Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar həmin ərazilərdə təbiətin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi sahəsində fəaliyyətin təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb.
Tədbirlər planında təbiətin qorunması üçün mühafizə işlərinin gücləndirilməsi, bu sahədə ekoloji təbliğat və maarifləndirmə işlərinin görülməsi, həmin coğrafi ərazilərdə təbii-iqlim xüsusiyyətlərinə uyğun ağac, kol bitkilərinin, üzüm bağlarının salınması üçün toxumla və tinglə əkin aparılması nəzərdə tutulur.
Ötən müddət ərzində bu sahədə fəaliyyət davam etdirilib. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ərazisindəki təpəliklərdə 30 hektara yaxın sahədə əraziyə xas olan ağac və kolların (yemişan, həmərsin, badamça, cəviz, badam və sair) toxum və tingləri vasitəsilə əkin işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Bundan başqa, nazirlik əməkdaşları yerli icra hakimiyyəti orqanları ilə birlikdə Ağbulaq kəndində maarifləndirici söhbətlər aparıb. Həmin ərazilərdə ətraf mühitin, təbiətin qorunması, xüsusilə tullantılarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə mühafizə reydləri təşkil edilib.
Yaşayış məntəqəsinin ərazisində kommunal xidmətlərin yüksək təşkili, yerli sakinlərin vətəndaş mövqeyi və müasir infrastruktur quruculuğu bu sahədə qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan yaradır.