Bu gün muxtar respublikamızda aparılan geniş quruculuq işləri hər şeydən əvvəl insanlar üçün yaxşı şəraitin yaradılmasına, əhalinin rifah halının yaxşılaşmasına xidmət edir. Bu il noyabrın 30-da kəndimizdə istifadəyə verilən quruculuq töhfələri dövlətimizin insan amilinə verdiyi qiymətin daha bir nümunəsidir. Qazançı kəndində də müasir infrastruktur yaradılıb, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olub.
Qazançı kənd tam orta məktəbi binasının istifadəyə verilməsi şagird və pedaqoji kollektivlə yanaşı sakinlərin də ürəyindən xəbər verir. Çünki sağlam düşüncəli gənclər yetirmək üçün məktəbdə lazım olan şərait yaradılıb. Məktəbdə yaradılan kitabxana da şagirdlər üçün hərtərəfli mütaliə imkanları açır. Burada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə məktəbdə hərbi kabinə də fəaliyyət göstərir.
Gənclərin kompüter biliklərinin möhkəmləndirilməsi müasir tədris prosesində qarşıda duran əsas vəzifələrdəndir. Məktəbin kompüter otağında internetə çıxışı olan 19 kompüter quraşdırılıb ki, bu da informatika dərslərinin tədris proqramına uyğun keçirilməsinə imkan verir.
Kənd mərkəzində yaradılan mədəniyyət evi və zal, kitabxana mədəni-kütləvi tədbirlərin keçirilməsinə və kənd sakinlərinin asudə vaxtlarının təşkilinə münbit şərait yaradıb. Kənddə əhali, əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq və arıçılıqla məşğul olur. Burada baytar həkimlərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, baytarlıq xidmətinin təşkili bu istiqamətdə tədbirlərin vaxtında və mütəşəkkil aparılmasına, keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına imkan verəcəkdir.
Sakinlərin sağlamlığının qayğısına qalınması üçün kəndimizdə həkim ambulatoriyası da istifadəyə verilib. Tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada baş həkim, stomatoloq, doğuş, peyvənd, qeydiyyat, aptek, mama, tibb bacısı və feldşer otaqlarında hər cür şərait yaradılıb. Bir sözlə, burada sakinlərin müalicəsi və müayinəsi üçün lazım olan tibbi avadanlıqlar mövcuddur.
Tariximizi qoruyub gələcək nəsillərə çatdırmaq bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Ona görə də kəndimizdəki qədim birtağlı Qazançı körpüsü də bərpa olunub. Ətrafda 120 metr sahilbərkitmə işləri görülmüş, 50 metr dəmir-betondan istinad divarı salınaraq üzəri dağ daşları ilə üzlənmişdir. Bir sözlə, kəndimiz abad yaşayış məntəqəsinə çevrilib. Bu gün təmiz havaya, səfalı təbiətə və müasir infrastruktura malik olan Qazançı kəndində yaşamaq və işləmək üçün bütün imkanlar var. Yaradılan bu şəraitə görə dövlətimizə minnətdarıq. Söz veririk ki, yaradılan bu şəraitdən səmərəli istifadə edəcək, tikilib-qurulanları göz bəbəyi kimi qoruyacağıq.
Fizuli Əliyev,
Qazançı kənd sakini
“Arazın səsi” qəzeti