Şəhid Kənan Rzayevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Culfa Rayon Mədəniyyət Sarayında rayon Mədəniyyət və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə şəhid Rzayev Kənan Əbdürrəhman oğlunun anım mərasimi keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıqla döyüşüb, canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, Əlahiddə Ümumqoşun Ordunun zabiti Anar Nəbiyev, Rayon Təhsil Şöbəsinin və Qızılca Kənd tam orta məktəbinin kollektivi, Sosial Xidmətlər Agetliyinin Culfa Rayon Şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər Culfa şəhər sakinləri iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, qəhrəmanımız Kənan Rzayev 1995-ci il sentyabrın 12-də Culfa rayonunun Qızılca kəndində anadan olub. O, ilk təhsilini Qızılca kənd tam orta məktəbində alıb. 18 yaşında həmin məktəbi bitirən Kənan müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini uğurla bitirdikdən sonra müxtəlif sahələrdə çalışsa da, Kənanın arzusu hərbçi olmaq idi. O, ailə həyatı qurduqdan sonra, 2020-ci ilin aprel ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə başlayır. Ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində xidmətə yeni başlasa da, Kənan könüllü olaraq döyüşə getmək istədiyini bildirir. Böyük cəsarətlə Vətən müharibəsində iştirak edən Kənan Zəngilan rayonu və bir neçə kəndimizin azad olunmasında şücaət göstərib, 24 oktyabr 2020-ci ildə Hadrut yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz Vətən müharibəsində göstərdiyi igidliyə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirin bədii hissəsində şəhidimizin həyatına həsr olunmuş videoçarx təqdim edilib, sonra Culfa Şəhər 3 nömrəli və Gülüstan kənd tam orta məktəblərinin təşkil etdiyi bədii qiraət təqdim olunub. Qızılca kənd tam orta məktəbinin hazırladığı səhnəciyə baxılıb. Şəhidin həyatını canlandıran şagirdləri tədbir iştirakçıları ayağa qalxaraq alqışlayıblar.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.

Səriyyə Salahova 

Culfa Rayon Mədəniyyət Sarayının direktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: