Üç rəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim!
Bir bayraq dalğalanır Oğuz elində. Aylı-ulduzlu üçrəngli bayrağım. Bayrağımız dalğalandıqca illərdir onu zirvələrə qaldıran oğullarımız gözümün önündə canlanır. Sanki film kimi azadlıq, müstəqillik mücahidlərinin illərlə verdiyi savaşlar düşür yada. Azərbaycan xalqı üçrəngli bayraq, vətənin azadlığı uğrunda minlərlə yazıçısını, şairini, əsgərini, vətəndaşını qurban verdi. Azad torpaqlarda bayrağımızın dalğalanması üçün.
Bayrağımızda şəhidlərin qanı, ölməz qəhrəmanların adları var. Bayrağımızda müstəqilliyə can atan xalqımızın nisgili var, sevinci var, tarixi, qədimliyi var, ərənlərin savaşı var, qələbəsi var. Şəhidlərin ölməzliyi, mərdliyi həkk olunub bayrağımıza.
Bu bayraqda Ulu Öndərimiz Heydər Əliyevin qətiyyəti, Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dönməzliyi əks olunub. Dünya dövlətlərinin bayraqları sırasındadır üçrəngli bayrağım. Üçrəngli bayrağımda türk dünyasının dostluğu, birliyi yaşayır.
Mən bu gün çox vüqarlıyam, ucalardan ucayam. Vətənim azadddır, ərazi bütövlüyümüz suveren ərazilərimizdə tam bərpa olunub. Bayrağım ən uca zirvələrdə dalğalanır. Azərbaycan əsgəri bayrağı öpüb, qürürla azad olunmuş torpaqlarda azadlıq rəmzi kimi zirvələrə sancıb. Qarabağdadır bayrağım, Şuşadadır bayrağım, Xarıbülbül çiçəyində, Natəvanın şeirində, Bülbül nəfəsində, Xocalıda, Xankəndidə, ürəyimin başındadır bayrağım! İsa bulağında, axan bulağın gözəlliyindədir bayrağım!
Qadınların ismətidir, qüdrətidir. Anaların laylasıdır, böyütdüyü igidlərin gücüdür bayrağım! 70 illik əsarətə, 30 illik nifrətə qalib gələn bayrağım. Bayraq bizim qələbəmiz, dönməzliyimiz, əzmimizdir. Gözümüzün yaşını dindirən, dalğalandıqca Vətənim Azərbaycandır bayrağım!
Mavi rəngi türk soyumdur, yaşıl rəngi islamçılığımızdır. Həmişəyaşarlıq simvoludur, Azərbaycan bayrağı! Ucalardan ucasan, həmişə var olacaqsan, Azərbaycan bayrağı!
Sacidə Hüseynova
Naxçıvan televiziyasının əməkdaşı