Şərur rayonunda yaşıllıqların qorunub-saxlanması və becərilməsi tədbirləri yenə də kütləviliyi ilə seçilir. İndi yol kənarları boyunca baş-başa vermiş ağaclar elə bir mənzərə yaradır ki, avtomobillər sanki “yaşıl tunellə” hərəkət edir.
İməciliklər yolu ilə əkilmiş meyvə bağları artıq bar verir.
Rayonumuzda növbəti yaşıllaşdırma, təmizlik və abadlıq iməcilikləri aparılır. İlin bu vədəsi ağac əkməyin, bölgəmizi gözəlləşdirməyin daha bir zamanıdır. Çünki ana təbiəti qorumaq vətəndaşlıq borcumuzdur.
Ötən şənbə günü iməciliklər əsasən Naxçıvan - Sədərək avtomobil yolunun kənarlarında, Dəmirçi kəndindəki meyvə bağlarında, Şərur şəhərinin parklarında aparılıb. İdarə və təşkilatların kollektivləri meyvə bağlarını və yaşıllıq zolaqlarını otlardan təmizləyib, ağacların gövdələrini ağardıb, biçilmiş otları və budanmış quru budaqları ərazidən çıxarıb, yeni meşə ağacları və meyvə tingləri əkiblər.
Danyeri kəndində salınmış 6 hektarlıq üzüm bağında qış şaxtalarından qorumaq üçün tənəklərin üstü torpaqla örtülüb.
“Şərurun səsi” qəzeti