Ümumdünya Meteorologiya Təşkilatının qlobal iqlimin vəziyyətinin monitorinqi üçün istifadə etdiyi məlumatlara görə, sentyabr müşahidələr tarixi ərzində rekord səviyyədə ən isti sentyabr ayı olub.
Bu, istixana qazlarının planetin iqlimini dəyişdiyi sürəti yalnız təsdiqləyən daha bir rekorddur. 2023-cü il ehtimal ki, müşahidələr tarixi ərzində ən isti il olacaq, iyun, iyul, avqust və sentyabr artıq aylıq temperatur rekordunu üstələyib.
NUHÇIXAN bu barədə BMT-nin saytına istinadla xəbər verir.
“Kopernik” İqlim Dəyişmələri Xidmətinin məlumatına görə, sentyabrda orta temperatur 16,38 dərəcə Selsi təşkil edib. Bu göstərici bundan əvvəl ən isti hesab olunan 2020-ci ilin sentyabrının temperaturundan 0,5 dərəcə Selsi yüksək, sənayeyəqədərki dövrlə (1850-1900-cu illər) müqayisədə təxminən 1,75 dərəcə Selsi çoxdur.
ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi bəyan edib ki, müşahidələr tarixi ərzində 2023-cü ilin ən isti il olacağı ehtimalı 99 faizdən çoxdur. Sentyabr Milli İdarənin müşahidə etdiyi bütün 174 il ərzində ən isti sentyabr ayı olub.
Şimali Amerika, Cənubi Amerika, Avropa və Afrikada sentyabr bütün müşahidələr tarixi ərzində ən isti sentyabr ayı olub. Milli İdarənin məlumatına görə, Asiyada sentyabr ikinci ən isti, Okeaniyada isə üçüncü ən isti sentyabr ayı olub.
Altı ay ardıcıl olaraq sentyabrda Dünya okeanının səthində rekord səviyyədə aylıq temperatur müəyyən olunub. Antarktidada ən isti sentyabr müəyyən edilib, bununla belə dəniz buzunun sahəsi rekord aşağı səviyyədə qalıb, Arktikada isə bütün müşahidələr tarixi ərzində ikinci ən isti sentyabr olub.
“İyun ayından başlayaraq, quruda və dənizdə görünməmiş isti müşahidə olunur. Temperatur anomaliyaları böyükdür – onlar ötən illərdə gördüklərimizdən xeyli yüksəkdir. Xüsusi narahatlıq doğuran odur ki, El-Ninyo hadisəsi formalaşmaqda davam edir və bu səbəbdən gözləniləndir ki, rekord temperaturlar bir neçə ay ərzində davam edəcək və ətraf mühitə, cəmiyyətə öz kaskad təsirini göstərəcək”, - deyə ÜMT-nin Baş katibi professor Petteri Taalas bildirib.
Paris sazişi bu yüzillikdə qlobal temperaturun yüksəlməsini 2 dərəcə Selsiyədək məhdudlaşdırmaqdan ötrü istixana qazlarının qlobal tullantılarının qismən azaldılması, bununla yanaşı, xoşagəlməz təsirlərdən çəkinmək və bu təsirlərlə bağlı itkiləri azaltmaq üçün temperaturun 1,5 dərəcə Selsiyədək yüksəlməsinin gələcəkdə də məhdudlaşdırılması üzrə səylər göstərməkdən ötrü bütün ölkələrin rəhbər tutmalı olduğu uzunmüddətli hədəfləri müəyyən edir.
Ayrı-ayrı ayların və ya ilin 1,5 dərəcə Selsini üstələməsi faktı o demək deyil ki, biz Paris sazişində göstərilən 1,5 dərəcə Selsi səviyyəsini artıq geridə qoymuşuq. Çünki söhbət xeyli illər ərzində uzunmüddətli istiləşmədən gedir.