Bütün ölkələrin tarixində böyük şəxsiyyətlərin, liderlərin rolu əvəzsizdir. Dünya durduqca yaşayacaq bu insanlar iki qrupa bölünürlər. Birincilər tarixin özünü yazaraq yaşayan insanlar, ikincilər isə tarixin yaşatdığı insanlardır. Azərbaycan xalqının tale payı olan Heydər Əliyev isə həm öz dəsti-xətti ilə tarix yazmaqla yaşayan, həm də tarixin yaşatdığı və yaşadacağı şəxsiyyətdir.
Hamı kimi doğulmuşdu, amma alın yazısı, tale-qisməti başqalarından tamamilə fərqli idi. Sadə bir ailədə dünyaya göz açmışdı. Başqaları kimi dəbdəbəli uşaqlıq dövrü də yaşamamışdı. Halal zəhmətlə dolanan bir ailənin övladı idi. Təbii ki, saflıq, təmizlik, vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik və digər müsbət keyfiyyətlər bu cür ailələrin əsas qayəsi olur. Elə Əlirza kişi də övladlarını halal zəhmətlə böyütməklə onları yaşadıqları dövrün ziyalılarına, yüksək mənsəb sahiblərinə çevirmək arzusunda idi.
Həmin ailədə illər ötdükcə Azərbaycan adlı bir məmləkətin gələcəyi üçün nur saçacaq bir vətən oğlu da böyüməkdə idi. Elə bir oğul ki, gələcəkdə bütün varlığı ilə mənsub olduğu xalqına bağlanacaq, onun azadlığı, suverenliyi, müstəqilliyi uğrunda canından, sağlamlığından keçəcəkdi. Zamanın bütün çətinliklərini, həyat yolunda qarşılaşdığı maneələri asanlıqla dəf edəcək, «Mən həmişə azərbaycanlı olduğum üçün fəxr edirəm», deyəcəkdi.
Orta məktəb illərindən xüsusi savadı, fitri istedadı ilə başqalarından fərqlənən bir şagird sən demə böyük bir xalqın xilaskarı olaraq böyüyürmüş. Şərəfli gənclik illəri, çalışdığı vəzifələr, vətənindən kənarda tutduğu mövqe artıq onun həyat amalını təyin etmişdi.
...1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməklə Azərbaycanı sürətli inkişaf yoluna çıxaran Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışı ilə 70 il sovet istismarı rejimində yaşayan və sonda azadlığı uğrunda mübarizə aparan xalqın haqq səsini dünyaya tanıtdı, xalqın əldə etdiyi müstəqilliyin qarantına çevrildi, onun daimi, əbədi olması üçün böyük işlər gördü.
Tarixi reallıqlar sübut edir ki, ulu öndərimizin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarı ilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli kimi özünü doğrultdu. İctimai, siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə diqqət yetirdi. Ulu öndər özünəməxsus dünyagörüşü, müdrikliyi, siyasi bacarığı ilə bəyan etdi ki, ölkədə siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi əsaslı prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə alırdı.
Müasir Azərbaycan tarixinin 1992-1993-cü illərdən bu günədək olan dövrü qədim dövlətimizin çoxəsrlik tarixinə bərabər bir dövrdür. Çünki əsrlərlə arzusunda olub, qovuşa bilmədiyimiz müstəqilliyimiz müasir tariximizin ən parlaq səhifələrini əks edir. Həmin dövrdə rus imperiyasının buxovundan azad olan, lakin ittihamlarla üzləşən, başına min bir bəlalar gətirilən, saysız-hesabsız şəhidlər verən xalqımıza müdrikcəsinə yol göstərən bir ağsaqqal lazım idi. Qazanılan uğurları yaşadan, itirilənlər üçün xalqa təsəlli verən bir Ata lazım idi. Elə xalqın seçimi də həmin anlarda formalaşmışdı. Məhz buna görə də, bu mütərəqqi qayıdış Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir.
O qayıdışdan sonra qısa zaman kəsiyində Azərbaycanda nələr baş verdi, bunları hər birimiz gördük, yaşadıq. İlk növbədə müstəqil Azərbaycan dövləti parçalanmaq, məhv olmaq təhlükəsindən qurtardı. Uzun illər rus imperiyasından asılı olan iqtisadiyyatımız, milli sərvətlərimiz özümüzünküləşdi. Hər bir vətəndaş müstəqil ölkədə yaşadığını hiss etdi. Və müstəqil yaşamağın tələblərinin nədən ibarət olduğunu öyrənməyə başladı. Bu yaşam tərzini də xalqın öndərinə çevrilmiş Heydər Əliyev öyrətdi.
Ölkədə labüd vətəndaş müharibəsinin və Azərbaycanı parçalamaq istəyən separatçıların qarşısı məhz ümummilli liderimizin qətiyyətli addımları sayəsində alındı. Həmin tarixi andan başlayaraq xalqda öz gücünə, müstəqilliyinin dönməzliyinə inam artdı. Heydər Əliyevin ətrafında sıx birləşən xalq artıq ruh yüksəkliyi ilə ölkənin problemlərini həll etməyə, dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin fəal iştirakçısına çevrilməyə başladı. Ölkədə dağıdıcılıq, anarxiya, xaos sosial-iqtisadi yüksəlişlə, quruculuq mərhələsi ilə əvəz olundu. İlk növbədə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu. Yürüdülən daxili və xarici siyasət nəticəsində milli müstəqillik xətti dönmədən həyata keçirildi. Hüquqi, demokratik dövlət quruculuğu, milli ordunun formalaşması, Azərbaycanın beynəlxalq aləmdə tanınması, insan azadlığı və hüquqlarının qorunmasına etibarlı təminat yaradıldı. Bu məqsədlə ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı.
Ümummilli liderin siyasi-iqtisadi konsepsiyasının ayrı-ayrı məqamlarını təhlil edərkən, ilk növbədə bəşəri əhəmiyyətli neft strategiyası üzərində dayanmaq vacibdir. Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə bağlanmış «Əsrin müqaviləsi» yalnız neft-qaz sənayesinin deyil, eyni zamanda digər sahələrin inkişafına güclü təkan verdi. Bu siyasət nəticəsində 1994-cü ildə həyata keçirilən yeni neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunmasında həlledici rol oynadı.
Beləliklə, ümummilli liderimiz Azərbaycanı ağır sosial-iqtisadi böhrandan çıxarmaq üçün böyük işlər gördü. Elə işlər ki, məhz o işlər bugünkü müstəqil Azərbaycanın dinamik inkişafına öz təsirini göstərmişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqının qədirbilən övladlarının hər biri kimi, dünyanın aparıcı dövlətlərinin rəhbərləri Azərbaycanın tərəqqisində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirlər.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tarixin onun üzərinə qoyduğu şərəfli missiyanı uğurla yerinə yetirdi. Bütün bunları görən xalq isə onu özünün ümummilli lideri səviyyəsinə yüksəltdi.
...12 dekabr 2003-cü il. Həmin gün Azərbaycan xalqı ömrünü bütövlükdə millətinə, onun xoşbəxtliyinə, firavanlığına həsr etmiş bir şəxsiyyəti itirdi. «Ömrümün qalan hissəsini də Azərbaycan xalqına həsr edəcəyəm» sözlərini əməlləri ilə sübut etdirərək millətinə xoş günlər bəxş edən əzizini itirdi xalq. İllərin ağır sınaqlarında xalqla birgə addımlayan və sonda onların ümummilli liderinə çevrilən böyük şəxsiyyəti itirdi azərbaycanlılar.
Amma Ulu öndər özündən sonra xalq üçün təsəlli ala biləcək çoxlu əməllər qoymuşdu. Bu təsəllilərdən biri ondan ibarət idi ki, Azərbaycan gənc olmasına baxmayaraq böyük Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin əlində idi. İkinci bir təsəlli isə o idi ki, vətən torpaqlarının hər qarışı böyük öndərin saldığı izlərlə dolu idi. Onun başladığı quruculuq işlərini, zirvələrə ucalmış əməllərini, ideyalarını davam etdirməkdə tapırdı xalq təsəllisini. Və bu təsəlli ilə də illərdir ki, ümummilli liderini qəlblərində yaşadan azərbaycanlılar onun əməllərini davam etdirir, qurur, yaradırlar. Bu gün Heydər Əliyevin fenomenal şəxsiyyəti hər bir azərbaycanlıya böyük örnəkdir.
Böyük şəxsiyyət Heydər Əliyev Azərbaycan yaşadıqca yaşayacaqdır. Qədirbilən xalqımız ona nurlu sabahlar bəxş edən ümummilli liderini heç vaxt unutmayacaqdır. Ulu öndərimizin şərəfli həyat yolu hər an öyrəniləcək, davam etdiriləcəkdir. Çünki Azərbaycan tarixinin o dövrə məxsus səhifələri Heydər Əliyevin dəsti-xətti ilə yazılıb.
Mətanət Məmmədova