Torpaqlarımızın işğalını öz “şücaətləri” kimi qələmə verən, məğlubiyyətlərinin səbəbini isə KTMT-nin üzərinə atan Ermənistan hakimiyyəti Qərbə doğru yuvarlanmaqda davam edir. “Sarsılmaz qardaşlıq” adı ilə keçirilmiş Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən ruhlanaraq KTMT-nin də “Sarsılmaz qardaşlıq” adlı təlimlər keçirmək cəhdləri məhz Ermənistanın “böyük qardaşları”na xəyanəti ucbatından baş tutmadı. Əlbəttə, gərək sözdə yox, əməldə də qardaşlıq nümunəsi göstərməyi bacarasan, məhz elə Azərbaycan və Türkiyə sarsılmaz qardaşlığı kimi.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, qısa adı ilə “Rus natosu” kimi tanınan KTMT bir vaxtlar erməni terrorçularının da ümid yeri idi. Ta ki, Azərbaycan Ordusu erməni separatçılarının təpəsinə Dəmir yumruq endirib düşmən ordusunu darmadağın edənədək. 44 günlük müharibədə, ondan sonrakı sərhəd toqquşmalarında və ən nəhayət Azərbaycanın öz suveren ərazisində keçirdiyi antiterror tədbirlərində bütün dünya, xüsusilə də KTMT üzvü olan ölkələr Azərbaycan dövlətinin haqlı savaşda qələbəsinin şahidi oldu.
Hər zaman təxribat törətdikdən sonra burnu ovulan Ermənistanın “başbilənləri” dərhal məzlum obrazına bürünərək dünyada “söz sahibi” olan bütün dövlətlərin qapısını döyür, rəhbərlərə yalvarış zəngi edir, ağlaşma quraraq “Ermənistanı Azərbaycan əsgərinin əlindən alın” deyə timsah göz yaşı tökürdülər.
Bütün bu proseslərdə, əlbəttə ki, bir məqsəd var idi - KTMT-ni münaqişə tərəfinə çevirmək. Təmkin nümayiş etdirən KTMT üzvü ölkələr də Azərbaycanın haqlı olaraq öz ərazi bütövlüyü və suverenliyi üçün erməni təxribatına adekvat cavab verdiyini “ağlaşma ayinlərinin baş erməni icraçısı” Nikol Paşinyana nə qədər başa salmağa çalışsalar da, xeyri olmadı. Elə ona görə də bu gün Paşinyanın komandası bir gözü yaşlı, bir gözü Qərbə baxaraq KTMT-dən küsdüyünü bəyan etməyə çalışırlar.
Ermənistan Qərbin “yağlı vədləri” fonunda KTMT-dən uzaqlaşır. Artıq bunu rəsmi şəkildə dilə gətirir və hətta həmin təşkilatın lazımsızlığını sübut etməyə çalışırlar. Adətən, dövlət başçılarının görüşündən əlavə, təşkilata üzv ölkələrin Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərlərinin, eləcə də Təhlükəsizlik Şuralarının katiblərinin ayrıca görüşləri keçirilir. Bu gün Belarusun paytaxtı Minsk şəhərində keçirilən KTMT iclaslarında Ermənistandan heç kimin, xüsusilə də xarici işlər naziri Ararat Mirzoyanın və müdafiə naziri Suren Papikyanın iştirak etməməsi qeyd olunanları təsdiqləyir desək yanılmarıq. Hətta Ermənistan parlamentinin spikeri Alen Simonyan da dekabrda keçiriləcək KTMT tədbirində iştirak etməyəcək.
Bir vaxtlar KTMT üzvü olmaqları ilə qürrələnən erməni “başbilənləri” bu gün artıq həmin təşkilatı məsxərə obyektinə çevirərək tənqid edirlər. Belə ki, Ermənistan müdafiə nazirliyinin rəsmi teleqram kanalında Ermənistanın KTMT-dən faktiki olaraq çıxmasının, birgə tədbirlərdə, toplantı və təlimlərdə iştirak etməməsinin həmin təşkilatın faydasızlığını daha dolğun göstərəcəyinə “inam” nümayiş olunub. Həmin məlumatda Ermənistanın KTMT-də yer almasının hələ də böyük anlaşılmazlıq olduğu və gülünc doğurduğu bildirilib.
Belə bir yaxşı Azərbaycan atalar sözü var: “İt quduranda yiyəsini də qapar”. Görünən odur ki, Ermənistanı KTMT-nin “sarsılmaz qardaşlığı”na və bir zamanlar “böyük qardaş” dediyi Rusiyaya xəyanət etməyə “cəsarətləndirən” məhz elə Qərbin diktəsi, “yağlı vədləri”dir. İndi ABŞ və Fransanın qapısında yallanan Ermənistan dildə sülhdən danışır, əməldə silah toplayır və keçmiş ağasına diş atır. Bir sözlə regionu barıt çəlləyinə çevirməyə çalışır. Amma Dəmir yumruq hələ də yerindədir!
Nəriman Nəcəfov