Nevroloq: “Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişikliklərdir”

A- A A+

“Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişikliklərdir”.

NUHÇIXAN xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Pərviz Axundov deyib.

O bildirib ki, genetik, serebro-vaskulyar və neyronal səbəbləri məlum olan miqrenin biokimyəvi və fizioloji risk faktorları buna zəmin yaradır: “Qeyd etdiyimiz kimi, miqrenin səbəblərinin ən başında genetik faktorlar gəlir. Ailədə miqren varsa, miqren olma ehtimalı 40%-dir. Hər iki valideyini miqren xəstəsi olan şəxslərdə isə 75% halda miqren şikayətləri olur. Miqren ağrısının səbəblərindən biri də hormonal dəyişikliklərdir. Dəqiq məlum olmayan səbəblərdən ağrı tutmasının başlanğıcında serotoninin depolardan xaric olması nəticəsində onun qan plazmasında miqdarı artır. Bu da kəllədaxili damarların ilkin daralmasını şərtləndirir. Sonradan serotoninin miqdarının enməsi damarların genişlənməsinə, onların divarlarının gərilməsinə və xarakterik ağrıların yaranmasına gətirib çıxarır”.

P.Axundov qeyd edib ki, miqrenin müalicəsi onun profilaktik müalicəsindən və tutmanın müalicəsindən ibarətdir. Onun sözlərinə görə, buraya öncə tətikləyici, xüsusən dietik amillərin aradan qaldırılması aiddir: “Requlyar qidalanma, yetərli yuxu, kofein və alkoqol istifadəsinin məhdudlaşdırılması, dozalanmış fiziki yük, yanaşı gedən nevroloji pozuntuların və arterial hipertenziyanın korreksiyası xüsusi əhəmiyyət daşıyır. Oral kontraseptiv vasitələr çox vaxt miqrenin gedişini ağırlaşdırır, ona görə də digər kontrasepsiya vasitələrindən istifadə məsləhətdir. Bəzi pasiyentlərdə qeyri-farmakoloji metodlar – psixomotor relaksasiya, davranış terapiyası, manual terapiya, boyun-yaxalıq nahiyəsinin massajı və başqa fizioterapevtik müalicə metodları effektiv olur. Profilaktik olaraq dərman preparatlarının təyini tez-tez təkrarlanan (ayda 3 dəfədən çox) və uzun müddət davam edən (48 saatdan çox) miqrendə, eləcə də də miqren tutmalarını aradan qaldıran vasitələrin effektsiz olması və ya onların həddən artıq istifadəsinə meyl olanda göstərişdir. Bu məqsədlə preparat yanaşı gedən xəstəliklər nəzərə alınmaqla daha təhlükəsiz minimal dozadan başlayaraq seçilməlidir. Profilaktik dərman maddələri adətən, 3-6 ay müddətə təyin edilir. Miqren tutmaları zamanı xəstələr özlərini ala-qaranlıq, sakit otaqda yüngül hiss edirlər. Tutmanı aradan qaldıran dərman vasitələri seçilərkən, ağrının ağırlıq dərəcəsi, fərdi həssaslıq, yanaşı gedən xəstəliklər nəzərə alınmalıdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: