Muxtar respublikamızın davamlı sosial-iqtisadi inkişafının təmin olunması abadlıq-quruculuq işlərinin də xeyli sürətlənməsinə imkan yaradıb. İndi diyarımızın elə bir bölgəsi yoxdur ki, orada genişmiqyaslı abadlıq-quruculuq işləri və yaşıllaşdırma tədbirləri həyata keçirilməsin. Məhz bunun nəticəsidir ki, şəhər və rayonlarımızın siması günbəgün dəyişir, gözəlləşir.
Əlbəttə ki, yaşıllıq zolaqları salınmadan, ağac əkilmədən ekoloji mühitin qorunmasından söhbət gedə bilməz. Sərhəd bölgəsi Sədərək rayonunda da yeni yaşıllıqların salınmasına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ekoloji tədbirlərin gücləndirilməsi, yaşıllıqların salınması ilə bağlı tapşırıqlarının icrası məqsədilə Sədərək Rayon İcra Hakimiyyətində tədbirlər planı işlənib hazırlanıb. 2018-ci ilin payız mövsümünü əhatə edən həmin tədbirlər planında rayonun qəsəbə və kəndlərində, yeni meyvə bağlarının salınması nəzərdə tutulub.
Ağacəkmə kampaniyasında rayonun bütün idarə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, özəl bölmələrin nümayəndələri ilə yanaşı, sakinlər də yaxından iştirak edirlər. Bu da təsadüfi deyil. Rayonda abadlıq-quruculuq işləri sahəsində həyata keçirilən tədbirləri sakinlər minnətdarlıqla qarşılayırlar. Bunun nəticəsidir ki, rayonda yaşından, peşəsindən asılı olmayaraq, hamı bu kampaniyaya həvəslə qoşulur.
Rayonda keçirilən son şənbə iməciliyində də yeni yaşıllıq zolaqları, bağlar salındı. İməcilik iştirakçıları onlara həvalə olunan sahələrdə əkdikləri ağaclara sanki sığal çəkir, qulluq göstərirdilər.
Bu ayın əvvəlindən Heydərabad qəsəbəsi və Qaraağac kəndinin hərəsinin 1,5 hektar, Sədərək kəndinin isə 0,5 hektar sahəsi kol-kosdan təmizlənib, şumlanıb, bütövlükdə 3,5 hektar sahədə yeni meyvə bağı salınıb. Min nəfərdən çox sakinin iştirak etdiyi iməcilikdə yeni meyvə ağacları – ərik, alça, göycə və alma tingləri əkilib.
Bu ilin yazında isə 5 hektar sahədə meşəsalma və 7 hektar sahədə bərpa işləri aparılıb. Həmin sahələrə 10 min ağac əkilib ki, bunun da 7550-si meyvə tingi olub. Park və xiyabanlara isə 425 həmişəyaşıl ağac, 3 min gül kolu əkilib.
“Oğuz yurdu” qəzeti