“Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili”

A- A A+

Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusunu son dövrlərdə daha da möhkəmləndirir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının bu sahədə də uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirmişdir. Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu. 

Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. 
Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi. 

1918-ci ildən başlanan 105 illik Respublika tariximizə ən möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi. 21-ci əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirdi. Bu günün zirvəsindən dönüb ötən iki onilliyə nəzər saldıqda Azərbaycan Respublikasının necə bir yüksək inkişaf yolu keçməsinin şahidi oluruq. Ölkəmizin tarixində yeni inkişaf mərhələsi sayılan həmin dövrün müəllifi və memarı birmənalı olaraq Prezident İlham Əliyevdir. Azərbaycanımızın son iki onillikdə əldə etdiyi misilsiz nailiyyətlər Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli və qüdrətli liderliyinin nəticəsidir. Bu mənada, qeyd etmək lazımdır ki, hazırda müstəqil Azərbaycanın tarixdə özünün ən qüdrətli dövrünü yaşaması məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan bu gün çox sürətli inkişaf dövrünü yaşayır və Ümummilli Liderin uğurlu və uzaqgörən daxili və xarici siyasəti davam etdirilir. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının çiçəklənməsinə xidmət edən çox böyük tədbirlər görülüb, nəhəng infrastruktur layihələri həyata keçirilib, Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ilə ölkəmizin dünyaya çıxışı təmin edilib. Azərbaycanda xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açıb və bunun nəticəsidir ki, hazırda Azərbaycan nəinki Cənubi Qafqaz regionu, bütün dünyada güclü, qüdrətli ölkə kimi bütün sahələrdə öz sözünü deyir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə təmin edilməsi son 20 ildə Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət kursunun, tarixi missiyasının ən parlaq məqamı oldu. Tarix sübut etdi ki, Azərbaycan xalqı 2003-cü ildə taleyüklü məsələdə öz düzgün seçimini edib, tariximizin yeni mərhələsinin ən mühüm qərarını doğru qəbul etməyi bacarıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu məsələlərini dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirməsinin nəticəsidir ki, Azərbaycan xalqı 30 ilə yaxın həsrətdən sonra tarixi ədaləti bərpa etdi. 2003-cü ildən bəri Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanda güclü müdafiə sənayesinin qurulması, silahlı qüvvələrin hərbi hazırlıq potensialının artırılması ilə bağlı görülən işlər öz bəhrəsini verdi. Bütün bu görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına yüksəldi. Son günlərdə xalqımıza böyük qürur bəxş edən hadisələr, o cümlədən 2023-cü ilin 19-20 sentyabrında cəmi 24 saat ərzində lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən sonrakı hərbi-siyasi sahədəki uğurlar məhz Prezidentimiz İlham Əliyev siyasətinin Qələbəsidir. Antiterror tədbirləri nəticəsində əldə edilən nailiyyət Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ildönümündə xüsusi əhəmiyyət kəsb edir. 

Cənab Prezident İlham Əliyev uzun onilliklərin əsas problemini - 86,6 min kv. km-lik torpaqlarımızda ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun təminini bir həmlə ilə həll etdi. Azərbaycanı iki əsrdir təhdid edən, xalqımıza qanlı soyqırımlar, dövlətimizə ərazi itkiləri yaşadan işğalçılıq siyasətini, "dənizdən-dənizə" xülyalarını puç etdi, eyni zamanda Azərbaycanın təhlükəsizlik sisteminin, nəhayət ki, tam formalaşmasına, davamlı təhdidlərin zərərsizləşdirilməsinə nail oldu. Beləliklə, həm də Ulu Öndərin müqəddəs arzuları, vəsiyyətləri Müzəffər Komandanımızın rəhbərliyi ilə məhz "Heydər Əliyev İli"ndə gerçəyə çevrildi. Son beş əsrlik tariximizin ən böyük qəhrəmanlıq səhifəsinin məhz bu yubiley ilində tarixə yazılması həm də lider, xalq, ordu birliyinin sarsılmazlığının, onun Dahi Öndərin işıqlı ideallarına, arzularına sonsuz məhəbbətinin və sədaqətinin parlaq təzahürüdür. 

Son illərdə sürətlə dəyişməyə başlayan geosiyasi reallıqlar fonunda müxtəlif regionlarda nəqliyyat zəncirlərinin qırılması, yaranan enerji və iqtisadi böhran Prezident İlham Əliyevin apardığı infrastruktur quruculuğu siyasətinin və xarici siyasət strategiyasının nə qədər uzaqgörən olduğunu sübut etdi. Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir.

Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır.  Artıq bu sahədə potensialın miqyası müəyyənləşib, böyük investisiyalar cəlb olunur, ixracat bazarı olaraq Avropa İttifaqı ilə anlaşma imzalanıb.  Bütün bu layihələrin həyata keçirilməsinin, investisiyaların yatırılmasının ən əsas özəlliyi Azərbaycanın hadisələri qabaqcadan görməsi və çağırışlara çevik reaksiya verməsidir. 

