Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 16-sı gündüzdən 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, havanın temperaturunun enəcəyi gözlənilir. Dekabrın 17-də maksimal hərarətin 5-7° isti təşkil edəcəyi, gündüz bəzi yerlərdə havanın arabir çiskinli olacağı proqnozlaşdırılır. Dekabrın 18-də yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Azərbaycanın bölgələrində dekabrın 17-si günün ikinci yarısından 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimal edilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək. Çaylarda sululuğun artacağı bildirilir.