Böyük inkişaf yolu keçib, özünün ən yüksək zirvəsinə çatan qədim sənət sahələrindən biri də xalçaçılıqdır. Bu gün muzeylərimizdə yaşı əsrləri ötüb keçən qədim xalçaların olması bu sənətin inkişaf dövrlərinin keçəçilik-həsirçilikdən başladığını və bu günə qədər keçdiyi tarixi yolu əks etdirir.
Bu sənətin sirlərinə dərindən yiyələnən nənələr, analar üzərində yüzlərlə milli naxışı əks etdirən ilmələrlə, rənglərlə xalçalar toxuyublar. Toxumaqla bərabər, həm də onun sirlərini gələcək nəsillərə öyrədiblər. Öyrədiblər ki, xalqımızın bu dəyərli sənət incisi unudulmasın, yaddan çıxmasın. Ayrı-ayrı bölgələr kimi, Şahbuz rayonunda da xalçaçılıq sevilən sənət sahələrindən olub, öz ətrafında onlarla nənələri, anaları, qız-gəlinləri birləşdirib. Əl əməyi, göz nuru, mehr-məhəbbətlə, qonum-qonşuyla şirin-şirin söhbətlər zamanı qadınlarımız özləri də hiss etmədən neçə-neçə xalça nümunələrində əbədiləşən bir gözəllik yaradıblar. Toxunan xalçalar həm də qızların ən əziz, ən dəyərli cehizi olub.
Kəndlərimizdə dövrümüzə qədər yaşayan xalçaçılıq sənəti ilə məşğul olan analarımızın, nənələrimizin əlinin sığalı, gözlərinin nuru ilə allı-güllü, butalı, çeşnili, xovlu, xovsuz xalçalar toxunub. Təbii ip, boya, əriş, arğac vasitəsilə yaranan el sənəti nümunəsi olan xalçalar öz keyfiyyəti ilə də əvəzolunmazdır. Bu sənət sahəsinin bu gün muxtar respublikamızda, eləcə də rayonumuzda unudulmamasının, yenidən canlandırılmasının başlıca səbəblərindən biri əlbəttə ki, milli dəyərlərə, xalq sənətkarlığına göstərilən hərtərəfli dövlət qayğısıdır.
Qədim el sənətinin biliciləri olan qadınlar xalça toxumaq üçün məşğulluq orqanları ilə müqavilələr bağlayaraq toxuculuq dəzgahları, alətləri, əriş, arğac və rəngli iplərlə təmin olunublar. Əsasən uzunluğu 1 metr 20 santimetr, eni 80 santimetr olan kiçikölçülü xalçaların milli ornamentli və Naxçıvan bölgəsinə aid naxışlarla toxunmasına diqqət yetirilir. Şahbuz rayonunda bu istiqamətdə həyata keçirilən tədbirlərdə, əsasən, Kolanı, Ağbulaq və Aşağı Qışlaq kəndlərində qədim el sənətinin biliciləri olan qadınlar daha çox iştirak edirlər. Onlar qısa zaman ərzində onlarla xalça toxuyaraq satış-sərgilərə təqdim etmişlər.
“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı xalçaçılığın yüksək səviyyədə inkişafına öz layiqli töhfəsini verib. Xalqımıza məxsus bu sənətin indiki dövrdə yaşadılması, gələcək nəsillərə çatdırılması üçün muxtar respublikamızda lazımi tədbirlərin həyata keçirilməsi sayəsində əhalinin fərdi məşğulluğu təmin edilmiş, insanların maddi-rifah halı güclənmişdir. Bu mənada kəndli qadınların boş vaxtlarında mənalı işlə məşğul olaraq qədim xalq sənətinin yeni nümunələrini yaratmaları, həm də ailə büdcəsinə köməklikləri gəlirlərinin artmasına, dolanışıqlarının yaxşılaşmasına şərait yaradıb.
2014-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli haqqı ödənilən ictimai işin təşkil edilməsində məqsəd odur ki, muxtar respublikada xalçaçılıq sənəti davam etdirilsin, yeni sənət əsərləri yaradılsın. Bu tədbir eyni zamanda işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi, onların maddi-rifah halının yaxşılaşdırılması istiqamətində atılan əhəmiyyətli addım kimi dəyərləndirilir. Çünki toxunan hər bir xalça müqabilində qadınlara əməkhaqqı verilir.
Xüsusi olaraq vurğulamaq istəyirik ki, xalqımıza məxsus bu sənətin indiki dövrdə yaşadılması, gələcək nəsillərə çatdırılması üçün muxtar respublikamızda lazımi tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, əvvəllər işlədilən hanalar primitiv üsullarla düzəldilirdi. Çox ağır olurdu. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indi xalçaçılara verilən hananı asanlıqla bir evdən digərinə aparmaq, qısa bir vaxtda söküb yenidən yığmaq mümkündür. Ona görə də xalça toxumaq üçün lazım olan yerdə hananı qurmaq olur. Bununla yanaşı, nazirlik tərəfindən hər xalçanın toxunması üçün əriş, arğac, yun ip verilir. Xalqçaçılar digər avadanlıqlarla da təchiz olunurlar.
“Oğuz səsi” qəzeti