqaüdləri 6 dəfə artırılıb
Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı olaraq onların təqaüdü ötən dövrdə 6 dəfə artırılıb. Həmçinin şəhid hərbçilərin ailələrinə və müharibə əlillərinə birdəfəlik ödəmələr verilib.
NUHÇIXAN xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, şəhid ailələri və müharibə əlilləri üçün mənzil təminatı proqramı da 5 dəfə genişlənib. Son 3 ildə 5 300, ümumilikdə isə 14 100 mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 500 avtomobil verilib.
Nazir bildirib ki, postmüharibə dövründə Prezidentin göstərişi ilə 124 min şəxsə 309 min xidmət göstərilib. O cümlədən 103 min şəxsə sosial ödəniş təyin olunub, 20 min şəxsin məşğulluğu təmin edilib, 51 min şəxsə reabilitasiya xidməti (o cümlədən 458 yüksək texnologiyalı protez) təqdim olunub.