Dekabrın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Qış fəslində temperaturun çoxillik dəyişmələri və qış proqnozu” mövzusunda mətbuat konfransı keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın sözlərinə görə, iqlim dəyişmələri tək birbaşa təsirlə deyil, dolayı təsirlərlə də özünü büruzə verir: “Dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, minimal və maksimal temperaturlarda yüksəlmə tempi daha çoxdur. Soyuq günlərin sayı azalır, isti günlərin sayı isə artmaqda davam edir. Azərbaycanda çoxillik məlumatların təhlili göstərir ki, havanın minimal temperaturu dekabr ayında son onilliklərdə 1961-1990-cı illərlə müqayisədə 0,4 dərəcə azalıb, yanvar ayında 0,2 dərəcə artıb, fevral ayında isə 0,1 dərəcə azalıb. Dekabr ayında müşahidə olunan bu azalma yalnız bir - 2002-ci ilin hesabına olub. 2002-ci ildə orta aylıq temperatur normadan 5,6 dərəcə aşağı olaraq bütün müşahidə sırasına görə ən soyuq dekabr ayı kimi tarixə düşüb. Həmin ilin nəticəsini nəzərə almasaq, dekabr ayında ümumi tendensiya müşahidə edilir. Soyuq hava dalğalarının sayında da azalma qeydə alınır”.
Qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturunun müsbət 3,2 dərəcə norma olduğunu deyən U.Tağıyeva deyib: “Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil. Dekabr ayının birinci yarısında havanın temperaturu norma göstəriciləri ilə müqayisədə 2-3,3 dərəcə yüksək olub. Yağıntının miqdarı isə iqlim normasının cəmi 33-48 faizini təşkil edib. İlkin proqnozlara görə ayın ikinci yarısında artıq hava şəraiti əlverişsiz olacaq. Ayın birinci yarısı ilə müqayisədə havanın temperaturu aşağı enəcək, yağıntılı və küləkli günlər daha tez-tez müşahidə olunacaq. Belə ki, ayın 16-da gündüz şimal küləyinin güclənməsi nəticəsində temperatur kəskin enərək dekabrın 17-də 4-6 dərəcə təşkil edəcək. Üçüncü ongünlükdə bəzi günlərdə yağıntıların intensiv olacağı ehtimal olunur”.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.