Payızda da yazda olduğu kimi ting əkilir, bağlar salınır, yaşıllıq zolaqlarının sahəsi artırılır. Bu istiqamətdə görülən işlər Şahbuz rayonunun ümumi görünüşünə bir gözəllik bəxş edir, həm ekoloji baxımdan əvəzolunmaz bir mənbə yaradır, həm də meyvəçiliyin inkişaf etdirilməsi məqsədilə qəbul olunmuş Dövlət Proqramlarının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edir. Ağac əkmək həm də xeyirxah bir işdir. Ona görə də rayon zəhmətkeşləri mövsüm ərzində bu işi böyük həvəslə yerinə yetirirlər.
Son illər rayonumuzda salınan bağlar, yaşıllıq zolaqları, gülkarlıqlar yurd yerimizi gözəlliklər diyarına çevirib. İllər öncə laqeydlik nəticəsində yaşıllıqları günbəgün azalan, səliqə-sahmanı pozulan rayonumuz bu gün, sözün əsl mənasında, göz oxşayır, bağlar diyarı kimi sevilir.
Əkilənlərə vaxtlı-vaxtında qulluq edilməsi tinglərin yaxşı inkişafına və bol bar yetirməsinə səbəb olub. Nəticədə həmin ağacların barvermə vaxtı çatanda rayon sakinlərinin alma, armud, heyva, badam, fındıq, ərik, tut, alça, gilənar və sair kimi meyvələrə olan tələbatları yerli məhsulların istehsalı hesabına ödənilir. Bütün bunlar onu göstərir ki, təbiət də insan kimi qayğı sevir. Qayğısını rayonumuzun təbiətindən əsirgəməyən şahbuzlular yenə də elliklə iməciliyə çıxdılar. Əsasən təmizləyici qurğunun ətrafında 0,3 hektar sahəyə 290 müxtəlif meyvə tingi, Sələsüz kəndi ərazisində 0,3 hektar sahədə 400 üzüm kolu əkməklə yeni bağ saldılar. Həmçinin, 0,1 hektar sahədə isə bərpa məqsədilə 80-ə yaxın müxtəlif meyvə tingi əkilib.
“Oğuz səsi” qəzeti