Məhz Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilmişdir. Cənab Prezident tərəfindən aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir. 

Ötən dövrdə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, innovativ və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və istehsal sahəsində məşğulluğu artırmaq məqsədilə ölkədə yüzlərlə istehsal və emal müəssisələri, iri sənaye mərkəzləri, parkları və  məhəllələri yaradılmış, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı ötən dövr ərzində diqqət mərkəzində saxlanılmışdır.  Görülən bütün bu işlər, həmçinin Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanı vermiş, yüksək keyfiyyət standartlarına malik yerli məhsulların “Made in Azerbaijan” brendi altında xarici bazarlara çıxışını genişləndirmişdir. 

Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilmişdir.  Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzində olmuşdur. Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilmişdir. Eyni zamanda yoxsulluğun azaldılmasına, məşğulluq imkanlarının artırılmasına, işsizliyin aradan qaldırılmasına, qaçqın və məcburi köçkün ailələrinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər görülmüşdür. Tarixi Zəfərdən sonra indi artıq qaçqın və  məcburi köçkün statusundan qurtulmuş soydaşlarımızın vaxtilə düşdükləri ağır yaşayış şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli sahəsində həyata keçirilmiş proqramlar çərçivəsində 121 qəsəbə və yaşayış kompleksi inşa edilmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. 

Cənab Prezidentin hakimiyyətdə olduğu 20 il ərzində regionlarda olan sosial-iqtisadi inkişaf sürətlənmiş, bölgələrimiz paytaxt səviyyəsində quruculuq və abadlıq məkanına çevrilmişlər. Bu gün bu işlər işğaldan azad olunmuş ərazilərdə sürətlə davam etdirilir, Qarabağa Qayıdış missiyası üçün qlobal əhəmiyyətli işlər görülür. Doğma Naxçıvanımız da daim ölkə başçısının bu sahədə olan qayğısını hiss edib, böyük logistik və tranzit potensialı nəzərə alınaraq Naxçıvanın şərq və qərb dəhlizinə çıxışı yüksək qiymətləndirilib, bu sahədə dayanıqlı infrastruktur formalaşdırılır. Hakimiyyətinin 20-ci ilində - bu ilin iyul ayında imzalanmış “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” vasitəsilə mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunması nəzərdə tutulur. Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilmişdir.  Hazırda Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır.

Cənab Prezidentin rəhbərliyi altında aparılan sosial siyasətin bir istiqaməti də rəqabətqabiliyyətli insan kapitalının formalaşması və yüksək ixtisaslı kadrların yetişdirilməsidir. Ötən dövrdə ölkəmizdə elm və təhsilin inkişafına böyük diqqət yetirilmişdir. Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş xaricdə təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə xaricdə təhsil alaraq Vətənə qayıdan gənclərimiz respublikanın  ictimai həyatında yaxından və səmərəli fəaliyyət göstərirlər.

1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi vaxtdan bəri Azərbaycan gəncliyinin liderinə çevrilmiş İlham Əliyevin siyasi-iqtisadi, sosial-mənəvi layihələrində idman və gənclik mövzusunun xüsusi yeri olub. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.

Bu gün müasir dövrün tələblərinə uyğun olaraq gənclərin dünya mədəniyyətinə inteqrasiyası, planetin aparıcı ölkələrinin təcrübəsini öyrənməsi gənc dövlət üçün ən aktual məsələdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bu vəzifələri uğurla icra etməyə kömək edir. Proqram çərçivəsində 5 mindən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ilə bağlı tədbirlər texnoloji inkişaf, innovativ düşüncə əsrində Azərbaycanın inamlı gələcəyinə verilən ən böyük töhfələrdən oldu.
Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır.

1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilən İlham Əliyevin ölkədə idmanın inkişafına verdiyi mühüm töhfələr sayəsində paytaxtda və regionlarda idmanın güclü maddi-texniki bazası yaradılmış, 50-ə yaxın Olimpiya idman kompleksi tikilmiş, Azərbaycan idmançıları beynəlxalq yarışlarda, Olimpiya oyunlarında uğurlara imza atmış, ölkəmiz Avropa və dünya səviyyəli yarışların keçirildiyi məkana  çevrilmişdir.  

Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində  gerçəkləşdirərək, Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı Qalib Ölkəyə çevirmişdir. İndi artıq əminliklə demək olar ki, münaqişəyə dəmir yumruqla son nöqtəni qoyan, iki əsrlik problemi həll edən Prezident İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirdiyi kimi, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əskəranın da simasını dəyişəcəyi gün yaxındadır. Qalib xalqın qalib Prezidenti, müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

Mirməcid Seyidov

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri vəzifələrini müvəqqəti icra edən, nazir  müavini, Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: