ŞƏHİD XANSU
(Şəhid Xansu Qurbanovun əziz xatirəsinə )
Görüşünə gəlmişəm,
Otağında Xan şəhid.
Su olub gozlərimi
Yandırıb, yaxan şəhid.
Şuşaya qonaq gedən,
Şuşanı azad edən,
Sən ruhu ucmus bədən,
Mən ruhsuz bir can, şəhid.
Ananın bir çırağı,
Qeyrət oldu yarağın,
Şəhiddir solun, sağın,
Günəş doğur dan, şəhid.
Qarabağa can dedin,
Düşmənə divan ,dedin
Gülüşünü, sözünü
Vətənə qurban, şəhid.
Sən mənim qürur yerim,
Ürəkdə vurur yerin,
Torpaq sevgin nə dərin,
Qısası coşan şəhid.
Ocağım, pirim, qalam,
Rahat yat, mənim balam,
Anasına söz verib,
Sözünü tutan şəhid...
Cənnətdəki ad günün,
Vətəndə azad günün,
Zəfər günün, şad günün
Mübarək olan şəhid…
ŞƏHİD ÜMİD
(Şəhid Ümid Niftəliyevin xatirəsinə)
Mənim qartal baxışlı,
Yaraşıqlı, bəy oğlum.
Yoluna göz tikməkdən
Qalmadı ürək, oğlum.
Oxudun neçə illər,
Öyrəndin döyüş yolun.
Övlad qucaqlamadı,
Vətəni sardı qolun.
Vuruşdun Qarabağda,
Azad etdin torpağı.
Qıymadın yad əllərdə
qalsın bircə yarpağı.
Yaralanıb gələndə
Qəlbin “ Vətən” deyirdi.
Qayıtdın sən Laçına,
Savaşçı tək geyindin.
Düşmənin son günləri,
Güllənin son səsiydi.
Canı candan çıxırdı,
Onun son nəfəsiydi.
Qanlı, uca yolları
Keçib, başa vurdun sən.
Ölməzliyə yüksəlib,
Yaşa, dedin, yurdum!- sən.
ŞƏHİDİM.
(Şəhid Ümid Məmmədovun xatirəsinə)
Yoluna ümidlə baxırdı anan,
Arzular gözündə dağa dönürdü.
Hərbiçi peşəsi seçdiyin zaman,
Atan qürurlanır, şərəf duyurdu.
Atıldın döyüşə, tank komandiri,
əzdin düşmənləri, məzar qazdın sən.
Aldın qisasını yaxın dostunun,
Bəxtinə qəhrəman adı yazdın sən.
Əgər şəhid olsam vətən yolunda,
Arxamca ağlama, bacım, qardaşım.
Yoxsa ki, məzarım od tutar, yanar,
Anama deyin ki, silsin göz yaşın.
“Ay oğul, yuxuma gəldin bir axşam,
Gördüm çağırırsan məni uzaqdan:
Dedin, al, bu yerdən əmanətləri,
Gedirəm, taleyim yazılıb haqdan.
Səksəkə içində qalxdım yuxudan:
Deyəsən, Ümidim şəhid olubdu.
Ağrıyan ürəyim boyuna qurban,
Gözlərim ağlayıb, yaşla dolubdu.”
Bir ata ürəyi yanılmamışdı,
Ümid döyüşürdü nəfəs çəkmədən.
Tank üstə gedirdi düşmən içinə,
Ölümü bir an da fikirləşmədən.
Bir qarış torpaq da əzizdi ona,
Bayrağı sancmağa tələsirdi o.
Bir xain gülləsi keçdi ürəkdən,
Şəhiddi, ölməzdi, ocaq, pirdi o.
KİŞİLƏR ÖNDƏ GEDƏR
( Şəhid Fərmin Əliyevin xatirəsinə)
Kişilər öndə gedər
Yurdun ağır günündə.
Bu söz əzbər olmuşdu
Fərminim dilində.
Vətənlə nəfəs aləb
Vətənlə yol gedirdi.
Çevikdi, məğrurdu o,
Yoldaşları bilirdi.
Yarına son sözüydü:
Sən ağıllı qadınsan,
əgər mən şəhid olsam
möhkəm dayanmalısan.
Doğulacaq körpəmə
Atam adını versin.
Böyüsün, mənim kimi
O da vətəni sevsin.
Doğulmamış körpəni
Xalqa əmanət etdin.
Ön cəbhədə döyüşə
Elə arxayın getdin.
Atasına tapşırdı:
Başını dik tutarsan.
Şəhidlik uca zirvə,
O varsa, sən də varsan.
Bu arzuyla cəbhəyə
Yollandı söz sirdaşım.
Vətənin vətən oğlu,
Qürurlu vətəndaşı.
Düşməni məhv etməyə,
“Həmlə” taboru qurdu.
Ağdərədə, Talışda
Düşmənə qan uddurdu.
Poladın şəhidliyi
Ona ağırdı, yükdü.
Alnına ləkə bildi,
Qanıyla suya çəkdi.
İgidlər sırasında
Çəkilir onun adı.
Şəhidliyə uçaldı
Azərbaycan övladı.
ŞƏHİDİM
(Şəhid Elvin Məmmədovun xatirəsinə anasının dilindən)
Evimin sonbeşiyi,
Minarə boylu oğlum.
Nişanı gözü yolda,
Yarımçıq toylu oğlum.
Əsgər, hərbçi olmaq
Uşaqlıq arzun idi.
Ömrün qış görməmişdi,
Baharın, yazın idi.
Döyüşə gülə-gülə
Girib kama çatanım.
Dəmir yumruqlarıyla
Düşməni ağladanım.
Vətəni yarı bilən,
“Və” yi “tən”ə çatdıran.
Torpağa həsrətlini
Sən,vətənə çatdıran.
Səndən deyib danışır,
Döyüş, can yoldaşların.
Bir gündə şəhid oldu,
Sənlə qan yoldaşların.
Bu dünyada eviniz
Ayı-ayrı olsa da.
Cənnətdə qovuşdunuz
Bir məkana, bir ada.
Sən vətənin övladı,
Ananın Elvin oğlu.
Ad gününə hədiyyən
Mərd şəhid adı oldu.
Eyni gündə doğulub,
şəhadətə yetənim.
Xarıbülbülə dönüb
Qarabağda bitənim.
ŞƏHİD ABBASƏLİ
(Şəhid baş leytenant Abbasəli İsmayılovun xatirəsinə)
İyirmi beş yaşında
Dastana dönən şəhid.
Bir qarış torpaq üçün
Məşəl tək yanan şəhid.
Sən vətənin özüsən,
Üçrəngli bayraq, oğul.
Dostuna, qardaşına,
Hər zaman dayaq oğul.
Yolun müqəddəs məkan,
Adın adlardan uca.
Ürəyin darda idi,
Vətən xilas olunca.
Adın Abbasəlidi,
Yolun haqqın savaşı.
Həzrət Əli qılıncı
İgidimin qardaşı.
Rahat yat, vətən oğlu,
Zəfər çaldı ordumuz.
Divan tutdu düşmənə,
Xilas oldu yurdumuz.
ŞƏHİD MƏKTUBU
(Şəhid Rasim Ramazanovun xatirəsinə)
Sən hansı urəklə bir məktub yazıb,
Adını qoymuşdun “Şəhid məktubu”.
Səngərdə ölümlə üz- üzə ikən.
Alnına yazıldı şəhidlik yolu.
“Bu gecə uzun bir yola çıxıram,
Ürəyim deyir ki, qayıtmayacam.
Bilmirəm sonunda nələr olacaq,
Sən mənə ağlama, nolar, anacan.
Məni bu gün üçün böyüdənlərim,
vətənin dar günü, savaş vaxtıdır.
Alışıb yanıram bir qisas üçün,
Vaxt olar, gələrsiz azad torpağa,
Bura son məqamdır, millət, deyərsiz.
Burda igid ərlər şəhid oldular,
Ruhları şad olsun, rəhmət, deyərsiz.
ŞƏHİDLƏRİN ANASI BİR- BİRİNƏ BƏNZƏYİR
Gözlərdə müqəddəs nur
Bir-birinə bənzəyir.
Üzdə ağrılı qürur
Bir- birinə bənzəyir.
Dilindəki qəm, ağı,
Yaş qurumuş yanağı,
Qəm gülüşlü dodağı
Bir-birinə bənzəyir.
Saçının qar ağlığı,
Başda qara yaylığı,
Yara dolu sağlığı
Bir- birinə bənzəyir.
O fikirli baxışlar,
Gözlərində yağışlar,
Nur dolu qara daşlar
Bir- birinə bənzəyir
Vətənə məhəbbəti,
Gözündəki həsrəti,
Şəhidin əmanəti
Bir- birinə bənzəyir.
Qəlbindəki acısı,
Şəhid qardaş- bacısı,
Bayraq, Vətən arzusu
Bir- birinə bənzəyir.
Nakam qalmış sonası,
Boynu bükük atası,
Şəhidlərin anası
Bir- birinə bənzəyir.
Vətən deyən dilləri,
Məzar üstə gülləri,
Azad olan elləri
Bir birinə bənzəyir.
ŞƏHİD ANASI
Gözlərində öğlunun şəklini gördüm, ana,
O hələ körpə idi, hələ dil açmamışdı.
Səni “ana “ çağıran sözdən xəbəri yoxdu,
Öz evindən qırağa bir addım atmamışdı.
Qaragilə gözləri hər baxana gülürdü,
Dostunu, düşmənini tanıtmışdın ona sən.
Oyuncaq silahıyla “düşmənə “- Atəş!- deyir,
Deyirdin, dost sözünü, gəl vaxtında sına sən.
Geyindirib məktəbə yola salırdın onu.
Böyüdükcə arzular, əməllər böyüyürdü.
Üst-başı qara torpaq evinə dönən zaman
Içində vətən adlı bir təməl böyüyürdü.
Daha boyu ucalmış, boyun bərabəriydi,
Əsgər olub vətəni qorumağa getmişdi.
Düşməndən qisas almaq vətəninə sözüydü,
Qanayan yaraları sarımağa getmişdi.
Qulağın səsdə qaldı hər zəng səsi gələndə,
Bəlkə bir xəbər ola evinin çırağından.
Soruşdun dostlarından, əsgər qardaşlarından,
Sən qaldın şəhid olan bir bala sorağında.
Indi sənə baxdıqca yanır, qovrulur ürək,
Gözündəki həsrətin odu yandırır məni.
Analar şəhid olur oğul şəhid olanda,
Buküldüyü bayrağın adı qaldırır səni.
Mən qürurla baxıram ağ saça, qırış üzə,
Gözünlə “Mənim oğlum dünyaya tən” deyirsən.
Danışıram səninlə, sözlərin od püskürür,
Hər sözünün əvvəli, sonu “Vətən” deyirsən..
Hər adını çəkəndə qəlbin deyib- gülürdü.
Sən oğluna nə gözəl ad qoyub, çağırırsan.
Şəhid olub adını “ŞƏHİD ANASI” qoydu,
Bu adı gözlərində qürurla daşıyırsan.
QARABAĞI ÜRƏYİMDƏ GƏTİRMİŞƏM
Zaman çatıb, deyən kimi,
Sərkərdəmin -Qalx!-səsinə
oyanmışam, səs vermişəm.
Yetər artıq, ay qəsbkar,
ay zülmkar, bəs demişəm!
Qaniçənin yaddaşına yazılacaq,
Məzarını qazdıracaq dərs vermişəm.
Xudafərin nəfəsini Xan Arazın küləyində
Gətirmişəm, Vətən sənə!
Nifrətimi top ağzında yağdırmışam yağış kimi,
Sıldırımlar üzərində, meşəlikdə,
cəngəllikdə,
əlbəyaxa döyüşlərdə
susdurmuşam namərdləri bir daş kimi.
Bütün dünya şahid olub,
haqq uğrunda savaş kimin?
Mən haqqımı Allahımla, mələyimlə
Gətirmişəm, Vətən sənə!
Hər addımda bir kəndimi,
Hər nəfəsdə bir daşımı,
bir zirvəmi, bir bəndimi,
Hər atəşdə əl qoyduğum
Quranımı, pir andımı,
Hər ocağa bərəkəti çörəyimdə
gətirmişəm, Vətən sənə!
Otuz ilin ağrısını, acısını,
Həsrətini, sancısını
Qırx dörd gündə bitirmişəm.
Qırx dörd günün hər anında
Gözlərimi, ayağımı,
əllərimi, qollarımı,bədənimi itirmişəm.
Əvəzində...əvəzində
Bütövləşıb böyümüşəm.
Yenilməyən ordu adı, qazi adı,
əbədiyyət yollarını fəth eyləyən şəhid adı,
qalib adı qazanmışam.
Anaların, bacıların üzağlığı
Namusumu, vicdanımı,
Son borcumu qeyrətimdə
gətirmişəm, Vətən sənə!
Bir çiynimdə odlu silah,
bir çiynimdə dost yaralı,
Bir gözümdə düşmən adı,
bir gözümdə vaxt daralır,
Sal daşları əllərimlə didə-didə,
Hər anımda ölüm qoxan o yolları gedə-gedə,
Şəhidimi qucaqlayıb kürəyimdə
gətirmişəm, Vətən sənə!
Düşmənin talan etdiyi
uçuq-sökük divar olub səngərimiz,
yıxıb düşmən xəyalını yerişimiz, ləngərimiz,
içimizdə Vətən eşqi, nə olacaq əngəlimiz?
hər oğulun qisasını
yumruq kimi biləyimdə
gətirmişəm, Vətən sənə!
Məzar-məzar, şəhid-şəhid
Çoxaltmışam, qaytarmışam,
Yağı düşməndən almışam
Mən bu Vətən torpağını.
Iti qovan tək qovmuşam
Doğma yurddan şər, yağını.
Birdəfəlik bu zillətə, xəyanətə
Son qoymuşam.
Kəsmişəm ağ yollarımdan
Onun qara ayağını.
Tarıx deyə yazılacaq bu dastanı
söhbətimdə gətirmişəm, Vətən sənə!
Bayrağımı qaya üstə, dağ başında
Zirvələrdə ucaltmışam,
Azanımın gür səsini məscidlərdə,
türbələrdə ucaltmışam,
Himnimizin hürr səsini fəxarətlə, dəyanətlə,
Qürur dolu avazımla
azad olan ellərimdə ucaltmışam.
Qarabağı vətən boyda ürəyimdə
gətirmişəm, Vətən sənə!
ÖLÜMSÜZLÜK
Şəhid olmaq-bu torpağı ürəyində qucaqlamaq!
Vətən daşın xəzinətək varlığıyla ovuclamaq!
Düşmənini yox etməyə gözündə qılınc saxlamaq!
Şəhid olmaq-bir arzuya çatmaq üçün,
Min arzunun yollarını açmaq üçün,
Varlığıyla Vətən olmaq, Vətən demək, Vətən sevmək!
Kim sevəcək bu Vətəni, biz sevməsək?
Kim deyəcək düşmənlərə sözümüzü, biz deməsək?
Şəhid olmaq xəyanətə dözümsüzlük,
Şəhid olmaq-mən demədən Vətən deyib,
Sinəsini bu torpağa sipər edən bölümsüzlük!
Şəhid olmaq ölmək deyil,
Dünya boyda ölümsüzlük!
***
ZƏFƏR PAYIZ
Mən sevirəm payız səni
Vətən kimi, əsgər kimi, bayraq kimi...
müjdə verdin əsir olan torpağımdan.
Dedin, daha əsir deyil,
Dedin, daha azad olub vandallardan,
Qurtarıbdı əsgərlərim ürəyimi qandallardan.
Mən sevirəm payız səni...
əsgərimin yaşıl-sarı paltarısan,
neçə vaxtdı başsız qalan bağlarımda
əkilməmiş ağacımın dərilməmiş nubarısan...
əsgər oğul səngərində
hər an vuran ürəklərin qubarısan, qızıl payız...
Mən sevirəm payız səni..
əllərimin tumarına uzaq qalan torpaq kimi,
otuz ildi qalaq-qalaq həsrət qoxan yarpaq kimi...
isti-ilıq şüaların qoy isitsin daşa yatan, silah tutan
mərd balamın əllərindən.
Qələbənin ətri gəlir
Yarpaq-yarpaq, xəzan-xəzan çöllərindən...
Mən sevirəm payız səni...
oğlum payız, qızım payız,
möhtəşəmsən,qızıl payız...
Poladların qıy səsini,
düşmənimin məglub olan”vay” səsini
qızıl-sarı rənglərində gətirdin sən...
Şuşa dolu, laçın dolu ətirsən sən...
namərdlərin yazdığını poza-poza,
yeni tarix, yeni era, yeni əsr yaza-yaza,
tələsirəm...
mərd, mübariz oğulların addımını öpə-öpə
Qarabağın qalasına,
Cıdır düzün bağrı qara lalasına ,
Xarı bülbül havasına,
meşəsinə, dağlarına , talasına mən edirəm səfər, payız!
Qarabağdan yol çəkmişəm sinən üstə,
Bu günümlə öyünərək ad qoymuşam- ZƏFƏR- payız!
Mən sevirəm payız səni...
Gün bu gündü, vaxt bu vaxtdı!..
illərimdən il ayırdım,
Günlərindən gün ayırdım,
Güllərindən gül ayardım,
Tellərimdən tel ayırdım,
Çəkdim düşmən gələn yola çəpər, payız!
Yazdım sərhəd dirəyinə “Zəfər payız”...
Bayrağımın rənglərini həzin-həzin öpər payız!
Bilirsən ki,adın çoxdu ürəyimdə-
qızıl payız, şair payız, sevgi payız...
bu il sənə Tanrı verdi vergi, payız!
Sən yuxumu çin elədin,
Iğid-iğid oğulların od püskürən ürəyiylə,
Düşməninə silah çəkən o müqəddəs əlləriylə
Bir arzumu min elədin mərd, ər payız!
Qoy ən gözəl adın olsun qələbələr müjdəçisi,
zəfər səsli-Zəfər payız!
***
ATA VƏSİYYƏTİ, OĞUL SÖZÜ
Sən güclü dövlətimin Qalib Sərkərdəsisən!
İnandırdın özünə bu dünyanı, bizi SƏN!
Geyib əsgər paltarın yola düşdün bir səhər,
İçində həyəcan var, boğazında bir qəhər.
Gözündəki yaş nədir, Ali Baş Komandanım!
Müqəddəs Fəxri məkan, Xiyabandır ünvanın.
Gəlib Ulu Öndərin abidəsi önünə.
Baş əyib, salam verdin, dik baxdın gözlərinə.
Dodağında sevincdən doğan ilıq təbəssüm.
Qürur dolu sinəndə dilə gəlir xoş sözün:
- ATA, vəsiyyətini biz yetirdik yerinə.
Otuz ilin həsrəti yenildi qırx dörd günə.
Gətirmişəm mən sənə şanlı Zəfər xəbərin,
Almışam yağılardan yurdun vuran ürəyin!
Axı sən demiş idin, hər şeyin öz vaxtı var.
Qarabağda ordumun qurulacaq taxtı var.
Zamanla ordumuzu biz müzəffər eylədik.
Son sözü həm savaşda, həm masada söylədik.
İgid –igid oğllar dəmir yumruğa döndü.
Bir ölüb, min dirildi, düşməni oda gömdü.
Gözlərin aydın olsun, ruhun şad olsun, ATA!
Qarabağı yenidən biz qaytardıq həyata.
Vətənin dar günündə dostlar bizimlə oldu,
Nə iş gördüm, ay ATA, Sənin izinlə oldu.
Qırx dörd gündə tanındı həm doğmamız, yadımız.
Tarixə imza atdıq, yenilməzdir adımız!
Zəfər günü paradda "Qalib Bizik!"-oxuduq,
Qürurla öyünməyə səbəbimiz çoxudu.
Narahat ruhlarımız dərindən nəfəs aldı,
Şükür! Azərbaycanım Böyük Qələbə çaldı.
Əsgərlər yallı gedir doğma Cıdır düzündə,
Sevinc yaşları doğur xalqımızın üzündə.
Rahat yatsın şəhidlər, qisasları alındı,
Adlarına ürəkdə əbədi yer salındı.
Atdıq torpağımızdan qansoranı, illəti,
Qabaqda böyük işlər gözləyir bu milləti.
Oğuz yurdu, Türk yurdu Azərbaycan var olsun!
QARABAĞ AZƏRBAYCANDIR! -nidası şüar olsun!
Mənim ATAM, ÖNDƏRİM, ruhuna salam olsun!
Öyüdün, vəsiyyətin qəlbimdə qalam olsun!
Bu bir oğul sözüydü, göyərdib bitirdim mən!
Ata vəsiyyətini yerinə yetirdim mən!
GÖZÜN AYDIN,QARABAĞIM, QAYITDIQ!
Yollarından qara duman çəkildi,
Gözlərimdən həsrət yaşla töküldü,
Düzlərində Xarı bülbül əkildi,
Cəbrayıla, Füzuliyə qayıtdıq!
Gözün aydın, Qarabağım, qayıtdıq!
Bütövləşdik ürəkdə yumruq kimi,
Zamanı da çəkdik yaya ox kimi,
Xilas etdik biz səni Simurq kimi,
Gözün aydın, şəhər, kəndim, qayıtdıq!
Gözün aydın, Xocavəndim, qayıtdıq!
Koroğlu cəngisi çaldı Üzeyir,
Xan qızım da vüsal nəğməsi deyir,
Gəl Cıdır düzünə, biz edək seyr,
Gözün aydın, əziz Şuşa, qayıtdıq!
Gözün aydın, Qarabağım, qayıtdıq!
Yaralandıq, əyilmədik, sınmadıq,
Otuz ildə Qarabağı danmadıq,
Alov aldıq, kül olmadıq, yanmadıq,
Can Xocalım, biz qayıtdıq, qayıtdıq!
Gözün aydın, Qarabağım, qayıtdıq!
Üçrəngli bayrağım dağlar başında,
Çöhrəm güldü gözlərimin yaşında,
Əsgər tarix yazdı vətən daşında,
Qubadlıya, Ağdərəyə qayıtdıq.
Gözün aydın, Qarabağım, qayıtdıq!
Havalanır Xan əminin gur səsi,
Qəlb oxşayır Qarabağ şikəstəsi,
Azərbaycan gülüb ürəkdən desin,
Xankəndinə, Zəngilana qayıtdıq!
Qarabağım, gözün aydın, qayıtdıq!
Qarabağ bizimdir, nida! Qayıtdıq!
Sənsiz günə etdik vida, qayıtdıq!
Birdəfəlik gözəl yurda qayıtdıq!
Gözün aydın, Kəlbəcərim, qayıtdıq!
Qarabağım, gözün aydın, qayıtdıq!
Sarınacaq yaraların telimlə,
Arınacaq hər qarışın əlimlə,
Daranacaq bulaqların gülümlə,
Ağdam, Laçın, biz qayıtdıq, qayıtdıq!
Gözün aydın, Qarabağım, qayıtdıq!
Bu sevincin bir adı var, Qələbə!
Məğrurluğun xoş dadı var, Qələbə!
Dağ başında üç odum var, Qələbə!
Milli ruhum, azad çağım qayıtdıq!
Odlar yurdum, Qarabağım, qayıtdıq!
Gözün aydın, Qarabağım, qayıtdıq!
SƏDƏRƏKDƏN ŞUŞAYACAN
Yolum qısa, yolum uzun,
Vətəndir hər oğlum, qızım,
Mübarəkdir payız, yazım.
Qarabağdır Azərbaycan
Sədərəkdən Şuşayacan!
Günlər keçib ağır- ağır,
Illər gördüm- qulaq sağır,
Indi bizə müjdə yağır
Biz vermişik vətənə can,
Sədərəkdən Şuşayacan.
Yana- yana danışanlar
O günləri yaşayanlar,
Bu günlərə daşıyanlar,
Bax, danışır damarda qan,
Sədərəkdən Şuşayacan.
Məhərrəm ilk qəhrəmanım,
Sədərəkdə verdi canın.
Son zərbə Hikmət, Tehranın.
Vermədilər şərə aman,
Sədərəkdən Şuşayacan.
Vətən dedik, torpaq dedik,
Göyçəmdi göy yarpaq dedik,
Təbriz, İrəvan söylədik.
Gör, nə qədər verdik qurban
Sədərəkdən Şuşayacan.
Qarabağda tonqal çatdıq,
Üçrəngi göyə ucaltdıq,
Zəfər himnini yaratdıq,
Zəngəzurdan Naxçıvana,
Sədərəkdən Şuşayacan.
Təranə Arifqızı
Naxçivan radiosunun əməkdaşı