Ərazi dövlətin mövcudluğunu şərtləndirən əsas amillərdəndir. Çünki, o dövlətlərin mövcudluğunun maddi bazası və yaşayış mühitidir. Dövlət hakimiyyəti müəyyən ərazinin hüdudlarında yaşayan əhaliyə şamil edilir və hər bir dövlət öz sərhədləri hüdudlarında ərazi aliliyinə malikdir. Bu, isə orada yaşayan əhali üzərində həyata keçirilən qanunvericlik, icra və məhkəmə hakimiyyətinin vahidliyi və bütövlüyü ilə izah olunur.
Dövlət öz ərazisi hüdudlarında dövlət suverenliyinin tərkib hissəsi olan ərazi aliliyini həyata keçirir. Müasir beynəlxalq hüquqda ərazi aliliyi əsasən, dövlət hakimiyyəti onun ərazisində yaşayan bütün fiziki və hüquqi şəxslər üçün ali hakimiyyətdir. Dövlət ona məxsus olan ərazidən zorakılıqla məhrum edilə bilməz, onun sərhədləri pozulmaz və toxunulmazdır. Dövlət ərazisi daxilində hər hansı birbaşa dövlətin ümumi hakimiyyəti istisna edilir, dövlətin ali hakimiyyəti qanunverici, icra və məhkəmə hakimiyyəti, inzibati sahələrdə dövlət orqanları sistemi vasitəsilə həyata keçirilir. Ayrı-ayrı hallarda dövlətin yurisdiksiyası onun ərazisinin hüdudları xaricinə şamil edilə bilər (məsələn; dəniz və hava gəmiləri) və bunların heyətləri üzərində yurisdiksiya) və ərazi suvereninin aydın ifadə edilmiş razılığı olmadan dövlətin torpaqları və təbii ehtiyatlarından başqa dövlət istifadə edə bilməz.
Dövlət öz ərazisi hüdudlarında dövlət suverenliyinin tərkib hissəsi olan ərazi aliliyini həyata keçirir. Ərazi aliliyi dövlətin öz hakimiyyəti çərçivəsində vətəndaşlıqdan asılı olmayaraq ərazisində yerləşən bütün şəxslərə və təşkilatlara münasibətdə hakimiyyətin həyata keçirilməsidir.
Ərazi aliliyi həmçinin bununla ifadə olunur ki, istənilən dövlət qanunauyğun olan bütün məcburiyyət vasitələrinin tətbiq dairəsi bir qayda olaraq dövlətin öz ərazisi ilə məhdudlaşmış olur. Heç bir dövlət özünün məcburiyyət vasitələrini əcnəbi dövlətin ərazisində tətbiq etməkdə haqlı deyildir.
Ərazi aliliyi anlayışına təbii ki, həm də dövlətin yurisdiksiyası, yəni mövcud ərazidə məhkəmə orqanlarının və inzibati orqanların bütün işlərə öz səlahiyyətləri daxilində baxmaq və qərar qəbul etmək hüquqları da daxildir. Ərazi aliliyi anlayışı yurisdiksiya anlayışından xeyli genişdir, belə ki, o, dövlət hakimiyyətinin başçılığını ifa edir. Lakin, bununla yanaşı, dövlətin tam və müstəsna hakimiyyəti onun öz ərazi ilə məhdudlaşdırıldığı halda, dövlətin yurisdiksiyası bir sıra hallarda, yəni dəniz və hava gəmiləri vasitəsilə onun ərazisi hüdudlarından kənara çıxa bilər.
Müasir beynəlxalq hüquqa əsasən heç kəs dövləti ona məxsus olan ərazidən və müvafiq olaraq təbii ehtiyatlardan zorla məhrum edə bilməz. Dövlət ərazisinin toxunulmazlığı və bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı və bütövlüyü prinsipləri bunu tələb edir. Əcnəbi dövlətlər, onların hüquqi və fiziki şəxsləri ərazi sahibkarının (suverenin) razılığı olmadan sənaye məqsədləri üçün dövlət ərazisindən, o cümlədən yer və yerin təkindən istifadə edə bilməzlər.
Qeyd etmək lazmdır ki, dövlətin bütün qanunverici, icra, inzibati və məhkəmə hakimiyyəti həm vətəndaşlara və təşkilatlara, həm əcnəbi vətəndaşlara və təşkilatlara, həm də mövcud dövlətin ərazi hüdudlarında yaşayan vətəndaşlığı olmayan şəxslərə şamil edilir. “Ərazi hansı dövlətin sərhədləri hüdudlarında yerləşirsə, ona da mənsubdur” prinsipi beynəlxalq-hüquqi münasibətlərdəki mənsubiyyəti nəzərdə tutur. Bu baxımdan, beynəlxalq-hüquqi münasibətlərin subyekti olan dövlət dedikdə, mövcud ölkənin hakimiyyəti və əhalisinin siyasi-təşkilatı başa düşülməlidir. Beynəlxalq hüququn məhz bu subyektinə onun ərazisi mənsubdur, özü də söhbət hüquqi mənsubiyyətindən gedir.
Ümumiyyətlə, dövlət ərazisi mənsubiyyətinin hüquqi xarakterini inkar etmək qeyri-mümkündür, belə ki, bu hüququn özünü inkar etmək və ərazinin mənsubiyyətini faktiki işğalla əsaslandırmaq demək olardı.
Yuxarıda qeyd olunduğu kimi, dövlət ərazisi dövlətin suveren hakimiyyətinin, ərazi aliliyinin həyata keçirildiyi məkan olmaqla yanaşı, eyni zamanda bütün komponentləriylə birlikdə dövlətə mənsub olan təbii maddi bazadır. Ərazi anlayışı beynəlxalq münasibətlərdə ən önəmli yer tutur.
Müasir beynəlxalq hüquqda ümumi xarakterli prinsiplər də mövcuddur. Onlar sadə norma yox, ali yuridik qüvvəyə malik olan normalardır. Beynəlxalq hüququn əsas prinsipləri beynəlxalq hüquq sisteminin normativ-hüquqi əsasını təşkil edir. Bu prinsiplər bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir. Dövlətlərin beynəlxalq hüquq normalarının yaradılması və həyata kecirilməsi ilə bağlı bütün qarşılıqlı münasibətləri bu prinsiplərə söykənir.
Bu prinsiplərin məzmununun inkişafında Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1975-ci il Yekun aktı əhəmiyyətli rol oynamışdır. 1973-cü il iyulun 3-də Helsinkidə Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə aparılan müşavirənin birinci mərhələsi başlamışdır. İyulun 7-nə qədər davam edən bu mərhələdə 35 dövlətin nümayəndələri iştirak etmişdir.
Ümumavropa müşavirəsinin ikinci mərhələsi 1973–1975-ci illərdə Cenevrədə olmuşdur ki, burada əsas müzakirə obyektlərindən biri sərhədlərin toxunulmazlığı məsələsi idi.
1975-ci il iyulun 19-da müşavirənin üçüncü mərhələsinin Helsinkidə keçirilməsi qərara alınmış, 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi olmuşdur. Bu dövlətlər Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə aktını imzaladılar.
Bu yekun akta görə müşavirə iştirakçıları 10 əsas prinsipi rəhbər tutmuşdur ki, bunlardan biri də dövlətlərin ərazi bütövlüyü prinsipidir. Azərbaycan Respublikası isə bu Aktı 1992-ci ildə imzalamışdır.
Azərbaycan Respublikası Konstitusiyasında göstərilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikasının ərazisinin tərkib hissəsidir.
Dövlətin quru ərazisi onun sərhədləri çərçivəsində olan bütün quru hissəsidir. Dövlət ərazisi dövlətin suveren hakimiyyətinin, ərazi aliliyinin həyata keçirildiyi məkan olmaqla yanaşı, eyni zamanda bütün komponentləriylə birlikdə dövlətə mənsub olan təbii maddi bazadır.
Dövlətin ərazisinin bütövlüyü və toxunulmazlığı dövlət təhlükəsizliyinin ən əsas xüsusiyyətlərindən biridir. Onun təmin edilməsi və müdafiəsi isə dövlətin ən ümdə funksiyasıdır. Dövlət ərazisinin özgəninkiləşdirilməsi isə yolverilməzdir.
Beynəlxalq hüquqa əsasən hər bir dövlət özünün ərazi aliliyi prinsipi təmin etmək üçün bütün vasitələrdən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının həyata keçirdiyi lokal antiterror əməliyyatına isə beynəlxalq hüquq təminat verir.
Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
şöbə rəisi, baş ədliyyə müşaviri
Prokurorluğun fəxri işçisi