Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyində müasir idarətəetmə tələblərinə uyğun strukturlaşdırma aparılır
Son günlər bir sıra xəbər saytlarından Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində aparılan institusional islahatlar təhrif edilir. Bir sıra idarələrin ləvğ olunması və ixtisarların aparılması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılır.
Bu barədə NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyininin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, bu kimi informasiyaların aidiyyəti üzrə dəqiqləşdirilmədən və mahiyyətinə varmadan yayılması cəmiyyət tərəfindən birmənalı qarşılanmır və çaşqınlıq yaradır.
Əslində islahatların mahiyyəti nədən ibarətdir? İlk növbədə onu qeyd edək ki, hər hansı ixtisardan söhbət getmir. Əksinə nazirlik sistemində Yaşıllaşdırma MMC, Geologiya və Mineral Xammal Agentliyi PHŞ, Ekoloji Ekspertiza, Ətraf Mühit və Təbii Sərvətlərdən İstifadə üzrə Dövlət Xidməti, Meşələrin İnkişafı və Biomüxtəliflik üzrə Dövlət İdarəsi və bir sıra digər idarələr yaradılır. Aparılan islahatlar nazirliyin fəaliyyət əsasnaməsinə uyğundur. Bugünə qədər nazirilik sistemində fəaliyyət göstərən işçilərin say həddinin aşağı salınması planlaşdırılmır. Əksinə ixtisaslaşmış kadrla komplektləşdirmə, əmək haqqının artırılması nəzərdə tutulur. Bununla yanaşı nazirliyin tabeliyində Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlərdən İstifadə üzrə Dövlət Fondu yaradılmışdır. Fondun fəaliyyəti təmin edildikdən sonra nazirlik sistemində iççilərin əməkhaqqısına fonda daxil olan vəsait hesabına əlavələr ödəniləcəkdir.