Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi şanlı tarixi inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Zəngin tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 105 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Azərbaycan ədliyyəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərin real təzahürüdür. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsi və məhkəmə-hüquq sistemi mütərəqqi islahatlar aparılmaqla təkmilləşmiş, səlahiyyətləri xeyli genişlənmiş, cəmiyyətdə yeri və rolu əhəmiyyətli dərəcədə artmışdır. Prezident İlham Əliyevin gənclərə dəstəyi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsinin, bu istiqamətdə apardığı islahatların və verdiyi qərarların nəticəsi olaraq dövlət qulluqçuları arasında gənclərin sayı günbəgün artmaqdadır.
Ümummilli liderin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi bu illər ərzində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Belə ki, 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.
Dövlət başçısının təsdiq etdiyi Azərbaycan ədliyyəsinin davamlı inkişafına dair Dövlət Proqramları, 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı, 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ədliyyə və məhkəmə fəaliyyətində mühüm “yol xəritəsi” olmaqla Azərbaycan ədliyyəsinin müasir çağırışlara uyğun inkişafını təmin edib, vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılmasına, onlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, rəqəmsal innovasiyaların tətbiqinə geniş imkan yaradıb.
Azərbaycan ədliyyəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə də ordumuzla həmrəylik nümayiş etdirərək dəstək göstərib, ədliyyə işçiləri və hakimlər hərbi əməliyyatlarda fəal iştirak edib, Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.
Ədliyyə Nazirliyi tərəfindən mütərəqqi islahatlar davam etdirilərək əhaliyə elektron ədliyyə xidmətləri göstərilir, rəqəmsal innovasiyalar, mobil tətbiqlər təqdim olunur. Bu metodlar əsasında azad olunmuş ərazilərdə də səyyar qaydada ədliyyə xidmətləri təşkil edilir.
Bir sözlə, bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində fəal iştirak edir, o cümlədən əhalinin, sahibkarlıq sahəsində yoxlamaların və qüvvədən düşmüş sənədlərin reyestrlərini aparır. Vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir, penitensiar sistemə rəhbərlik edir, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmələrin və digər orqanların qərarlarının icrasını və probasiya nəzarətini təmin edir.
Nazirlik, həmçinin bələdiyyələrə metodoloji yardım göstərir və inzibati nəzarət edir, Ədliyyə Akademiyasında ədliyyə və məhkəmə işçiləri, vəkillər, bələdiyyə üzvü və qulluqçularının və digər hüquqşünasların ixtisasartırmasını, habelə peşə fəaliyyətinə buraxılışı, ölkəmizin adından hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini təmin edir və digər funksiyaları həyata keçirir.
Bütün bunlar ədliyyə orqanlarının cəmiyyətdə rolu və əhəmiyyətini göstərməklə nazirliyin çoxşaxəli fəaliyyət sahələrinin arxasında geniş həcmli konkret işlərin dayandığını göstərir.
Azərbaycan ədliyyəsinin fəaliyyəti dövlətimiz tərəfindən daim qiymətləndirilir. Dövlətimizin başçısının ədliyyə sisteminə yüksək diqqət və qayğısının təzahürü bu sahədə çalışan əməkdaşların mütəmadi qaydada təltif olunmasıdır. Bu yüksək diqqət və qayğı ölkəmizdə ədliyyə sahəsində daha böyük uğurların qazanılacağına qəti inam yaradır.
Əminik ki, xalqın yekdil dəstəyi ilə inamlı qələbə qazanmış Prezident İlham Əliyevin növbəti illərdə ölkəyə rəhbərliyi zamanı xalqımızın gələcəyinə yönələn və hərtərəfli inkişafı təmin edən islahatlar, mühüm sosial, iqtisadi infrastruktur layihələr uğurla davam etdiriləcək, müasir tariximizin daha möhtəşəm, şanlı səhifələri yazılacaq, daha yüksək zirvələr fəth ediləcəkdir.
Ədliyyə işçiləri Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin müasir inkişafına uyğun şəkildə öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, demokratik hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üçün bundan sonra da fədakarlıqla çalışmaq əzmindədirlər.
Zülfü İsmayılov
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı