İndiki uşaqlar bilməsin…

A- A A+

2003-cü ilin payızı. Məktəbdə yenə siyahı edirdilər. Çünki qarşıdan qış gəlirdi. Kimin ayaqqabı və qış geyimlərinə ehtiyacı varsa, adını siyahıya yazırdılar. Yazılanda da, veriləndə də gizlin edirdi müəllimlər. Amma biz özümüz bir-birimizi tanıyırdıq...

Evə də ərzaq yardımı gəlirdi. Ən çox yadımda qalan "kartof paraşoku"dur, qaynar suya bir neçə qaşıq tökürdük, püre olurdu. Yazanda belə elə bil qoxusu burnuma gəldi... Qarşıda payız tətili var idi. Kəndə gedəcəkdik yenə. Qatarla gedəcəyik deyə çox sevinirdik. Həmişə çatmamış oyanırdım. Kəndə az qalmış "vaqon evlər" görünürdü. "Qaçqınların evləri"... Vaqonların üstündəki antenalar, qapılarındakı pərdələr, taxta pilləkənlər onları evə bənzədirdi bizim gözümüzdə. Kənddə hərənin bir koması vardı, ev eləməyə çalışırdı hamı komasını. Bir xalamgil Horadiz qaçqını idi, kənddə o biri xalamgilin "əl damı"na yığışmışdılar.

Belələri çox idi kənddə. Elə Sumqayıtda da. Evimizin arxasındakı uşaq bağçası binasının bir hissəsində qaçqınlar yaşayırdı, bizim məktəbə gedən yoldakı bağça isə tamamilə qaçqınlarla dolu idi. Üstündə "kiril" hərflərlə yazılan sözlərdən bilərdin ki, əvvəl uşaq bağçası olub. Elə bizim köhnə məktəb binasının da yarısı. Hətta 2007-ci ilə qədər məktəbimizin idman zalı da olmayıb. Fiziki tərbiyə dərslərini hava xoş olanda məktəbin həyətində, pis olanda isə sinifdə keçmişik. Rayon, şəhər, hər yerdə belə oxşar mənzərə var idi. Nənəmgil də müharibədən sonra Bakı Dövlət Universitetinin yataqxanasında yaşayırdı. Cəbrayılda ev-eşiyini qoyub gələndən sonra, burdakı bir otağa ev deyirdilər. Bakı Dövlət Universiteti ilə ilk tanışlığım da nənəmgilə gedəndə olmuşdu. Universitetin qarşısından keçib gedirdik yataqxanaya. Ümumi mətbəxdə 4 gözlü qaz piltəsi var idi. O da bu qədər adama bəs etmirdi. Ona görə hamının qapısının ağzında balaca taxta stol, üstündə "tok peçi", altında da bir-iki qazan, qab olurdu.

Hərdən bəziləri "indiki uşaqlar bunları bilməz" deyirlər. Bilən bir uşaq kimi deyirəm, qoy bilməsinlər. İndiki uşaqlar Şuşada, Xocalıda, Xankəndidə dalğalanan bayraqları görürlər. Çingizin kadrları ilə beynimizə həkk olunan Xocalını onlar Azərbaycan bayrağı dalğalanan, Azərbaycan əsgəri gəzən Xocalı kimi tanısınlar. Xankəndidən bizə hər fürsətdə “ultimatium” göndərən erməniləri qolu qandallı xatırlasınlar. İllərdir "bu ədalətsizliyə dünya birliyi hələ də dözür" başlıqlı xəbərlərin əvəzinə, "Azərbaycan öz ədalətini özü bərpa edir" xəbərlərini eşitsinlər. Məktəbdə, bağçada, yataqxanada qalan qaçqınları yox, öz yurduna qayıdan yurd həsrətli insanları görsünlər bundan sonra. Mötəbər qurumlardan ədalət gözləyən bir xalqın ləyaqəti qayıtdı özünə, buna şahid olsunlar.

Bu il cənab İlham Əliyevin prezident seçilməsindən 20 il ötür. Biz də fəxr edirik ki, bu tarixin bir parçasıyıq. Tarixi zəfərimizin, görülən işlərin, inkişafın mənə bəxş etdiyi təəssüratı elə sizə statistik rəqəmlərsiz, dünənin xatirəsi və bu günün xoşbəxtliyi fonunda çatdırmaq istədim.

Nigar Məmmədli

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: