Fransanın Ermənistanı silahlandırması Rusiya və İrana birbaşa təhdiddir

A- A A+

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev çıxışı zamanı bildirdi ki, “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”.

Qalib Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanının çıxışı xalqımız və Azərbaycanın dostları üçün qürurdolu məqamları özündə ehtiva etməklə bərabər, bizi özlərinə düşmən bilənlərə və eləcə də 30 illik erməni işğalına susan dünya ictimaiyyətinə bir mesaj idi. Yəni biz yenidən müharibə istəmirik, əgər Ermənistan savaşmaq istəyirsə, təbii ki, bu onun mütləq sonu olacaq.

Amma gəl gör ki, Ermənistan hökuməti odla oynamağa davam edir. Özü də bu dəfə ən çox fransız silahları ilə. Rusiyadan ümidi üzülən, daha doğrusu böyük qardaşı Rusiyanın üzünə ağ olan kiçicik Ermənistan indi gah Hindistandan, gah da Fransadan silah dilənir. Bəs Ermənistan niyə özünü məhvə aparır? Əlbəttə ki, böyük bacısı xoruz simvollu Fransanın yağlı vədləri erməni hakimiyyətini vəcdə gətirib. Amma bu bir həqiqətdir ki, Ermənistan fransızsayağı xoruzlanmaq istəsə, bəndi ütülmüş vəziyyətdə qaynar qazanda alacaq.

Əslində uzaqgörən adamlar Qərbin, xüsusilə də Fransanın əsas niyyətinin bölgədə, ən əsası da Ermənistanda möhkəmlənmək olduğunu yaxından dərk edirlər. Belə ki, Rusiyanın varlığından narahatlığını ən yüksək tribunalardan dilə gətirən Ermənistanın Paşinyan hakimiyyəti, hətta sülhməramlılar və KTMT-dən sonra Gümrüdəki 102-ci rus hərbi bazasına da dil uzatmağa başlayıb. Hələ ki, Hindistandan gələn silahların İrandan rahat və maneəsiz təmin edildiyini görən Nikol Paşinyan komandası Qərbin əzəli düşməni İrana qarşı açıq ittihamlar irəli sürə bilmir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi teleqram kanalında maraqlı bir məlumat paylaşılıb. Belə ki, həmin məlumatda Fransanın Ermənistana silahlar və xüsusilə də çoxməqsədli zirehli döyüş maşınlarını göndərməsinə “haqq” qazandırılır. Ermənistanın Türkiyə, Rusiya, İsrail, Pakistan, Belarus və digər ölkələrin silahlı qüvvələrinin daimi təhlükəsi altında olduğu iddia edilərək müdafiə qabiliyyətini gücləndirdiyi qeyd olunur. Əlbəttə ki, Ermənistan Müdafiə Nazirliyini bu paylaşıma “cəsarətləndirən” Nikol Paşinyanın öz partiyadaşları ilə mərhələli şəkildə “Qərbə dönüş” planını müzakirə etdiyi qapalı iclasda səsləndirdiyi fikirlərdir. Paşinyan birmənalı olaraq həmin iclasda “Rusiya indi o qədər zəifləyib ki, artıq heç kimi heç nəyə görə cəzalandırmaq iqtidarında deyil” – deyə qeyd edib.

Erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Ayk Nahapetyan Paşinyanı səhv addımlar atmaqda, əsas müttəfiq Rusiyanın, strateji tərəfdaş İranın maraqlarından kənarda hərəkət etməkdə ittiham edib. Hərbi ekspert erməni mediasına açıqlamasında bildirib ki, “Paşinyan artıq Qərbi Ermənistana gətirib, bunu Rusiya və İrandan soruşmayıb”. Bütün bunların böyük itkilərlə nəticələnəcəyini deyən Nahapetyan onu da əlavə edib ki, “Paşinyan Fransanı Ermənistana audit yoxlamasına dəvət edir. Ermənistan-Rusiya müştərək hərbi əməkdaşlığında, xüsusilə də hava hücumundan müdafiə sahəsində kifayət qədər ciddi dövlət sirləri var. Hava hücumundan müdafiə vasitələri uzaq ərazilərə nəzarət edir və Ukrayna səmasında rus təyyarələri döyüşür. Fransa onu götürüb NATO-ya verə bilər və həmçinin İranın sərhədlərini araşdırıb ABŞ-yə ötürə bilər”.

Göründüyü kimi xəmiri xəyanətlə yoğrulan və hazırda Azərbaycanın tarixi torpaqlarında mövcudluğunu davam etdirən Ermənistan, indi də Rusiya və İrana xəyanət etməyə başlayıb. Hətta Ermənistanı gələcəkdə yer üzündən siləcək iddiaları ilə Azərbaycanı Qərbdəki ağalarına şikayət edən Paşinyan komandası məkrli planlar qurmaqda davam edir. Deyəsən elə 2020-ci ildən 2023-cü ilədək yaşanan proseslərdən nəticə çıxara bilməyən Ermənistan adlı dövlətin mövcudluğu sual altına düşməyə başlayıb. Ekspertlər bunu Paşinyanın qibləsini Qərbə çevirməsinin acı nəticəsi olaraq görsələr də, Cənubi Qafqazla və Ermənistanla bağlı müxtəlif proqnozlar verilir. Amma ən inandırıcı proqnoz, tarixin sınaqlarından çıxmış xəyanətin heç vaxt bağışlanmamağıdır.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: