Naxçıvanın şəhər kimi formalaşmasında duzdağ mədəniyyətinin rolu

A- A A+

Naxçıvan Muxtar Respublikası ərazisində aparılan elmi tədqiqatlar sübut edir ki, Naxçıvan bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olub. Hələ bizim eradan əvvəl 12-ci minillikdən başlayaraq indiki Naxçıvanda intensiv həyat davam edib və  Yaxın Şərq mədəniyyətlərindən Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətlərinin əsas mərkəzinə çevrilib. Nəhayət, bu ərazidə ikinci sivilizasiyanın vacib elementi olan ilkin şəhər mədəniyyəti formalaşıb. Naxçıvanın şəhər kimi formalaşmasına təsir göstərən əsas amillərdən biri də duz istehsalı ilə əlaqədar yaranan Duzdağ mədəniyyəti olub.

Duzdağ və onun ətrafında aparılan elmi araşdırmalar zamanı tapılmış qədim lağım, tunel və şaxtaların çoxluğu onu sübut edir ki, hələ Eneolit dövründən başlayaraq Naxçıvanda mədənçilik işi mövcud idi. Erkən Tunc dövründə isə ən yüksək mərhələyə çatıb. Bu dövrdə duz emalının artması ilə əlaqədar olaraq iqtisadiyyat yüksəlmiş, Yaxın Şərq ölkələri ilə iqtisadi və mədəni əlaqələr genişlənmiş, ilkin sənayenin, ticarətin və sənətkarlığın inkişafı sosial-iqtisadi və mədəni yüksəlişə təkan vermişdir. Eradan əvvəl 5-ci minillikdən başlayaraq Duzdağ ətrafındakı əhalinin çoxalması  yeni kəndlərin, qəsəbələrin və Naxçıvan kimi qədim bir şəhərin yaranmasına səbəb olmuşdur.

Duzdağ ətrafında aparılan ilkin tədqiqatlar XIX əsrin ortalarında başlayıb. İlk dəfə 9 mart, 12 mart və 16 may 1855-ci il tarixlərində çap olunan “Qafqaz” qəzetinin 20, 21 və 22-ci nömrələrində PavelŞeremetyevski “Naxçıvanın duz yataqları” mövzusunda geniş məqalə dərc etdirib. 1870-ci ildə isə dağ-mədən mühəndisi Fon Köşkul Naxçıvanın qədim duz mədənlərindən qədim daş çəkiclər aşkar edərək onları özü ilə Peterburq Antropoloji Muzeyinə aparıb. Elə həmin illərdə burada duz mədənlərinə nəzarət edən Beyer tapdığı daş baltalardan 2 ədədini Naxçıvan şəhər məktəbinə bağışlayıb, qalanlarını isə Peterburq və Tiflis muzeylərinə göndərib. 1897-ci ildə  isə İ.S.PolyakovDuzdağda arxeoloji kəşfiyyat işləri apararkən şaxtaların birindən xeyli əmək aləti aşkarlayaraq onların tarixini qədim metal dövrünə aid edib.

Duzdağda olan qədim duz mədənlərindən biri də 1967-ci ildə uçqun nəticəsində təsadüfən aşkar olunub. Həmin mədəndən də xeyli daş çəkic və digər qədim əmək alətləri tapılıb. Həmin daş çəkiclərin bir qismi Naxçıvan Dövlət Tarix Muzeyində saxlanır. Bu hadisədən 9 il sonra, daha dəqiq desək 1976-cı ildə dördüncü şaxtada növbəti partlayış üçün hazırlıq işləri görülən zaman partlayıcılar üçün oyulan yuvalardan duz əvəzinə başqa süxurların çıxması hər kəsi təəccübləndirib. Növbəti partlayışdan sonra mədən işçiləri qədim dövrlərə aid möhtəşəm bir “saray”la üzbəüz qalıblar. Ən təəccüblüsü isə budur ki, bu şaxtanı qazmış qədim insanlar  o dövrün primitiv alətlərindən istifadə edərək duz laylarını hamar şəkildə elə yonub götürüblər ki, divarlarda bir santimetr belə çıxıntı qalmayıb. Sanki divarlar sumbata kağızı ilə sürtülərək cilalanıbdır. Ümumi uzunluğu 70 metrdən çox olan bu “saray” 5 sütun olmaqla bir birini əvəzləyən 10 müxtəlif quruluşlu zaldan ibarətdir.

O zaman bu xəbər tezliklə bütün respublikaya yayılır. Muxtar respublikanın o vaxtkı rəhbərləri, ziyalılar, sıravi insanlar, bir sözlə, “Şah Abbasın büllur sarayı”nıntapıldığını eşidən hər kəs Duzdağa axın edir. Yeni mədən aşkarlandıqdan sonra Bakıdan bir qrup alim buraya gələrək axtarışlara başlayıblar. Tapılan daş alətləri və digər maddi-mədəniyyət nümunələrini tədqiq etmək üçün özləri ilə aparıblar.

