Özünü dünyanın ağası kimi aparmağa çalışan Qərbin başçəkəni Amerika Birləşmiş Ştatları yenə də öz ampulasında. Keçmişi xəyanətlərlə və əxlaqsızlıqlarla dolu olan ABŞ bu gün də iyrənc siyasətindən əl çəkmir. Hər zaman erməni lobbisinin arzularını həyata keçirməyə cəhd edən ABŞ 30 illik erməni işğalına və separatizminə göz yumdu. Həm də erməni separatizmi kimi tarixin zibilliyinə atılmış Minsk qrupunun həmsədri ola-ola. Eyni zamanda keçmiş ATƏT-in Minsk qrupunun digər bir həmsədri-hayların böyük bacısı Fransa ilə birlikdə ABŞ-nin erməni sevgisi yenə də bitib-tükənmək bilmir.
Hər iki ölkə harada peyda olubsa orada günahsız körpələrin qanı tökülüb, insanlar aclıq, yoxsulluq və səfalətə düçar olub, öz dövlətçiliyini və milli kimliyini itirərək kölə halına salınıblar. Elə son olaraq Ukraynanı götürək. Turistlərin əvvəllər ən çox üz tutduğu ölkələrdən olan Ukrayna indi Əfqanıstan, İraq, Suriya kimi xarabalığı xatırladır. Həmin ölkələri yox olmaq təhlükəsi ilə üz-üzə qoyan da məhz Qərb və xüsusilə də Amerika Birləşmiş Ştatları olub. Əgər Rusiya-Ukrayna müharibəsi başlayanda Zelenskiyə yardım vədləri verilərək Ukraynanı savaşa məcbur edirdilərsə, bu gün artıq həmin yardımları dayandıraraq Ukraynanı itirilmiş ərazilərlə razılaşıb sülhə məcbur etməyə çalışırlar. Yəni Ukrayna get-gedə unudulur.
Torpaqlarımızı uzun onilliklər işğal altında saxlayan, Qərbi Azərbaycandan soydaşlarımızın zorla köçürülməsinə səbəb olan Ermənistan sanki Ukrayna olmaq yolunda addımlayır. Elə erməni ekspertlərin çoxu bütün baş verən prosesləri analiz edərək bu qənaətə gəliblər ki, Nikol Paşinyan özünü Volodimir Zelenski kimi aparır. Çünki, güclü dövlətlərin çətiri altında varlığını sürdürməyə çalışan Ermənistan hər zaman ona arxa-dayaq olmuş Rusiyaya xəyanət edərək, bölgədə Qərbin, xüsusilə də ABŞ və Fransanın möhkəmlənməsinə cəhd edir. Artıq Paşinyan Ermənistanı məhvə aparır desək yanılmarıq.
ABŞ və Fransanın güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilməməsi reallıqdır. Ermənistan hakimiyyəti də Qərbin “zəifləmiş Azərbaycan” arzusuna nail olması üçün dəridən-qabıqdan çıxır. Amma Paşinyanın komandası hələ də dərk etmir ki, bütün bu proseslər Ermənistanın dövlət kimi mövcudluğuna son qoyulmasından keçir. Heç bir ölkənin təzyiq dili ilə danışa bilmədiyi Azərbaycana oxşamağa çalışan Ermənistan xam xəyallara qapılmaqla özünü məhvə aparır və regionu barıt çəlləyinə çevirmək istəyir. Amma Ermənistan ən azından Ukraynanın düşdüyü vəziyyətdən dərs alaraq, ABŞ, Fransa və ümumiyyətlə Qərbin fitnəsinə uymasa, Azərbaycanın uzatdığı sülh əlini tutsa regionumuz üçün də, elə məhz erməni xalqı üçün də xoş günlər başlayar.
Həmişə böyük güclərin siyasi alətinə oyuncaq olmuş Ermənistana güya ki, “dəstək” nümayiş etdirən ABŞ Konqresi burnunu Cənubi Qafqaza soxmaqdansa, hər keçən gün daha da artan öz dövlət borcu, irqi ayrıseçkilik, polis zorakılığı, kriminal həyat tərzi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsa daha yaxşı olar. Tarixi həqiqət budur ki, postsovet məkanında, Cənubi Qafqazda baş vermiş və hələ də davam edən siyasi kataklizmlərin ən böyük səbəbkarı məhz elə ABŞ-nin özü və onun “yağlı vədləri”nə aldanmış xəmiri xəyanətlə yoğrulan Ermənistan kimi ölkələrdir.
Nəyə görə Amerika deyəndə ilk ağıla gələn məhz irqiayrıseçkilikdir? Çünki, insanlığa sığmayan hərəkətlərin hamısının mənbəyi elə Amerika, Qərbdir. Bir sözlə, ərazilərimizin işğalı, etnik təmizləmə, milli-mədəni irsimizin məhv edilməsi, sərvətlərimizin talanmasına görə də məsuliyyət daşıyanların ən başında ABŞ dayanır. Tarixin sınaqlarından həmişə üzüağ çıxan Azərbaycan xalqı da heç vaxt riyakarlığı unutmayacaq və Azərbaycana diqtə etmək istəyənlərə bundan sonra da layiq olduğu cavab veriləcək.
Nəriman Nəcəfov