Qayıdışın addım səsləri - FOTOLAR
Naxçıvan mötəbər tədbirlərə ev sahibliyi edir
2022-ci il dekabrın 24-də ölkə başçısı Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə tarixi torpaqlarımıza-Qərbi Azərbaycana qayıdacağımıza əminliyini ifadə edərək demişdir: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”
Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup ziyalıları ilə görüşdə səsləndirdiyi fikirlər icmanın yol xəritəsini müəyyənləşdirib. Qayıdış Konsepsiyası hazırlanıb. Konsepsiyadan irəli gələn vəzifələrin həlli istiqamətində bu gün mühüm işlər həyata keçirilməkdədir. Konsepsiyanın əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə Naxçıvanda baş tutan “Qərbi Azərbaycana qayıdış” konqres-festival böyük tarixi əhəmiyyət daşıyır. Ölkəmizdə ilk dəfə olaraq belə bir mühüm tədbirin Naxçıvanda keçirilməsi də təsadüfi deyil. Qərbi Azərbaycandan pənah gətirənlərə qucaq açan bölgələrdən biri də məhz Naxçıvandır. Naxçıvanda 1905-1906, 1918-1921, 1948-1953 eləcə də son mərhələ olaraq 1987-1991-ci illərdə Qərbi Azərbaycandan gələnlərin ya izləri, ya özləri hazırda yaşamaqdadır. Ordubadın Yuxarı Əylis kəndində 105 ildir mövcud olan Qarabağ məhəlləsi, 1918-ci ildə Qoruqlar kəndinin məhz Zəngəzur qaçqınlarının məskunlaşması ilə yaranması, kənddə iki tarixi qəbiristanlıq, Şahbuzun kəndlərində 1948-53-cü illər deportasiyasına məruz qalmış insanların yaşaması sadəcə bir neçə tarixi faktlardır. 1988-1991-ci illərdə öz doğma ata-baba yurdlarından didərgin düşmüş Qərbi azərbaycanlılar isə muxtar respublikanın əsasən Çalxanqala, Gömür, Parağa kəndlərində məskunlaşıblar.
“Qərbi Azərbaycana qayıdış” festival-konqresin rəsmi açılış tədbirindən sonra Qərbi Azərbaycana həsr olunmuş sərgi nümayiş etdirilib. Sərgidə nümayiş olunan Naxçıvanda yaşayan Qərbi azərbaycanlılardan toplanmış zəngin maddi-mədəniyyət nümunələri-xalçalar və xalçaçılıq məmulatları, dulusçuluq və misgərlik məmulatları, milli geyimlər və bu qəbildən olan müxtəlif illərə dair toplanmış nümunələr, foto və kitablar böyük dəyərə malikdir. Festival çərçivəsində həmçinin Qərbi Azərbaycan folklor nümunələrindən ibarət konsert proqramı və kulinariyası təqdim olunub.
Qərbi Azərbaycan icmasının üzvlərini, ziyalıları, elm adamlarını bir araya gətirən festival-konqres əzəli ata-baba torpaqlarımıza sahiblik hissinin, yurd sevgisinin tükənməzliyinin, tarixi ədalət uğrunda mücadilənin nəticəsidir. Tarixi ədalətin bərpası zaman alsa da, 44 günlük Vətən müharibəsindəki Zəfərimiz və bu zəfərin fonunda yaranan reallıqlar onu göstərdi ki, biz heç zaman öz torpaqlarımızdan vaz keçmədik, yurd sevgimizi nəsillərdən-nəsillərə miras olaraq ötürdük. Mənfur ermənilər tarixi İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə mahallarındakı yer-yurd adlarımızı dəyişdirməklə, tarixi abidələri məhv etməklə illərdir izləri silməyə çalışırlar. Amma bir şeyi unudublar ki, o torpaqlarda azərbaycançılıq möhürü var, insanların tarixi yaddaşı var, ata-babalarımızın ruhu dolaşır o torpaqlarda. O izi heç cür silmək mümkün deyil. Festivalda sərgilənən nümunələr də onu göstərdi ki, bu gün məişətdə istifadə olunmayan əşyalar bir dəyər kimi qorunmaqdadır. Qərbi azərbaycanlılar aramızda yaşasalar da, ürəkləri ordadır. İllərdir, yurd sevgisini ürəklərində bəsləyiblər, qoruyublar, bir gün qayıdacaqları inamı heç zaman onların ruhunu tərk etməyib. Və bu gün artıq o inama doğru addımlamaqdadırlar. O addımın səsləri Naxçıvanda duyulmaqdadır!
Ruhiyyə Rəsulova
Naxçıvan televiziyasının baş redaktoru