Duzdağ ərazisində daha ciddi və intensiv tədqiqat işləri isə 2006-cı ildən başlayıb və bu gün də davam etdirilir. Bu ərazidəki tədqiqat işlərini əsasən AMEA Naxçıvan Bölməsi və Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşlarından təşkil olunmuş birgə Beynəlxalq arxeoloji ekspedisiya aparır. Bu ekspedisiya əvvəlkilərdən fərqli olaraq, təsadüf nəticəsində mədənlərdən aşkar olunan tapıntılarla kifayətlənməyib, mədənlərdən kənara çıxaraq Duzdağ ətrafındakı duz “qanadları”nın və qədim lağımların olduğu ərazilərdə də araşdırmalar aparıb.

Ekspedisiyanın  2007-ci ildə mədənlərdən kənarda aparılan araşdırmaları  zamanı buradan çoxlu sayda daşdan düzəldilmiş əmək alətləri, keramika məmulatları, obsidian və çaxmaq daşı qalıqları aşkar edilib götürülüb.

2008-ci ilin avqust ayından 2011-ci ilin sentyabr ayına qədər Duzdağ mədənlərinin dörd bir tərəfində aparılan tədqiqat işləri zamanı iki yaşayış yeri, bir bulaq və bir kəhriz sistemi, onlarla istehsalat platforması və duz qalereyası, mindən çox daş alət, minlərlə Eneolit, Erkən Tunc, Kür-Araz, Dəmir dövrü və Orta əsrlərə aid keramika qalıqları, çoxlu sayda obsidian tiyələr və çaxmaq daşı parçaları aşkarlanaraq qeydiyyata alınıb. Aşkar olunmuş bütün maddi-mədəniyyət nümunələrinin statistik təsvirini özündə əks etdirən sxemlər və xəritələr də hazırlanıb.

Duzdağmədənlərindən tapılmış daş baltalar öz estetik görünüşü və hazırlanma texnologiyasının kamilliyinə görə insanı heyran edir. İstər formasına, istərsə də həndəsi biçiminə görə bir-birini tamamlayan bu daş alətlər əsl sənətkarlıq məharəti ilə yaradılmış möhtəşəm bir heykəltəraşlıq əsərləridir. Ölçüləri 100 qramla 60 kiloqram arasında dəyişən bu daş alətlərin üstləri 0,5 millimetrdən 2 santimetrə qədər dərinlikdə açılmış gəzlərlə (yarıqlarla) bəzədilmiş və müxtəlif formalarda yonulub.

Duzdağda aparılan arxeoloji qazıntılar Naxçıvanda təxminən yeddi min il bundan əvvəl duzdan geniş istifadə edildiyini söyləməyə imkan verir. Duzdağdan əldə edilən maddi-mədəniyyət nümunələri yalnız Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərq ölkələrində duzun mədən üsulu ilə yalnız Naxçıvanda çıxarıldığını sübut edir.

Hazırda Duzdağ dünyanın ən qədim duz mədəni hesab olunur. Bundan əlavə, Naxçıvan duzu öz keyfiyyəti ilə də dünyada birincidir.

Bütün bunları nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2017-ci il 12 sentyabr tarixdə “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalayıb.  Sərəncamda göstərilir ki, Naxçıvan Duz Muzeyinin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu nəzərə alaraq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etməkdir.

Bu il aprelin 25-də Naxçıvan Duz Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov duzun Naxçıvan tarixindəki yerindən bəhs edərək demişdir: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan və puldan istifadə olunmurdu. Həmin dövrdə yeganə tədavül vasitəsi duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır”.

Ali Məclisin Sədri Naxçıvanın şəhər kimi formalaşmasına 5-7 min il bundan əvvəl başlandığını qeyd edib, bunu duz çıxarılması və Nuh peyğəmbərlə bağlı olduğunu əsaslandırıb. Həmçinin  AMEA Naxçıvan Bölməsinə gələcəkdə Naxçıvan duzu ilə bağlı tədqiqatların genişləndirilməsini tapşırıb. Əminik ki, apardığımız araşdırmaların genişləndirilməsi gələcəkdə Naxçıvan duzunun tarixi ilə bağlı yeni faktların aşkar olunmasını təmin edəcəkdir.

Bir sözlə, Duzdağ mədənləri ərazisində aparılan elmi-tədqiqat işləri onu deməyə əsas verir ki, hələ bizim eradan çox-çox əvvəlki minilliklərdən başlayaraq bu ərazilərdə böyük bir sivilizasiyanın əsası qoyulub, İlk Tunc dövründə duza olan tələbatın artması ilə əlaqədar burada güclü sənaye formalaşıb, ticarət, sənətkarlıq və digər istehsalat sahələri də inkişaf edib. Bu inkişaf isə  insanların maddi və mənəvi tələbatlarının artması ilə əlaqədar olaraq Duzdağ yaxınlığında Naxçıvan kimi qədim dünyanın ilkin şəhərlərindən birinin yaranmasına səbəb olub.

Nizami Alıyev

Sənətşünas

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: