Ağbulaqda səyyari xidmət qrupu fəaliyyətə başlayıb - FOTOLAR
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri aidiyyatı təşkilatlara tapşırıqlar verib. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları verilən tapşırıqların icrasını təmin etmək məqsədi ilə kənddə olub. Komitənin sədri Müslüm Cabbarzadə NUHÇIXAN-a bildirib ki, vətəndaşların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün kənddə səyyari xidmət qrupu fəaliyyət göstərəcək. Bundan başqa Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi turizm istirahət bölgəsinin torpaq ehtiyatlarının qorunması və səmərəli istifadə olunmasını təmin edəcək. Həmçinin bütün tikintilər layihə əsasında aparılacaq və pasportlaşdırılacaq.
Hazırda bu məqsədlə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları Ağbulaq Kənd-Turizm Mərkəzində müvafiq işlər aparır, tikililərin ölçülərini dəqiqləşdirirlər. Bu işlər başa çatdıqdan sonra həmin tikililər texniki pasportla təmin olunacaq və pasportların verilməsi üçün Komitənin səyyar xidmət qrupu kənddə fəaliyyət göstərəcək. Bu müddət ərzində vətəndaşların texniki sənədləri hazırlanıb onlara yerindəcə təqdim olunacaq.
Röyal Kərimov