Şərur rayonunda aqrar sahənin inkişafı üçün geniş imkanlar var. Suvarılan torpaqlardan səmərəli istifadə edilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi üçün həyata keçirilən tədbirlər əkin dövriyyəsinin ilbəil genişlənməsinə zəmin yaradır.
Kənd təsərrüfatı sahəsində süfrəmizin ən əsas qidası olan taxıl məhsulları istehsalı başlıca yer tutur. Ona görə də rayonda bu strateji əhəmiyyətli məhsulun istehsalının ildən-ilə artırılması üçün mühüm tədbirlər həyata keçirilir: məhsuldar toxumların əkininə üstünlük verilir, intensiv becərmə metodları tətbiq edilməklə hektarın məhsuldarlığı yüksəldilir.
Bu il də əkinin optimal müddətdə başa çatdırılması, sahələrdə normal cücərtinin alınması, bununla da bitkilərin qış şaxtalarına davamlılığının artırılması baxımından başlanğıc münasib vaxt oldu. Havaların taxıl əkinləri üçün əlverişli olmasından istifadə edən torpaq mülkiyyətçiləri 3 min 198 hektar sahəyə, o cümlədən 2 min 987 hektara buğda, 211 hektara arpa toxumu səpiblər.
“Şərurun səsi” qəzeti