Qış aylarında nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması diqqətdə saxlanılmalıdır

A- A A+

Hər kəsə məlumdur ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunmasında ən önəmli meyarlardan biri də onun şinlərinin normativ tələblərə uyğun olmasıdır. Yəni şinlərin protektorundakı naxışların qalmış hündürlüyü nəqliyyat vasitəsinin növündən asılı olaraq minik avtomobilləri üçün 1,6, yük avtomobilləri üçün 1, ­avtobuslar üçün 2, motosikletlər üçün isə 0,8 millimetrdən az olmamalıdır.

Protektorların ölçüsü qeyd olunan normadan aşağı olduqda təkərlə yol örtüyü arasında ilişmə əmsalı nəzərəçarpacaq dərəcədə azalır ki, bu da tormozlanmanın zəifləməsinə və nəticədə, nəqliyyat vasitəsinin sürüşməsinə səbəb olur. Ən əsası isə şinlər ölçüsünə və yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlməlidir.

Nəqliyyat vasitəsinin bir oxuna protektoru müxtəlif naxışlı şinlərin geyindirilməsi yolverilməzdir. Bütün bunlarla yanaşı, qış fəsli ilə əlaqədar olaraq sürücülər mütləq rezin şinlərdən istifadə etməlidirlər. Bu məqsədlə idarə və müəssisələrdə, avtovağzallarda sürücülər arasında, xüsusilə ümumi istifadədə olan nəqliyyat vasitələri sürücüləri arasında qış aylarında avtomobillərdə tətbiq olunan rezin şinlərin əhəmiyyəti barədə mütəmadi söhbətlər aparılır və sürücülərə zəruri məlumatlar verilir. Ona görə də hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsində rezin şinlərin istifadəsində məsuliyyətli olmalı, qarlı, buzlu hava şəraitində sürət həddini nəzarətdə saxlamalı, bir sözlə, mümkün olan bütün təhlükəsizlik tələblərinə əməl etməlidir. Eyni zamanda yağışlı, qarlı və tozlu hava şəraitində sürücünün yolu normal görə bilməsi üçün avtomobillərin qabaq şüşəsində şüşə siləcəkləri və şüşəyuyanlar nəzərdə tutulub ki, bu aqreqatlar da qeyd olunan hava şəraitində təhlükəsizlik baxımından əvəzolunmazdır. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə sürücülərə şüşə siləcəkləri və şüşəyuyanların saz vəziyyətdə olmasına həssaslıqla yanaşmaları və şüşəyuyanları donmayan maye ilə doldurmaları tövsiyə olunur.

Ayaz İSMAYILOV Naxçıvan Muxtar Respublikası  Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Təbliğat üzrə baş inspektoru,

polis baş leytenantı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: