Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi noyabr ayında da diqqətdə saxlanılıb. Şərur rayonunun Ərəbyengicə, Axaməd, Qarabürc, Çəmənli, Arpaçay və Qarahəsənli kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb, 2166 daşınmaz əmlak obyekti plana alınıb. Şərur rayonunun Yuxarı Yaycı, Havuş, Gümüşlü və Şərur bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri, Naxçıvan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil olan Qaraçuq bələdiyyəsinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanıb. Bundan başqa, Babək rayonunun Şıxmahmud, Xəlilli, Yuxarı Uzunoba və Aşağı Uzunoba kəndlərinin ərazisində torpaqlardan istifadəyə və onların mühafizəsinə dair monitorinqlər aparılıb.
Ötən ay 426 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 332 texniki sənəd hazırlanıb, yeni yaranan 57 daşınmaz əmlak obyektinə ünvan verilib, Naxçıvan şəhərində daşınmaz əmlak obyektlərinin ünvanlarının dəqiqləşdirilməsi davam etdirilib.
Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 48 vətəndaşın müraciətinə baxılıb.