Məşhur CNN kanalı internet səhifəsində Əlincəqala ilə bağlı məlumat verib - FOTOLAR
Naxçıvanın tarixi və coğrafi abidələri son illər dünya səviyyəli kütləvi informasiya vasitələrinin diqqətindədir. NUHÇIXAN xəbər verir ki, bu dəfə məşhur CNN kanalının saytında ərəb dilində qədim Əlincəqala haqqında yazı verilib. “Məğlubedilməz qala-Əlincə. Onu niyə Azərbaycanın Maçu-Pikçusu adlandırırlar?” başlıqlı yazıda qalanın tarixi və əhəmiyyəti ilə bağlı məlumat verilib. Qeyd olunub ki, 2 min illik tarixə malik olan Əlincə qalası da Perudakı inklərin şəhəri kimi çətin çıxılan yüksək dağ zirvəsində yerləşir. Cənubi Amerikadakı Maçu-Pikçudan fərqli olaraq o yaşıllıqda deyil , sərt qayalar üzərində yerləşir. Amma vaxtı ilə bu qalada insanlar yaşayıb və onun da ərazisində ağaclar, su hovuzları olub. Orta əsrlərdə bu ərazidə baş verən müharibələr zamanı yerli feodalların sığınacaq yeri olan qala bu gün öz sakitliyi və gözəlliyi ilə turistlərin diqqətini çəkir. Yazının sonunda isə hər kəsə bu gözəllikdən həzz almaq tövsiyə olunur. “Əgər siz bu zirvədəki qalaya qürub çağında çıxsanız, onda şüaları buludların arasından sıyrılıb çıxan və ətrafdakı zirvələrə siyarət edən Günəşin valehedici görüntüsünə şahid olacaqsınız”- ifadələri ilə bitən yazıda qalanın fotoları da yer alıb.