Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Laçın rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin istintaq prosesi yekunlaşıb.
NUHÇIXAN xəbər verir ki, R.Rəşidlinin işinə cari ilin noyabrın 30-da Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən iclasda baxılacaq.
Qeyd edək ki, R.Rəşidli SHXÇDX-nin Laçın rayon bölməsinin çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almaqda ittiham olunub.
Faktla bağlı başlanmış cinayət işləri üzrə toplanmış sübutlar əsasında Rəşad Rəşidli Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.